Sizin reklam burada

Həm martda, həm də iyulda doğulan Əsgər...

Baxış Sayı:403


Replikavari
Ən yeni qaynaqlara inansaq, iyulun 27-də Əsgər Abdullayev 60 yaşını tamamladı. Azərbaycan futbolunun keçmişində və bugünündə xüsusi yeri olan adamı biz də təbrik etdik, doğum günü müsahibəsi də aldıq. Amma...
Yaşlı futbol azarkeşləri xatırlayar, SSRİ vaxtı hər mövsüm ərəfəsində soraq-məlumat kitabçaları hazırlanardı. Həmin kitabçaların bir özəlliyi də komandaların, Azərbaycanın nümunəsində “Neftçi”nin oyunçularının təqdimatı idi. Mən də maraqla oxuyar, sevimli futbolçuların doğum tarixini, harda futbola başladığını yadda saxlamağa çalışırdım. Təbii, o uşaq yaddaşı gedib, indi bəzən adam dünən nə yediyini belə xatırlaya bilmir. Hər halda, elə adamlar olur ki, onların doğum tarixini yaddan çıxarmamağa, yaddaşının bir küncünə mismarlamağa çalışırsan. Mənim üçün Əsgər Abdullayev belələrindən idi və bunun da özəl səbəbləri var. Sirr deyil ki, “Neftçi”nin əsasən yad millətlərin nümayəndələrindən qurulan müdafiə xəttində bir yerli “gözmuncuğu” da var idi. Hər oyunda komandasının uğur qazanması üçün əlindən gələni edən, fərdi oynadığı rəqib hücumçulara göz verən, amma işıq verməyən, Pəhləvanidi kimi usta futbolçunu “heç olmasa, su içəndə yanımdan çəkil” deməyə məcbur edən Əsgər Abdullayev... Onun futbolçu və məşqçi keyfiyyətlərindən çox danışa, məşhur “sürüşmə” fəndini, hətta SSRİ çempionatının güclülər dəstəsində səfərdə “Jalgiris”ə vurduğu yeganə qolun təəssüratını, Ozerovun məşhur ifadəsini də xatırlada bilərəm. Hər halda, SSRİ çempionatının güclülər və 1-ci dəstəsində, ölkə kubokunda 350-ə yaxın oyun keçirmək, 10 ildən artıq müddətdə sabit oyun göstərmək adi nəticə deyil. Yavaşca keçək bunun üzərindən, çünki əsas istəyimiz Abdullayevin futbolçu portetini cızmaq deyil. Portret yazısına girişsək, gərək məşqçi keyfiyyətlərinə də toxunaq, ötən əsrin 90-cı illərinin sonunda yığmada birgə çalışdığı Vaqif Sadıqovun kölgəsindən qurtularaq Azərbaycan futbolunun ən çətin anlarında çiynini məsuliyyətin altına verməsini, ən müxtəlif süni əngəllərlə qarşılaşan Fuad Musayevi mübarizə meydanında tək qoymadığını qabardaq, U-21 ilə rekord sayda xal toplamasını, “Olimpik”i ultrapraqmatik oyun üslubu ilə 2008-də çempionluğun astanasına daşımasını və bir çox başqa məqamları yada salaq. Bütün bu məqamları sadalamaqda məqsədim odu ku, Əsgər bəy Azərbaycan futbolunun dünənində və bugünündə xüsusi yeri, çəkisi olan adamdı. Onu bu gün bacarığını “kiçik torpaq”da, uzaq Naxçıvanda göstərməyə, faktiki qürbət həyatı ilə barışmağa məcbur edən, futbol tənhalığına sürükləyən səbəblər nədi – düzü, bu mövzunu da yaxşı bilmirəm. Təbii ki, əsas səbəb komanda sayı azalan ölkənin futbol elutasında Abdullayevə yer tapılmamasıdı. Bütün başqa detallar isə bundan sonra gəlir. Xatırlamayaq, üstündən keçək deyə-deyə, az qala adamın bütün bioqrafisini göz önünə sərdik. Amma məni düşündürən məqam odu ki, bu çapda bir futbol adamının uzun illər ərzində bütün qaynaqlarda dünyaya martın 27-də gəldiyi yazılsa da, günlərin birində doğum tarixi heç nə olmayıbmış kimi dəyişir. Qulaq günahkarıyam, amma deyilənə görə, sovet futbolunda doğum tarixini bu şəkildə 3-4 ay irəli çəkməyin hansısa faydası olub. Yəni futbola qədəm qoyan şəxsi hədəflərinə yaxınlaşdırmaq baxımından özünəməxsus maxinasiya metodu imiş. Təbii ki, belə hallarda səbəbkarın doğum tarixinin “oynadılmasından” xəbərsiz olması mümkün deyil. Çox güman, bu yola əl atan bütün başqa futbolçular kimi, Əsgər bəy də məsələdən xəbərdar olub. SSRİ vaxtında doğum tarixinin martın 27-si kimi göstərilməsində maraqlı imiş, ona görə də səsini çıxarmayıb, müstəqillik dönəmidi, deməli, martın, yoxsa iyulun 27-də dünyaya gəlməyin heç bir mənası qalmayıb – xüsusən də 60 yaşa çatan adam üçün -, odu ki, gerçək ad gününə dönməyə, qeyd etməyə, yaşını təmizliyə qovuşdurmağa dəyər. Oyunuz olsun, SSRİ uşaqları! Siz nələr görmüsüz, nələr!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR