Sizin reklam burada

Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i?

Title

Bu qeyri-müəyyənlikdən ən çox əziyyət çəkən sahələrdən biri də futboldu
Bildiyiniz kimi, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin müddəti artıq 4 ayı ötməkdə, 5-ci aya qədəm qoymaqdadı. Avqustun 5-də sərt karantin rejiminin müddəti bitir. Hökumətdə, mediada, ictimaiyyət arasında gedən müzakirələrdən belə aydın olur ki, sərt karantin rejiminin vaxtının uzadılıb-uzadılmayacağı ilə bağlı vahid fikir yoxdu. Sanki rəsmilər daha bir neçə gün koronavirusa yoluxanlarla sağalanların nisbətindəki dinamikanı izləmək, yalnız bundan sonra qərar vermək fikrindədi. Onu da etiraf etmək lazımdı ki. get-gedə sərt karantin rejiminə etirazını bildirənlərin sayı artır. İsti yay günlərində paytaxtı tərk etməyə, çimərliklərə baş çəkməyə qoyulan qadağalar istər-istəməz adamların mənəvi-psixoloji durumunu korlayır, stress və əsəb gərginliyi hər ötən gün daha artıq dərədəcə hər birimizin sağlıq durumuna təsir göstərir. Ölkəmizdə koronavirusla mübarizə hər nə qədər uğurlu başlamışdısa, sonradan atılan addımlarda, verilən qərarlarda məntiqi ardıcıllığın olmaması, konkret sağlamlıqla bağlı məsələlərə hökumət rəsmiləri səviyyəsində sərgilənən fərqli yanaşmalar gətirib ona çıxardı ki, bu gün qonşu Gürcüstan addım-addım əvvəlki həyata döndüyü halda, Azərbaycanda proseslərin hara yönələcəyi, tunelin sonunda işıq görünüb-görünmədiyi bilinmir. Gerçəklik budu ki, Operativ Qərargahın hər gün açıqladığı rəqəmlər nikbinkik vəd etmir, əksinə, avqustun 5-dən sonra şərtlərin yumşaldılmaq perspektivi ilə bağlı müzakirələri bir qədər də qəlizləşdirir.
Təəssüf ki, bu qeyri-müəyyənlikdən ən çox əziyyət çəkən sahələrdən biri də futboldu. Ölkə klubları indi bir bölgəyə toplaşıb, yeni mövsümün başlayacağı vaxtı bilmədən müəyyən hazırlıq planı əsasında çalışmaqdadılar. Mütəxəssislər bilir ki, yeni mövsümə hazırlıq baxımından hər günün dəyəri var. Təxminən 10 gün əvvəl PFL rəsmiləri mətbuata yeni mövsümün avqustun 14-də start götürəcəyinə dair xəbər sızdırmışdı. Amma indi belə görünür ki, start məsələsində də hər şey avqustun 5-də bitəcək sərt karantin rejiminin uzadılıb-uzadılmayacağından asılıdı. Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev isə dünən qol.az saytına açıqlamasında Azərbaycan premyer-liqasında 2020/21 mövsümünün avqustda başlayacağını bildirib. Onun sözlərinə görə, çempionatın startı ilə bağlı gələn ay üçün müxtəlif tarixlər müzakirə olunur: "İşçi Qrup bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə bağlı verəcəyi yeni qərardan asılıdı. Hər gün statistikada dəyişiklik olur. Ona görə də İşçi Qrup bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.
Şahgəldiyev "mövsümün startı ən pis halda nə vaxta qədər uzana bilər” sualını isə belə cavablayıb: "Biz pis tərəfini düşünmürük. Bizim düşündüyümüz yalnız odu ki, çempionat avqustda başlasın”.
ORXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.