“Səbail” heç bir komanda üçün asan rəqib olmayacaq”
Növbəti mövsümdə premyer-liqada mübarizə aparacaq bütün klublar transfer çalışmalarına da start verib, təlim-məşq toplanışına da. Lakin aralarında ikisi var ki, hadisələrin axarına baxanda onların xoş gələcəyini təsəvvür etmək olduqca çətindi. Söhbət gözünü AFFA-dan gələcək pula dikən “Qəbələ” ilə onsuz da büdcəsi sınıq-salxaq olan “Səbail”in maliyyə cəhətdən bir az da zəifləməsindən gedir.
Bayıl təmsilçisi son iki həftədə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Ruslan Hacıyev kimi vacib oyunçularını itirib, Maykl Essyen yola salınıb. Əvəzində yeni transferlərin yoxluğu diqqəti çəkir. Heç şübhəsiz, mövcud durum baş məşqçi Aftandil Hacıyevin ürəyincə deyil. Təbii ki, o da narahatdı, sabah nə olacağını bilmir, qeyri-müəyyənlik işinə mane olur. Amma gələcəyə inamla baxır, ümidini itirmir. Hər halda, Hacıyevlə dünənki söhbətdə bunu hiss etdik.
- Yay fasiləsində adı ən az çəkilən iki komandadan biri “Səbail”di. Sükutun səbəbi nədi?
- Dediyiniz hər iki klubda büdcə baxımından qeyri-müəyyənlik var deyə, adları az çəkilir, məncə, bu da normaldı. Ona görə də başqalarıyla müqayisədə səssiz görünürük.
- Komandanın içindəsiz, əsas söz sahibi sizsiz. “Səbail”dəki son durum necədi?
- Hamı kimi biz də növbəti mövsümə hazırlığı davam etdiririk. Dünən Qəbələyə gəldik (iyulun 21-də), bu gün artıq ikinci məşqə çıxmışıq. Tez bir zamanda futbolçuların fiziki formasındakı əskikləri yoluna qoymağa çalışırıq. Şükürlər olsun, hamı futbol üçün darıxıb, məşq etməyə, oynamağa həvəslidi. İnşallah, karantin rejimi yüngülləşər, çempionat başlayar.
- Hansı oteldə qalırsız?
- “Qəbələ”də.
- “Zirə”ylə eyni məkanda...
- Elədi.
- Qəbələyə neçə futbolçu ilə yollanmısız?
- Hazırda sərəncamımda 22 futbolçu var. Onlardan böyük əksəriyyəti gənclərdi, “Səbail-2”dən cəlb etmişik. Lakin bu heyət yetərli deyil, güclənməyə ehtiyac var.
- Güclənmək üçün pul lazımdı. Varmı?
- Bu dəqiqə bizi ən çox sıxan da elə budu. Rəhbərlik mübariz heyət formalaşdırmaq üçün əlindən gələnin yaxşısını etməyə çalışır.
- Mübariz heyətin gücü ancaq mübarizə aparmağa çatacaq.
- (gülür) Çempionatdakı başqa komandalardan uzaq düşməməyə çalışacağıq. İlk ilimizdə yeni heyət formalaşdırıb yaxşı çıxış etdik, avrokuboklara vəsiqə qazandıq. Ötən mövsüm bu qədər çətinlik fonunda Avroliqa uğrunda mübarizəni sona qədər davam etdirdik. Hətta çempionat ləğv olunmasaydı, nəzəri şanslarımız da qalmışdı. Yenə həmin mübarizənin davamını gətirməyə çalışacağıq.
- Siz mübarizə arzulayırsız, əvəzində rəqibləriniz güclənir.
- Bilirik, başa düşürük. Əsas odu ki, “Səbail” heç bir komanda üçün asan rəqib olmayacaq.
- Ötənilki büdcəniz onsuz da az idi. Hadisələrin axarı büdcənin daha da zəiflədiyindən xəbər verir sanki.
- Elədi. Konkretlik yoxdu, yəqin ki, çempionatın startına qədər bütün problemlər yoluna qoyular.
- Hazırda komandada neçə legioner var?
- Aleksandr Rıbka, Hendrik Ekşteyn, Peyman Keşavarz, Mabidi Lema hazırda sıralarımızdadı.
- Eriko da Silva?
- Eriko ilə bağlı son qərar verilməyib. Lakin çox güman, o bizim şərtlərlə razılaşmayacaq. Bu futbolçu haqda indi dəqiq fikir yürüdə bilmərəm. Qala da bilər, getməsi də mümkündü.
- Əcnəbilərin say artımı mümkündü?
- Əlavə 2-3 oyunçu ilə güclənmək istərdik. Lakin hər şey bizim istəyimizlə olmur. Vəziyyətə baxıb, ona uyğun addım atacağıq. Yerli, yoxsa əcnəbi – bu sualın cavabına qarşıdakı günlərdə aydınlıq gələcək. Hələ ki gözləyirik.
- Vaxtilə sizinlə birgə oynamış, yəni yaxından tanıdığınız sabiq milli üzvləri var: Kamran Ağayev, Əfran İsmayılov, Vaqif Cavadov. Təcrübəli futbolçularla güclənmək fikriniz var?
- Bu dəqiqə komandada kifayət qədər gənc futbolçumuz var. Açığı, daha çox onların inkişafını düşünürük, nəinki qarşılarını kəsmək. Ötən mövsüm onlara nə qədər şans verdiyimizi gördüz. Artıq özləri haqda xoş fikir formalaşdıra biliblər. Getdikcə daha çox oynamaq imkanı qazanacaqlar. Təcrübəli futbolçulara gəlincə, bizdə onların sayı kifayət qədərdi - Rahid Əmirquliyev, Rauf Əliyev, Kamal Bayramov. Ona görə də nisbətən gənc və orta yaşlı oyunçulara üstünlük verməyi düşünürük.
- Köməkçiləriniz olduğu kimi qalır?
- Bəli. Emin Ağayev, Yaşar Hüseynov və Fərhad Vəliyev məşqçilər heyətindəki fəaliyyətini davam etdirəcək. Köməkçilərimdən Toni Boqdanovskinin “Səbail”dəki gələcəyi qeyri-müəyyəndi. Xeyli vaxtdı vətənindədi. İndi həm Bakıya qayıtmaqla bağlı problemi var, həm də maaş məsələsində müəyyən fikir ayrılığı. Danışıqlar davam edir. Ona görə də nəsə demək çətindi. Açığı, Toninin fəaliyyətini “Səbail”də davam etdirməsi çətin görünür.
- Hazırlıq prosesi haqda nə deyə bilərsiz?
- Dediyim kimi, iyulun 21-dən Qəbələdəyik. Karantinin bitmə vaxtına, yəni avqustun 5-nə qədər burdayıq. Bu müddətdə iki yoldaşlıq görüşü keçirməyi düşünürük. Birini iyulun 30-na, digərini avqustun 3-nə planlaşdırmışıq. Lakin rəqiblərin adları hələ bəlli deyil, çünki danışıqlar davam edir. Daha bir oyunu avqustun 7-də keçirməyi planlaşdırırıq. Lakin Qəbələdə, yoxsa Bakıda oynayacağımızı bilmirik. Bu suala karantin rejimi ilə bağlı veriləcək qərardan sonra aydınlıq gələcək.
- Həqiqətən qeyri-müəyyənlik içindəsiz. Bunu verdiyiniz açıqlamalardan, hətta səs tonunuzdan da hiss etmək mümkündü. İçinizdə bu gedişlə “Səbail”in tarixin yaddaşına qovuşacağı qorxusu var?
- Açığı, bu barədə, ümumiyyətlə, düşünməmişəm. Əvvəla futbolçuların klubla müqaviləsi var, onlara əməl olunmalıdı. Digər tərəfdən, klub rəhbərliyinin belə bir niyyəti olsaydı, bura gəlməzdik və dediyiniz xəbəri bizə çatdırardılar. Düzdü, çətinliklərimiz var və bu təkcə bizdə yox, hamıda mövcuddu. Sadəcə, səbr etməli, gələcəyə ümidlə baxmalıyıq. Allahın izni ilə gələn ildən əvvəlki günlərə qayıdarıq. Həm klub, həm də futbolumuz olaraq.
HƏBİB