Firuz Abdulla: “Bu şəxslər artıq təkliflər planı hazırlayıblar”
Xəbər verdiyimiz kimi, AFFA premyer-liqanın 2020/21 mövsümünün keçirilməsi üçün İşçi Qrup yaradıb. Amma bu günə kimi qurumun tərkibində kimlərin yer aldığı və fəaliyyətə başlayıb-başlamadığı haqda informasiya yoxdu. Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: “İşçi Qrupda yer alanlar tanıdığımız simalardı: AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadə, asosiasiyanın baş həkimi Vyaçeslav Xomenko və PFL-nin Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov yer alıb. Bu şəxslər artıq təkliflər planı hazırlayıblar. Federasiya daxilində işlər gedir. Bildiyiniz kimi, ölkədə koronavirus pandemiyası səbəbindən karantin rejimidi. Bu səbəbdən də İşçi Qrupun fəaliyyəti ilə bağlı ictimaiyyətə hələ ki heç bir məlumat verilmir. Lakin qrupda yer alan şəxslər çempionatın keçirilməsi üçün hazırlıq işləri görürlər”.
İLKİN SULTANLI