Sizin reklam burada

Getsin, yoxsa getməsin?

Title
Qurban Qurbanovun Türkiyə superliqasına yenicə vəsiqə qazanan “Hatayspor”un “sükanı arxasına” mümkün keçidi ilə bağlı elə ab-hava, elə ajiotaj – xüsusən də qonşu ölkədə - yaradılıb ki, adam bəzən bu məsələ ətrafında mülahizə yürütməkdə, daha doğrusu, doğru ilə səhv arasında sərhəd çəkməkdə çətinlik çəkir. Qurban bəyi az-çox tanıdığımdan əminəm ki, para amili burda zərrəcə rol oynamır. Yəni kimsə türk qardaşlarımızın, məsələn, 100 min avro artıq təklif etməsinin “Qarabağ”ın çalışdırıcısının mövqeyinin dəyişməsinə səbəb olacağını düşünürsə, yanılır. Odu ki, puldan kənarda dayanan məqamlar ətrafında mühakimə yürütməyə çalışaq.
Təbii, azərbaycanlı futbolçunun, məşqçinin daim vitrində, göz önündə olmasını istəyən bütün başqa adamlar kimi mən də Qurban bəyin karyerasını daha yüksək reytinqli ölkələrdən birində davam etdirməsinə tərəfdaram. Hətta onun “Hatayspor”dakı uğurlu işi ilə nəinki Türkiyə nəhənglərinin, Avropa ortabablarının da diqqətini çəkməsi mümkündü. Yenə də vurulayıram, mümkündü! Amma realdımı?
Türkiyənin məşqçi istefalarına görə dünya futbolunda aparıcı mövqelərdən birində qərarlaşması heç kimə sirr deyil. Yəni 3-4 uğursuz oyun məşqçinin çantalarını toplayıb, vətənə dönməsi üçün kifayətdi. Bu fikirlərimin sətiraltı mənası odu ki, Qurban bəy faktiki krallar kimi hörmət gördüyü “Qarabağ”dakı etimad mühitini heç bir halda qonşu ölkədə görə bilməz.
İkinci maraqlı məqam budu ki, 53 yaşlı klub tarixində ilk dəfə elitaya yüksəlib, hansısa zəngin ənənələrdən, möhtəşəm imicdən söhbət gedə bilməz. Belə status daşıyan komandanın təklifini qəbul etmək qeyd-şərtsiz böyük riskə yol vermək, bir qədər kobud səslənsə də, başını edam kötüyünün üzərinə qoymaqdı. 53 yaşında ilk dəfə elitaya yüksələn komandanın Çempionlar Liqasında oynaması üçün də ən azı elə bu qədər müddət keçməlidi. Bilirsiz, niyə deyirəm? Ardıcıl 7 il çempion olan “Qarabağ”ın və Qurban bəyin avrokuboklarla bağlı bəlli dəst-xətti, strategiyası var. El arasında belə vəziyyətlərdə işlədilən maraqlı frazeoloji birləşməni bilirsiz: tutar qatıq, tutmaz ayran. Təbii ki, Qurban bəy hər dəfə ÇL mövsümü başlayanda komandanın qarşısına qrupa düşmək hədəfi qoyur. Təəssüf ki, ötən müddətdə yalnız bir dəfə qitənin ən nüfuzlu klub turnirinin qrupunda görünmüşük. Amma başqa sevindirici məqam da var: ÇL-in qrupu əlçatmaz olanda da Qurbanov komandasını Avroliqanın qrupuna daşımağı, deməli, həm də mövsümboyu xərclənən pulların müəyyən hissəsini büdcəyə qaytarmağaı bacarır. Azərbaycan klublarının bilet satışından, teleyayından qara qəpik də qazanmadığı indiki zəmanədə maliyyə sabitliyinə yuxarıda göstərdiyim yolla nail olmağın özü də böyük uğurdu. Bir ölkədə futbol istisnasız sosial layihədisə, bura pul gətirməyin yeganə yolu avrokuboklarda uğurlu çıxışdan keçirsə, “Qarabağ” da ilbəil bunu bacarırsa, deməli, həm baş məşqçiyə, həm də klub rəhbərliyinə belə praqmatik yanaşmaya görə alqış düşür.
Beləliklə, gəlib o nöqtəyə çatırıq ki, Qurban bəyin “Hatayspor”a gedişinə arzular, yoxsa reallıq pəncərəsindən baxaq? Arzulara əsir düşsək, əlbəttə, bir azərbaycanlı məşçinin ölkə xaricində özünü göstərmək şansı qazanmasına ən azı sevinməliyik. Reallıq isə onu deyir ki, mənfi nəticələrə dözümsüzlük göstərən Türkiyə futbol ictimaiyyəti Qurbanovu bir an içində gözdən sala, imicinə və özünəinamına böyük zərbə vura bilər. Səbəbkarın “Qarabağ”da da ilk ilində yalnız komanda quruculuğu ilə məşğul olduğunu, uğursuzluqlarla üzləşdiyini gözardı etməyək. “Hatayspor” ona bu imkanı yaratmayacaq. Və Allah eləməmiş, 53 illik tarixində ilk dəfə yüksəldiyi elitadan azərbaycanlı məşqçi ilə getsə, bunu nəinki Qurbanova, heç Azərbaycana da bağışlamaz!
Odu ki, klub prezidenti Nihat Təzəarslanın məşqçi məsələsi ilə bağlı söhbətlərə sabah son qoyulacağı, Qurban bəyin də namizədliyinin nəzərdən keçirilməsi haqda dedikləri, Türkiyənin bəzi yazarlarının guya danışıqlara nüfuzlu şəxslərin qoşulması haqda xəbərləri şəxsən mənə çox bayağı təsir bağışlayır. Bütün bunlar qətiyyən inandırıcı deyil. Elə sabah İqor Tudoru və ya bir başqasını “Hatayspor”in çalışırıcısı kimi təsdiqləsələr, təəccüblənmərəm. Mənə elə gəlir ki, bu söhbətin uzanmasından nə “Hatayspor” udacaq, nə də Qurbanov.
Pandemiyanın və ermənilərin hücumundan doğan, Qurban bəyin vətəndə qalmaq qərarına ciddi təsir göstərən mənəvi-emosional fon da var ki, bilərəkdən bu məqamların dərinliyinə varmadım. Çünki həm reklam xarakeri daşıyacaqdı, həm də sanki “Qarabağ”ın çalışdırıcısını xalqa yenidən tanıtmaq cəhdinə bənzəyəcəkdi. Bu məsələyə birdəfəlik nöqtə qoyaq. Əslində nöqtə də yox, nida: Qurbanov “Qarabağ”ı “Hatayspor”a dəyişən deyil!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.