Növbəti avrokubok mövsümünün startı yaxınlaşdıqca futbolsevərlərin marağına səbəb olan əsas sual təmsilçilərimizin hansı rəqiblərlə qarşılaşacağıdı. Təbii, UEFA-nın mənzil-qərargahındakı püşkatma gününə qədər bu sualın dəqiq cavabını demək çətindi. İndiki vəziyyətdə bildiyimiz tək şey potensial rəqiblərin kimliyidi ki, Çempionlar Liqasında iştirak edəcək “Qarabağ”ın hansı komandalarla üz-üzə gələ biləcəyi artıq məlumdu. Sloveniya çempionatının növbəti oyununda “Olimpiya” ilə bərabərə qalan (2:2) “Tsele” ilk dəfə ölkə çempionluğunu bayram edərək, “səpələnməmişlər” səbətindəki yerini təmin edib.
“Səpələnməmişlər”dəki 15 komandanın siyahısı belədi: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest/Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Tsele” (Sloveniya), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).
“Səpələnməmişlər” səbətində olan Ermənistan çempionu “Ararat” qaydalara əsasən “Qarabağ”a rəqib ola bilməz.
"Qarabağ"ən “səpələnmişlər” səbətində yer alması birinci təsnifat mərhələsindəki rəqibin aşağı reytinq xalına malik komanda olacağı deməkdi. İlk təsnifat mərhələsində mübarizə aparacaq 34 komandadan 32-si artıq bəllidi. Onlar iki səbətə bölünəcək və hər siyahıda 17 komanda yer alacaq. Bir komanda ilkin mərhələdən bu siyahıya qoşulacaq. Orda iştirak edəcək iki klubun adı da artıq məlumdu – “Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San Marino). Onlara Kosovo və Andorra çempionu qoşulacaq. Bu klubları da “Qarabağ” üçün potensial rəqib hesab etməliyik. Çünki ilkin mərhələnin qalibi olacaq komandanın birinci təsnifatda “səpələnməmişlər” arasında olacağı artıq bəllidi. Ümumiyyətlə, hazırda Ağdam klubunun yalnız bir mümkün rəqibi dəyiqləşməyib ki, bu da ilkin mərhələdən kimin gələcəyidi.
HƏBİB