Sizin reklam burada

Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub

Title

Ramil Adıgözəlov: “Balayev özü ABŞ-a yollanmaqda maraqlı idi”
Azərbaycanlı futbolçular ölkə xaricində top qovmamalarının səbəbi kimi hər imkanda agentlərin səriştəsizliyini göstərirlər. Ki, bunlar yaxşı oynayır, amma əllərindən tutub Avropaya aparan yoxdu. Halbuki indiyə qədər Vaqif Cavadovdan tutmuş Kamran Ağayevə, Mahir Şükürovdan tutmuş Ruslan Qurbanova, Elnur Cəfərova, nə bilim, Budaq Nəsirova qədər çoxlarına xaricdə top dalınca qaçmaq qismət olub. Lakin heç biri duruş gətirə bilməyib. Yəni dərd agentlərin zəifliyi deyil.
Agent demişkən, sən demə, azərbaycanlı menecerlərdən biri də Moldovada yaşayır. Rusiya, Türkiyə, hətta Azərbaycanla da əlaqələri olan bu şəxs Ramil Adıgözəlovdu. Atası qarabağlı olan Ramil 90-cı illərin əvvəllərində valideynləri ilə birgə Moldovaya köçüb və elə o vaxtdan orda yaşayır. Universititetin turizm fakültəsini bitirən, sonradan bu sahədə çalışan həmyerlimizin futbola gəlişi isə gözlənilməz olub. Mark Ryut adlı rusiyalı futbolçunun Moldova “Olimpiya”sına keçidinə kömək edib və o vaxtdan vasitəçilik həvəsi yaranıb.
Ramil Rusiyada çalışan Anar İbrahimov adlı həmkarımıza geniş müsahibə verib. Bir çox məqamlardan, İtaliyada başına gələnlərdən, Andrey Çernışevlə işbirliyindən, Rusiya klublarının Nuri Şahindən imtinasından, qısası, şox şeydən danışıb.
İki azərbaycanlının söhbətində Azərbaycan futbolundan və azərbaycanlı futbolçulardan söz düşməməsi mümkünsüz olardı. Ramil ad çəkməsə də, bir azərbaycalı oyunçunun Maldiv adalarında top qovacağını deyib, Mahir Əmrəli mövzusunda bilmədiklərimizi dilə gətirib.
- İndicə ekzotik transferim yadıma düşdü. Yaxınlarda azərbaycanlı futbolçunun Maldiv adalarının təmsilçisi ilə müqavilə bağlamasına vasitəçilik etmişəm.
- Adı nədi?
- Hələ ki ad çəkə bilməyəcəm.
- Neçə yaşı var?
- 25.
- Maaşı?
- Maaşı haqda da məlumat verməyim doğru olmaz. Amma orda bonuslar var. Onu deyim ki, Azərbaycanın ortabab komandalarının verdiklərindən çoxdu. Öz aramızdı, Maldiv adalarında yaşamaq da ucuz başa gəlmir axı.
- Maldiv adalarının klub rəsmiləri sənə hardan çıxdılar?
- Maldivdə dincələndə çempionat oyununa getmişdim. Orda futbol adamları ilə tanış olmuşdum. Bax, beləcə.
- Başqa hansı azərbaycanlı futbolçularla işbirliyində olmusan?
- İlyarım əvvəl Avropadan olan həmkarlarım mənimlə əlaqə saxlayıb, Azərbaycana uçmağı və Mahir Əmrəli mövzusunda danışıq aparmağı xahiş etmişdilər. AFFA-nın köməyi sayəsində futbolçunun agenti ilə əlaqə saxlaya bildim. Zəngləşdik, şərtlərdən danışdıq. Yeri gəlmişkən, Mahirin iki agenti var. Danışıqlar zamanı da Əmrəlinin özü iştirak etmədi. Açığı, Mahir barədə bir şey anlaya bilmədim, ondan sonra maraq öldü. Düzü, onun nə vaxtsa Azərbaycanı tərk edəcəyinə inanmıram. Artıq 23 yaşı var, yaxşı çempionata yollanmaq üçün bir ili qalıb. Yaxşı futbolçudu, xaricə yollanmalıdı.
- İndiyə qədər Mahiri istəyən klublar olub?
- Həmin vaxt Avstriya “Rapid”i maraqlanırdı. Həmçinin Polşadan “Levski” rəsmiləri birbaşa mənimlə əlaqə saxlamışdılar. Amma... Agentinin sitatını olduğu kimi deyirəm: “Qarabağ”dan “Levski”yə keçmək – bu, biabırçılıq olar”. Hə, yadıma düşdü, “Ferentsvaroş”dan da təklif var idi.
- Sən mənə MLS-dən olan təkliflərdən danışmışdın. Məgər amerikalılar Azərbaycan çempionatını izləyir? Bir də ki, Mahir türklərə maraqlıdı?
- Amerikalılar konkret Azərbaycan çempionatını izləmirlər. Onlar əsasən yığmaların oyunlarına baxırlar. Əmrəli millidə özünü yaxşı tərəfdən göstərmişdi. Üstəlik Mahirin Çempionlar Liqası və Avroliqa təcrübəsi var. Türklər? Amsterdamda forum keçirilirdi, həmin mərasimdə “Fənərbaxça” və “Beşiktaş” rəsmiləri ilə söhbətim olmuşdu. Onlar Mahir Əmrəlini yaxşı tanıyır. Adı “şort-list”dədi (qısa siyahı), ondan artıq yox. Belə başa düşdüm ki, türklər hətta Azərbaycanın top-klubundan belə, futbolçu almağa risk etmirlər. Elə bir futbolçu lazımdı ki, həmin pəncərəni sındırsın.
- Yaxşı, MLS-dən hansı klublar maraqlanırdı?
- Adları çəkim? “Çikaqo”, “Kolambus”, “Orlando”, “Nyu-York Red Bulls”, “Neşvill”, “San-Xose”, “Los-Anceles”... Hər biri birbaşa transferdə maraqlı idi. Pandemiyaya qədər mandat aldıq. Pandemiyadan sonra isə vəziyyət gərginləşdi, çünki danışıq aparmaq mümkünsüzə çevrilmişdi, sabah nə olacağını heç kim bilmirdi. Təsəvvür edin, adi suallara konkret cavab ala bilmirdik. Halbuki Mahir özü ABŞ-a yollanmaqda maraqlı idi. O axmaq deyil, bir neçə dildə danışır, o cümlədən ingiliscə. Ona həmçinin Qərbi Avropa da maraqlıdı.
- Azərbaycandakı agentləri necə, Mahirin xarici kluba keçidində maraqlıdı?
- Açığı, onlar da maraqlıdılar. Amma başqa insanlar ona kömək etmədilər. Subyektiv fikrimdi: xaricə yollanmaq üçün ən yaxşı vaxtlar geridə qaldı. Çempionlar Liqasının qrupunda oynayandan sonra getməliydi. 21 yaşı var idi onda.
- Mahir məsələsində sənin rolun nədi?
- Mən vasitəçiyəm. Sadəcə, öz həmkarımı təmsil edirdim.
- Danışıqları birbaşa özün niyə aparmırdın?
- Düşündüm ki, bir azərbaycanlı kimi kənarda dayanmağım məsləhətdi.
- Maraqlı mövqeyin var...
- Mən orda qeyri-peşəkarlıq görürəm. AFFA-da rəsmi şəkildə üç agent qeydiyyatdan keçib. Və ən maraqlısı onlardan heç birinin Azərbaycanın daxili bazarında işləməməsidi. Hələ əcnəbilər də var. Təsəvvür edin, futbolçunun agenti yoxdu və sən əlindəki təkliflə mandat üçün gəlirsən. Ancaq sənə onu vermirlər. Hətta təklif göndərən klubun rəsmi sənədi ilə də müraciət etsən, yenə mandat verilmir. İş ciddiyə çatanda futbolçunun qohumları, başqa agentlər və vaxtilə ona məşqçilik etmiş şəxslər çıxır ortaya. Və sənin başının üstündən həmin kluba çıxmaq istəyirlər. Ona görə də bu kimi işlər yoluna qoyulmalıdı.
- Düzünü de, marağın pul qazanmaqdı, yoxsa gənc azərbaycanlıların ölkə xaricinə yollanmasına kömək etmək?
- Robin Qud kimi görünmək istəmirəm. Bir şeyi bilirəm, heç bir agent gənc azərbaycanlının keçidindən yaxşı pul qazana bilməz. Əsas istəyim gənc azərbaycanlıların legioner həyatı yaşayıb özlərini göstərmələridi. “Azərbaycandan yaxşı futbolçu çıxmır” mifini dağıtmaq lazımdı.
- Yeri gəlmişkən, Emil Balayevin MLS məsələsi nə idi elə?
- Balayev özü ABŞ-a yollanmaqda maraqlı idi. Amerika ona çox maraqlı gəlir. Açığı, onunla Belçika və Polşa klubları maraqlanırdı. Hətta bir həmkarımla Emilin mandatını da almışdıq. Di gəl ki... Yenə pul məsələsi! Balayevin Qazaxıstanda və “Qarabağ”da aldığı pulları Avropada heç kim ona verməyəcək. Bilirəm, səviyyəsi ilə istənilən çempionatda oynaya bilər. Amma avropalıların təklif etdiyi pulla Azərbaycanla Qazaxıstanda verilən maaş arasında az qala ikiqat fərq var.
- Balayev ABŞ-a istəyirdi. Heç olmasa, MLS-də onu gözləyən vardı?
- Qulağıma bəzi sözlər çatmışdı. Ancaq onun keçidi üçün başqa bir azərbaycanlı agent çalışırdı, mən yox.
- Dediklərinlə Azərbaycan futbolunu məhv edirsən.
- Deməzdim. AFFA-nın gördüyü işləri qeyd etmək lazımdı. Onlar çox yaxşı işləyirlər. Azərbaycan futbolu əvvəlki illərə nisbətən xeyli təmizlənib. Artıq premyer-liqada danışılmış, yekun nəticəsi razılaşdırılmış oyunlar yoxdu. Birinci divizionda ola bilər. Ancaq yenə də əvvəlki qədər deyil. Bunu Moldovada da etmək lazımdı. Oyunların 80 faizi danışılmış olur. AFFA-nın yığma üçün etdikləri də alqışlanmalıdı. “Milliləşdirmə” siyasəti, xaricdəki azərbaycanlıların cəlb olunması və s. Dadaşov nümunəsi bəs edir. İndi də Dortmund “Borussiya”sında 15 yaşlı azərbaycanlının dalınca düşüblər. Lakin o uşaq Azərbaycan millisində oynamaq istəmədiyini deyir.
- Sən özün hansını seçərdin: Moldova, yoxsa Azərbaycan yığmasını?
- Təbii ki, Azərbaycanı. Mən azərbaycanlıyam, vətənimi sevirəm.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.