Sizin reklam burada

Cavid Hüseynov “Qəbələ”yə döndü

Title

Zaur Əzizov: “Nikolas Raysel və Fernan Lopesin də qayıtması gündəmdədi”
Ötən saylarımızın birində AFFA-nın “Futbolun inkişaf fondu”ndan yeni mövsüm üçün “Qəbələ”yə maliyyə vəsaiti ayıracağını xəbər vermişdik. “Qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov bizimlə söhbətdə məlumatı təsdiqləmiş, onu da əlavə etmişdi ki, bununla bağlı klub prezidenti Fariz Nəcəfovla assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında danışıqlar davam edir. Bugünlərdə report.az saytına açıqlama verən Nəcəfov da xəbərimizi təsdiqləyib və məsələnin müsbət həll olunacağına inandığını bildirib: "Klubumuzun sərəncamında standart ölçülü 6 təbii və 2 süni örtüklü futbol meydanı var. Bundan əlavə, qapalı da daxil olmaqla, müxtəlif ölçülü daha 3 süni örtüklü meydanımız mövcuddu. Böyük Əmili qəsəbə stadionu da kulubumuzun balansındadı. Hazırda premyer-liqada çıxış edən bütün klublar burda təlim-məşq toplanışı keçir. Gizlətmirəm, bu, kommersiya baxımından da bizə sərfəlidi. Regionlarımızda ölkə futboluna xidmət edən ikinci belə baza yoxdu. Bu cür imkanlara malik komandaya dəstək verilməlidi. Hələ mövsümün ilk yarısında çətinliklərlə üzləşdiyimiz vaxt assosiasiyadan bizə kömək göstərə bilməyəcəklərini demişdilər. Səbəb kimi mövsümün ortasında büdcədə bunun üçün vəsaitin olmaması göstərilmişdi. Amma artıq mövsümlərarası fasilə dövrüdü və konkret addımlar üçün kifayət qədər vaxt var. Ümid edirəm ki, tezliklə məsələ müsbət həllini tapacaq".
Hələ ötən ilin dekabrında bölgə təmsilçisinin “Jalə” şirləri ilə sponsorluq müqaviləsi imzaladığı tədbirdə çıxış edən Fariz bəy AFFA rəhbərliyinə ayrı-seçkiliyə yol verməməyə, assosiasiya tərəfindən maliyyələşən klublar kimi “qırmızı-qaralara” da ümumi büdcədən vəsait ayırmağa səsləmişdi. Mövsümün ilk yarısında AFFA bunu etməsə də (Nəcəfov səbəbini izah edib), yeni “futbol ili”ndə bu addımı atmağa məcbur olub. Xatırladaq ki, bizə çatan məlumata görə, assosiasiya “Qəbələ”yə yeni mövsüm üçün 1,5 milyon manat yardım etməyi nəzərdə tutub.
Bəs sonra? Deyə bilərsiz ki, ölkə kubokunun son qalibi bu büdcə ilə premyer-liqada yenə sonuncu olmamaq üçün mübarizə aparacaq. Əslində heç də belə deyil. Fariz bəy qrossmeystersayağı gediş edib əvvəlcə AFFA-nın kluba nə qədər vəsait ayıracağını dəqiqləşdirmək istədi. Yəqin ki, tərəflər arasında artıq bu yöndə razılıq əldə olunub və “Futbolun inkişaf fondu”ndan “qırmızı-qaralar”a nə qədər pulun köçəcəyi hər iki tərəfə məlumdu. İkinci mərhələdə isə prezident klubla ilyarımlıq əməkdaşlıq müqaviləsi olan “Jalə” və “Milla” ilə danışıqlar aparacaq. Məhz bu şirkətlərlə müzakirələrdən sonra "Qəbələ"nin qarşıdakı mövsüm üçün büdcəsi təsdiqlənəcək. Görünən odu ki, hələ ki hər şey Fariz bəyin istəyinə uyğun gedir. Və bölgə təmsilçisinin bəzi legionerləri sıralarında saxlaması “Qəbələ”nin pandemiya səbəbindən yarımçıq başa çatmış mövsümlə müqayisədə, 2020/21 “futbol ili”ndə daha geniş büdcəyə malik olacağından xəbər verir.
Bu arada isə komandanın Qəbələdə məşqləri davam etdirməsi ilə yanaşı, rəhbərlik heyəti gücləndirmək yönündə əməli işlər görür. Belə ki, mövsümlərarası fasilədə “Zirə”dən ayrılan Cavid Hüseynov yenidən köhnə-yeni komandasına dönüb. Bu haqda bilgini bölgə təmsilçisinin baş meneceri Zaur Əzizovdan aldıq: “Cavid Hüseynov kollektivlə birgə məşq edir. Ancaq onunla hələ münasibətləri rəsmiləşdirməmişik. Cavidlə yanaşı, Nikolas Raysel və Fernan Lopesin də geriyə qayıtması gündəmdədi. Onlarla da danışıq davam edir. Adını qeyd etdiklərimizdən başqa daha bir neçə legionerlə də maraqlanırıq”.
Bu gün isə “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk yoxlama görüşünü keçirəcək. Rəqib ötən həftə Rəşad Sadıqovu baş məşqçi postuna dəvət edən “Zirə olacaq. Oyun saat 20.00-da start götürəcək. Meydanda ədaləti İnqilab Məmmədov, Rahil Ramazanov və Nahid Əliyev qoruyacaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.