Sizin reklam burada

Əfran İsmayılov hələ də gözləyir

Title

“Komandalar üçün heç bir bəhanə ola bilməz”
Mövsümün sonunda “Keşlə”dən ayrılan Əfran İsmayılov hələ də klubsuzdu. Bir mövsüm Tərlan Əhmədovun rəhbərliyi altında çıxış edən 31 yaşlı futbolçu ilə müqavilənin müddəti uzadılmadı. Dünən hazırda işsiz olan İsmayılovla gələcək planları, təkliflərin olub-olmaması və başqa suallar ətrafında söhbətləşdik.
- Hazırda hardasan? Nə işlə məşğul olursan?
- Heç bir iş görmürəm. Boşluqdu, gözləyirəm.
- “Keşlə”dən ayrılmağının səbəbi nə oldu?
- Klubla razılığa gələ bilmədik. Danışdıq, dedilər, səninlə davam edə bilməyəcəyik, alınmayacaq. Mən də ayrıldım komandadan.
- Bəs təkliflər var?
- Bir neçə variant var. Alınsa, gedəcəm, alınmasa, edəcək bir şey yoxdu. Gözləyəcəm, xeyrlisi.
- Təkliflər ölkə daxilindəndi?
- Xeyr, əsasən ölkə xaricindən.
- Alınmasa, gözləyəcəyini dedin. Klubsuz qalmaq, uzun müddət oynamamaq səni narahat etmir?
- Təbii ki, narahat edir. Belə vəziyyət hansı futbolçunu narahat etməz?! Mən də çalışıram ki, məşq edim. Qaçıram, yüngül təmrinləri yerinə yetirirəm. Əlbəttə, bunlar peşəkar məşqlərlə müqayisə oluna bilməz. Çalışıram əlimdən gələn qədər özümü formada saxlayım. Gələn təklifləri gözdən keçirəcəm. Alınmasa, onda gələcəyimlə bağlı düşünərik. Hələ ki gözləyirik, görək necə olur.
- Avrokubokların startına az qalıb. Azərbaycanı qitə turnirlərində təmsil edəcək dörd klubumuzdan gözləntilərin nədi?
- Bu dəfə təsnifat mərhələsi bir oyundan ibarət olacaq. Pandemiya ilə bağlı hələ də çətin dövrdəyik. Bilirsiz ki, komandalarımız uzun müddət məşq etmədi, sonra yenidən başladılar. Mən də avrokuboklara gedən komandanın heyətində idim, sonradan ayrıldım. Komandalar üçün heç bir bəhanə ola bilməz. Çıxıb öz futbolumuzu oynayaq və inşallah, qalib gələk. Püşkatmanın nəticəsi də böyük rol oynayacaq. Bir oyundan ibarətdi, ev-səfər məsələsi daha əhəmiyyətli olacaq. Hamısına uğurlar arzulayıram. Əsas hazırlıq dövrüdü.
- Bir sual da mili komanda ilə bağlıdı. Yığmanın baş məşqçisi müəyyənləşib. Canni De Byazinin təyinatı ilə bağlı nə düşünürsən? İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi milli nəyə nail ola bilər?
- De Byazidən gözləntilər çoxdur. Bilirsiz ki, Albaniya millisi ilə böyük uğurlar qazanıb, nəticə verib. Arzu edirik ki, eyni uğurları bizə də yaşatsın. Təyinatın nə qədər uğurlu olacağını zaman göstərəcək. Amma həqiqətən sevindiricidi ki, millinin baş məşqçisi müəyyənləşdi. Uzun müddətdi baş məşqçi postu boş idi. Uşaqlar bir araya gəlib, nəyə qadir olduqlarını göstərməlidilər. Əsas odu, bu təyinat komanda üçün düşərli olsun. Mən həmişə demişəm ki, milli komanda tam fərqli mövzudu, anlayışdı. Qarşıda Millətlər Liqasının oyunları var. Ümid edirəm ki, bu turnirdə komanda ən yüksək nəticəni göstərəcək və qrupu ilk pillədə bitirəcək, baş məşqçi də komanda üçün faydalı olacaq.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.