Sizin reklam burada

Qəbələdə inqilab planları cızılır?

Title
Yəqin istənilən başqa ölkədə belə durumda idman mediası bu üstünlükdən faydalanar, bir rayonun ərazisində məskən salan komandaların düşərgəsindən xəbərlər, reportajlar ilə oxucunu ayaqda saxlayar, futbol ehtiraslarını qaynama həddinə çatdırardı. Məchulluqla zəngin bu cümlədən söhbətin Azərbaycandan, 8 komandanın Qəbələyə yığışmasından, jurnalistlərdən getdiyini anlamaq üçün adamdan xüsusi məntiqi bacarıq tələb olunmur. İş elə gətirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xeyir-duası və razılığı ilə komandalar Qəbələyə yollanıb, daha doğrusu, bu qurum onlara yığışmaq icazəsi verib və sözün bütün mənalarında sərfəli olduğuna görə adı çəkilən rayonu seçiblər.
Seçiblər, yaxşı ediblər, bununla işim yox. Sadəcə, prosesin maraqlı, qaranlıq görünən, heç nə ilə əsaslandırılması mümkün olmayan tərəfləri var. Qəbələyə yollanan klublar qəfil səssizliyə qərq olub. Məsələn, yoxlama oyunu keçirirlər, oyun bitəndən dərhal sonra, sonrakı gün, iki gün sonra saytlarına boylanırsan ki, bəlkə nəsə yazacaqlar, heyəti qoyacaqlar, foto və ya videoreportaj olacaq. Gözümüzün kökü saralır, amma klub səhifələrindəki lal sükut pozulmur ki pozulmur. Bu sükutla biz jurnalistləri yanlarında görmək istəyirlərsə, lap yaxşı, gedərik, mesaj alınmışdır! Ancaq bildiyimə görə, belə deyil axı. Klublar rəhbərlik, ya da bəlkə mətbuat katibləri səviyyəsində Operativ Qərargahın “çox səs-küy salmayın” mesajını yanlış anlayıblar. Və belə hesab edirlər ki, gündəlik fəaliyyətlə bağlı azarkeşləri, jurnalistləri, kəsəsi, toplumu bilgiləndirməyə ehtiyac yoxdu. Səhv yoldu, ay qardaşlar, Operativ Qərargah buna görə sizi asıb-kəsməyəcək.
Hamı futbolun əlahiddə sahə olduğunu, Azərbaycan komandalarının artıq gələn ay qitə kuboklarında oynayacağını bilir. Məhz bu səbəbdən bütün ölkə hökumətin üstünə düşmüşdü ki, klublara icazə verin, qoy normal toplanış, yoxlama oyunları keçirsinlər, avropalılar bəlli dönəmlərdə olduğu kimi qapımızı aşsüzənə döndərməsinlər. Sağ olsun hökumət, bir az gec də olsa, icazə verdi. Amma klublar elə anladı ki, bu icazədən səssizliyə qərq olmaq vasitəsi kimi yararlanmaq lazımdı, özümüzü verək dağlar qoynuna, bala-bala hazırlaşaq. Vallah, durumu anlatmaq üçün oxucu ilə detalları bölüşmək, səmimi şəkildə ünsiyyət qurmaq istəyirəm. Bununla yanaşı, məni həm gülmək tutur, həm də ağlamaq. Axı belə hədsiz ehtiyatlı olmaqla, informasiyasızlıq mühiti ilə nəyə çalışırıq, nəyi gizlədirik və ya kimləri aldatmağa çalışırıq? Əcnəbiləri nəzərdə tuturlarsa, indi hər kəs öz hayındadı, bizimkilərin yoldaşlıq oyunları heç kimin vecinə deyil. Hər kəs çiyninin üzərində baş gəzdirir və anlayır ki, pandemiya dövründə qitə futbolu tam yeni libasa bürünəcək, cütün taleyinin bir, özü də azarkeşsiz oyunda həll olunması mübarizənin məzmununu dəyişəcək, artıq ilk oyunda səhvləri görüb, cavab görüşündə onları aradan qaldırmaq imkanından məhrumuq, azarkeş olmayacaq deyə, “doğma divarlar” amili əhəmiyyətini itirəcək və s. və i.a. Yox, bizim klublar avrokubokların yeni reallığını ictimaiyyətdən gizlənmək kimi anlayıblarsa, nəsə deyə bilmərəm. Amma istənilən qərarın bir mənası, yozumu olmalı deyilmi?
Hazırda ölkə futbolunda inqilabərəfəsi durum, ikitirəlik olsaydı, AFFA və PFL-in idarəçiliyindən narazı qüvvələr klublar ətrafında birləşsəydi, şəxsən mən belə düşünərdim ki, Qəbələdə yeni futbol çevrilişinin planları cızılır, konspirologiya, məxfilik mühiti üçün elə Bakının 220 kilometrliyində yerləşən bölgə münasibdi. Amma klubların əksərinin maliyyələşməsinə AFFA bu və ya başqa şəkildə töhfə verirsə, hansı inqilabdan, hansı məxfilikdən söhbət gedə bilər? Odu ki, klub saytlarında çalışan həmkarlara üz tuturam. Qurtarın bu komediyanı, biz cəhənnəmə, birtəhər çıxış yolu tapırıq, heç olmasa, azarkeşlərinizi, onların maraqlarını düşünün və qapıları açın. Qoy gün işığı üzərinizə düşsün, fəaliyyətinizi ölkə görsün! Sən Allah, inqilab yeridi?!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.