Sizin reklam burada

Cavid Tağıyevin 28 yaşına

Title
Yadınızda olar, bir müddət əvvəl gənc qapıçı Cavid Qurbanovun doğum günü ərəfəsində Azərbaycanda futbolçu olmağın çətinliklərindən bəhs etmişdim. Həmin vaxt Qurbanov 17 yaşını tamamlayırdı, orta məktəbi bitirmək ərəfəsindəydi. Artıq yaşını da tamamlayıb, orta məktəbi də bitirib. Bundan sonra nə işlə məşğul olacağını düşünür. Özü də tək yox, atasıyla birlikdə. Ata və bala Qurbanovla görüşməmişəm, heç telefon danışığım da olmayıb. Ara-sıra sosial şəbəkə vasitəsiylə əlaqə saxlayırıq. Doğum günü ərəfəsində yazdığım yazıya görə mənə minnətdarlıq da etmişdilər. Təəssüflə qeyd etməliyəm ki, hadisələrin axarı elə təxmin etdiyim ssenari üzrə davam edir. Azərbaycanda gənc futbolçulara sahib çıxmaq, onları düzgün istiqamətləndirmək üçün heç bir mexanizm yoxdu. Müəyyən bir yaş həddinə qədər uşaq komandalarında oynayırsan. Yəni gününü keçirirsən. Yeniyetməlik çağını keçdinsə, seçim qarşısında qalırsan. Daha doğrusu, seçim imkanın elə də geniş deyil.
Birinci diviziondan danışmağa dəyməz, oranın necə bataqlıq olduğunu hamı bilir. 200-300 manat maaşa da peşəkar futbolçu top qovub, ailə saxlaya bilər? Orda oynaya-oynaya təmiz adını, səviyyəni saxlamaq çox çətindi. Elitada çıxış etmək isə heç də hər adama nəsib olmur. Cəmi 8 klubun çıxış etdiyi premyer-liqada etimad qazanmaq asan iş deyil. Belədə hansısa seçimdən, yol ayrıcında qalmaqdan da söhbət gedə bilməz. İllərlə çəkdiyin əziyyətin, tökdüyün tərin, itirdiyin zamanın üstündən qara bir xətt çəkirsən və məcbur olursan ki, özünə çörək pulu qazanmaq üçün bir iş tapasan. Topun arxasınca qaçıb, dərslərini düz-əməlli oxumadığın üçün ali məktəbə qəbul olunmaq, təhsil almaq şansın da olmur. Vaxtilə aşağı yaş qrupları üzrə millilərimizin kapitanı olan, “Qarabağ”la UEFA Gənclər Liqasının qrup mərhələsinə qatılan, “Atletiko” üzərindəki tarixi qələbəmizdə Dedaya məhsuldar ötürmə verən Pilağa Mehdiyev İstanbuldan tez-tez salam göndərir. Bilməyənlər üçün deyim ki, Pilağa ora İstanbul klublarında oynamağa yox, restoranda işləməyə gedib. Futbolun da, topun da danışını bir ilə yaxındı atıb.
Əlbəttə, söhbət təkcə Caviddən, yaxud da Pilağadan getmir. Söhbət həm də Azərbaycan futbolunun gələcəyi hesab olunan adların yoxa çıxmasından, sonradan da milli komandada oynatmaq üçün Dağıstandan, Ukraynadan, Almaniyadan, Türkiyədən futbolçu gətirməyimizdən gedir. Halbuki doğru-düzgün sistem olsa, həmin sistem gənc istedadlara sahib çıxsa, hazırkı acınacaqlı durumla üz-üzə qalmarıq. Əks halda, bu siyahı genişlənəcək, itirdiklərimizin sayı çoxalacaq. “Neftçi”nin 3-cü qapıçısı statusunda olan Kamran İbrahimov 21 yaşını ötən ayın 7-də tamamlayıb. Boyu-buxunu yerində, fiziki göstəriciləri əladı. Gəl ki, Kamranın oyun təcrübəsi yoxdu. Adam U-21 millimizin əsas qapıçısı sayılırdı, bir-birindən vacib oyunlarda Rəşad Sadıqov “çərçivə”ni ona tapşırırdı. Təsəvvür edin, beynəlxalq oyunlarda yığmanın qapısını qoruyan gəncə “Neftçi”nin əvəzedici komandasında etimad göstərilmirdi, aşağı divizionun oyunlarında belə Kamran ehtiyatda otururdu. Divizionda oynamayan bir futbolçu özünü dolu tribunalar qarşısında, adlı-sanlı rəqiblərə qarşı necə həyəcanalanmasın, özünü itirməsin?
İndi Kamran “Neftçi”nin əsas komandasına cəlb olunub. Orda isə Səlahət Ağayevlə Aqil Məmmədovun kölgəsində qalıb. Onun premyer-liqada meydana çıxması üçün ya dünyanın 8-ci möcüzəsi olmalıdı, ya da Aqillə Səlahət ikisi birdən zədələnməli, yaxud da cəzalanmalıdı (Allah göstərməsin). Zaman isə İbrahimovun əleyhinə işləyir. Bu yaşda oynamalı, oynaya-oynaya da “artırmalıdı”. Amma necə, harda? Mövzu xeyli dərindi, gələcəkdə yenə bu mövzuya müraciət etməli, onu gündəmdə saxlamalıyıq. Çünki yerli gənclərlə bağlı durum həqiqətən də acınacaqlıdı. Yeri gəlmişən, bu yazını yazmağıma səbəb Cavid Tağıyevin dünən 28 yaşını tamamlaması oldu. “Sabah” öz futbolçusunu təbrik etmişdi, bu təbrik də mənim qarşıma çıxdı. Xeyli xəyallara daldım. Cavidə gənc futbolçu gözüylə baxdığımız, onun parlaq gələcəyinə inandığımız keçmişi xatırladım. Amma Azərbaycandan kənara çıxa bilmədi, elə öz çempionatımızda, ortabab futbolçu kimi çıxış etdi. Eləcə də o nəsildən olan başqaları. Buna çox təəssüflənirəm. Gözümüzün önündə adam 28 yaşını tamamladı. Ümid edək ki, Cavid əsl uğurları bundan sonra qazanacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.