Sizin reklam burada

Yunuszadənin susqunluğu

Title
Elvin Yunuszadənin səs-sorağını çoxdan eşitmirik. Onunla bağlı internetdə axtarış verdim. Elə ordan öyrəndim ki, bu ilin avqustunda 28 yaşını tamamlayacaq. Bir futbolçu kimi Elvin haqda xeyli xoş sözlər demək olar. Onsuz da Azərbycan futbolunda sonuncu müdafiəçi mövqeyində çıxış edən futbolçuların sayı çox azdı. Yunuszadə bu kasadlığın içində özünü göstərməyi bacaranlardandı. Avropa Liqasının qrup mərhələsinə yüksələn “Neftçi”nin əsas heyətində meydana çıxanda Elvinin 20 yaşı tamam olmamışdı. Düzdü, sonradan haqqında müxtəlif xoşagəlməz söhbətlər ortaya çıxdı, yaşını azaltdığı deyilirdi. Amma sonradan məlim oldu ki, həmin sənəddəyişmə prosesinin səbəbləri başqa olub, məqsəd Elvinin “lipa” kimi futbol oynaması deyilmiş. Sözümün canı bu deyil, ona görə də həmin xoşagəlməz hadisədən çox da bəhs etməyim. Qayıdım Elvinin istedadlı futbolçu, etibarlı müdafiəçi kimi xüsusiyyətlərinə və döyüşkən xarakterinə.
Sadaladığım keyfiyyətlərin hər biri Yunuszadədə var. Belə olmasaydı, 20-21 yaşında “Neftçi”nin çempion heyətində özünə yer edə bilməzdi. “Neftçi” ardıcıl iki il Azərbaycan çempionu olanda, Avropa Liqasının qrup mərhələsində oynayanda komandanın heyətində yer alırdı. Ondan sonra “Qarabağ” macəraları başladı. Etiraf etmək lazım idi ki, “Qarabağ” “Neftçi”yə nisbətən daha səviyyəli oyunçulardan qurulmuşdu, “köhlən atlar”ın iddiaları daha böyük idi. Hadisələrin sonrakı axarı da bunu sübut etdi. “Neftçi” Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə “cığıraçan” rolunu üzərinə götürmüşdüsə, “Qarabağ” bir qədər də irəli getdi və Çempionlar Liqasının qrup mərhələsində Azərbaycanı təmsil etdi. Elvin bu tarixi hadisənin də iştirakçısıydı. Yəni “Qarabağ”ın heyətində yer alırdı. “Neftçi”ylə ardıcıl iki mövsüm çempionluq yaşayan Yunuszadə “Qarabağ”la daha böyük uğura imza atdı, daha üç dəfə qızıl medal qazandı. Üstəlik, Çempionlar Liqasının qrupunda oynamağın həzzini yaşadı. Fakt odu ki, Elvin qitənin ən nüfuzlu klub turnirində “Çelsi”, “Atletiko” və “Roma”ya qarşı oyunlarda meydana çıxıb, üst-üstə 126 dəqiqə meydanda olub. Bir azərbaycanlı futbolçu üçün heç də sıradan göstərici deyil. Axı, hamıya 5 dəfə Azərbaycan çempionu olmaq, Avropa Liqasının və Çempionlar Liqasının qrupunda oynamaq qismət olmur.
Bütün bu uğurların fonunda Elvin Yunuszadənin milli komandada möhkəmlənə bilməməsi, daim ikinci dərəcəli futbolçu statusunda olması da acı reallıqdı. Almaniyalı çalışdırıcı Berti Foqts cəmi iki oyunda onun xidmətinə ehtiyac duyub ki, hər iki halda millimiz yoxlama görüşünə çıxıb. Filippinlə qarşılaşmada yığmanın qələbə qoluna imza atan Elvin 90 dəqiqə meydanda olub. Bizə qələbə gətirən qolu 26-cı dəqiqədə Vaqif Cavadovun ötürməsindən sonra vurmuşdu. Növbəti yoxlama matçında ABŞ yığmasına qarşı oynayan Yunuszadə almaniyalının rəhbərliyi altında seçmə mərhələ oyununa çıxa bilmədi. Foqtsun istefasından sonra millimizi bir oyuna çıxaran Mahmud Qurbanov Elvinin xidmətinə 90 dəqiqə ehtiyac duydu. Həmin görüşdə də doğma meydanda 0:1 hesabıyla Norveçə məğlub olduq. Sözsüz, Elvin də hamı kimi bu yenilgiyə görə məsuliyyət daşıyır, amma məğlubiyyətin bütün günahı onun üzərində deyil. Bununla belə, ondan sonra Yunuszadəni milliyə çağıran olmayıb.
Qəribədi ki, Azərbaycan səviyyəsində normal futbol sərgiləyən, daim iddialı komandaların heyətində çıxış edən, beş mövsüm boynundan qızıl medal asan Elvinə xaricdən maraq göstərən tapılmayıb. Məni də ən çox təəccübləndirən budu. Bəlkə də təklif olub, amma Azərbaycanda yaxşı pul qazandığı, günü xoş keçdiyi üçün “isti yuva”sını tərk etmək istəməyib. Dəfələrlə demişik ki, bizim futbolçuların ən böyük bəlası da məhz budu. Elvin Azərbaycandan kənarda ortabab komandaların birində asanlıqla özünə yer edər, sabit oynayıb səviyyəsini artıra bilərdi. Adam 28 yaşının tamamına az qalmış ürəkləndi, “Biləcəridən o taya” yollandı. Onda da bəxti gətirmədi. Sizin də yadınızda olar ki, “Səbail”dən ayrılan müdafiəçi qış fasiləsində legioner həyatı yaşamağa qərar vermişdi. Hətta Bosniya çempionatında çıxış edən “Çelik”lə müqavilə imzalamışdı. Özü də deyirdi ki, bu komandanı baş məşqçi Ümit Özata görə seçib. Biz də bilirik ki, baş məşqçi tərəfindən transfer edilən futbolçunun heyətdə özünə yer etməsi, daim meydanda olmaq şansı çox olur. Yunuszadə qəzetimizə verdiyi müsahibəsində əminliklə deyirdi ki, ona Türkiyədən, Belarusdan, eləcə də Asiya ölkələri təmsilçilərindən də təklif varmış. Özü ürəyinin səsinə qulaq asıb və “Çelik”ə üstünlük verib. Kaş verməyəymiş...
Fevralın əvvəlində böyük ümidlərlə Bosniyaya yola düşən futbolçu ordan çox çətinliklə geri döndü. Hətta koronavirus pandemiyası səbəbindən karantində də qaldı. Heç “Çelik”də meydana çıxmaq da ona qismət olmadı. “Dərviş Parisi partladır” filmində olduğu kimi. “Çelik” aşağı dəstəyə yuvarlandı, klubun prezidenti istefa verdi, dünyanı koronavirus pandemiyası bürüdü. Sanki bütün bunlar Elvinin legioner həyatı yaşamasını gözləyirmişlər. Belədə Elvin də Bosniyada meydana çıxmadan Azərbaycana qayıtdı. “Futbol+”ə açıqlamasında “transfer pəncərəsi” açılsın, yaxşı variantlar olmalıdı. Karyeramı yenə ölkə xaricində davam etdirəcəm” demişdi. Təki olsun, nə deyirik. Bizə qalan xoş xəbər gözləməkdi...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.