Sizin reklam burada

AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi

Title

Arif Əsədov: “Çalışıb həm komandaların məşqlərində, həm də yoxlama oyunlarında iştirak edəcəyik”
AFFA milli komandanın məşqçiləri Arif Əsədovla Dmitri Kramarenkonu Qəbələyə ezam edir. Mütəxəssislər bölgədə təlim-məşq toplanışında olan premyer-liqa klublarının yoxlama oyunlarını izləyəcək. Əsədovla Kramarenko milliyə namizəd futbolçuların hazırlıq səviyyəsini iş başında təhlil edəcəklər. Qeyd edək ki, millinin yeni baş məşqçisi Canni De Byazinin avqustun əvvəlində ölkəyə gəlməsi və AFFA ilə rəsmi müqaviləyə imza atması gözlənilir.
Qəbələdəki işləri barədə məlumat almaq üçün Arif Əsədovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis sabah (bu gün) işə başlayacaqlarını bildirdi: “Biz sabah səhər yola düşəcəyik. Sabah Qəbələdə iki yoxlama oyunu var. “Qəbələ” - “Zirə” və “Qarabağ” - “Sabah” qarşılaşmaları keçiriləcək. Elə sabah orda bu oyunları izləyəcəyik. Çalışıb həm komandaların məşqlərində, həm də yoxlama oyunlarında iştirak edəcəyik. İyulun 31-dək orda olacağıq”.
Əsədovdan De Byazi ilə əlaqə saxlayıb-saxlamadıqlarını da soruşduq: “De Byazi ilə əlaqə saxlamamışıq. O, gələn ayın əvvəlində Azərbaycana gəlməlidi. Ona görə də o gələnə qədər biz Qəbələdə olacağıq. Burda oyunları izləyib, məlumatları toplayacağıq. Yerli futbolçuların vəziyyəti, milliyə namizədləri nəzərdən keçirəcəyik və sonra öz fikirlərimizi bildirəcəyik. Bildiyimə görə, komandalar növbəti ayın əvvəlinə qədər Qəbələdə olacaqlar. Baş məşqçi gələndə yəqin ki, artıq komandalar da təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olacaqlar. Çünki artıq çempionatın startı ərəfəsi olur. Yenə oyunlar olsa, əlbəttə, hamımız izləyəcəyik. Olmasa, qısa müddət sonra çempionat başlayacaq. Biz də artıq çempionat oyunlarını izləyəcəyik”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.