Azər Bağırov: “Gələcəklə bağlı müəyyən planlarım var ki, onları nəzərə alıb bu addımı atdıq”
İyulun 20-də Qəbələdə bir araya gələrək təlim-məşq toplanışına start verən eyniadlı klubda gözlənilməz ayrılıq olub. Belə ki, baş məşqçinin köməkçisi Azər Bağırov “qırmızı-qaralar”ın düşərgəsindən ayrılıb. Xatırladaq ki, PRO kateqoriyalı çalışdırıcı ötən mövsüm birinci divizionda çıxış edən “Turan Tovuz”un baş məşqçisi postundan ayrılaraq, elita təmsilçisində köməkçi-məşqçi kimi çalışmağa üstünlük vermişdi.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov isə mətbuata açıqlamasında köməkçi-məşqçinin düşərgədən ayrılmasına belə münasibət bildirib: “Bu qərarın verilməsində təəccüblü heç nə yoxdu, Azər Bağırovun müqaviləsinin müddəti başa çatmışdı. Onunla mövsümün sonuna kimni anlaşmışdıq. Məşqçi korpusunu Elmar Baxşıyev müəyyənləşdirir. Yəqin ki, o da bir yenilik etmək istəyib. Yəni burda qeyri-adi heç nə yoxdu, məşqçilər korpusu bəzən dəyişə bilər. Yəqin ki, baş məşqçi belə məsləhət görüb. Hələlik Baxşıyevlə yeni köməkçi haqda söhbətimiz olmayıb. O, kiminlə işləyəcəyini yalnız özü müəyyənləşdirə bilər. Söhbət PRO-dan getmir. Baxşıyevin A kateqoriyası var. Bu kateqoriya ilə komandanı baş məşqçi kimi ölkədaxili yarışlarda meydana çıxarmasında problem yoxdu. Yalnız avrokuboklara gedəndə baş məşqçidən PRO tələb olunur”.
Heç şübhəsiz, Bağırovun bölgə təmsilçisindən ayrılmasının arxasında mətbuata sızmayan səbəb və ya səbəblər durur. Bizə çatan məlumata görə, Bağırovun bəzən texniki zonada özünü baş məşqçi kimi aparması, Baxşıyevin başının üstündən futbolçulara tapşırıq verməsi “qələminin sınmasına” gətirib çıxarıb. Elmar bəy köməkçisinin sərhədləri aşdığını, subordinasiya qaydalarına məhəl qoymadığını görüb, rəhbərliyə onunla işləyə bilmədiyini söyləyib. Məhz bu məqam Bağırovun “Qəbələ”dən uzaqlaşdırılmasına səbəb olub.
Söylənilənlərə aydınlıq gətirmək üçün Azər bəyi aradıq. Ancaq PRO kateqoriyalı məşqçi deyilənləri təkzib etdi: “Elmarla yaxın dostuq. İsti münasibət olmasaydı, məni heç “Qəbələ”yə dəvət etməzdi, köməkçisi olmağıma razılıq verməzdi. Düşərgədən ayrılmağıma gəlincə, Baxşıyevlə oturub söhbətləşdik. Müzakirələrdən sonra qərara aldıq ki, yollarımızı ayıraq. Yenə deyirəm, aramızda heç bir narazılıq olmayıb. Sadəcə, mənim gələcəklə bağlı müəyyən planlarım var ki, onları nəzərə alıb bu addımı atdıq. Hələ ki yeni planlar haqda danışmaq istəmirəm. Ancaq yaxın vaxtlarda bundan xəbər tutacaqsız. Özümü yeni çağırışa hazır hesab edirəm və məşqçi kimi işimə davam edəcəm. Hazırda istirahət edirəm. Ancaq işsiz günlərimizin çox çəkməyəcəyinə inanıram”.
Bu yerdə onu da qeyd edək ki, Azər bəyin ölkə xaricində çalışmaq təcrübəsi də var. O təxminən 3 il öncə Kanadaya yollanmış və orda keçmiş SSRİ-dən gedən mühacirlərin yaratdığı komandanın baş məşqçisi olmuşdu. Olmaya Bağırov bu dəfə də Şimali Amerikaya yollanmağı planlaşdırıb? Azər bəyin sualımıza reaksiyası belə oldu: “Hər şey ola bilər. İndi elə vaxtdı ki, heç nəyi istisna etmək mümkün deyil”.
Bu arada Azər Bağırovun köməkçi-məşqçi kimi çalışdığı sabiq komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ötən şənbə Qəbələdə “Zirə” ilə üz-üzə gəlib. Tərəflərin cəhdlərinə baxmayaraq, matç qolsuz başa çatıb – 0:0.
RƏŞAD