Sizin reklam burada

“Neftçi TV” yeni layihələr təqdim edəcək

Baxış Sayı:328

“Neftçi TV” yeni layihələr təqdim edəcək
Rüstəm Allahverdiyev: “Hələ ki tam gücümüzlə fəaliyyətə başlaya bilməmişik”
İyulun 20-də “Neftçi”nin rəsmi kanalı “Neftçi TV” fəaliyyətə başladı. Test yayınına başlayan kanal hər gün saat 12.00-dan 16.00-dək “yutub” vasitəsilə yayınlanır. "Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də "Neftçi-2” və aşağı yaş qrupları üzrə komandaların bəzi oyunlarından canlı yayınlar, həmçinin müxtəlif verilişlər olacaq. Nəzərinizə çatdıraq ki, klub “İdman TV”nin əməkdaşı İsmayıl Abdullayevlə əməkdaşlıq edir. Uzun illərdi çalışdığı telekanalda da fəaliyyətini də davam etdirən həmkarımız “Neftçi TV”nin də simasına çevrilib.
Telekanalın planlarını, işlərin necə getdiyini öyrənmək üçün “Neftçi”nin Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi hazırlıqların davam etdiyini bildirdi: “Neftçi TV”də hər şey qaydasında gedir. Bu gün artıq beşinci yayın günümüz idi. Hələ ki işlər tam yekunlaşmayıb. Bildiyiniz kimi, hələ test rejimində işləyirik. Test rejimində bütün avadanlıqlar sınanılır, hansısa nöqsan, problem olarsa, həlli yolları araşdırılır. Hələ ki tam gücümüzlə fəaliyyətə başlaya bilməmişik, amma bu istiqamətdə işlərimizi davam etdiririk. İndiki vəziyyətdə yayınlarımızı davam etdiririk. Yeni futbolçuların təqdimatı, onların müsahibələri, İqor Getmanla “Unudulmaz xatirələr” rubrikası tamaşaçılara təqdim olundu. Getmanın futbol həyatı ilə bağlı xatirələrinə yer verdik, bu da yeni veriliş idi. “Mövsümün rəqəmləri”ndə Emin Mahmudov təqdim olundu. Hər gün saatyayım olmaqla “Neftçi” mediada” verilişində klub haqda olan məsələlər gündəmə gətirilib və müzakirə edilib. Bundan başqa, Milli Mətbuat Günü ilə bağlı xüsusi veriliş efirə getdi. Bu şəkildə yayını davam etdiririk. Hələ ki hər şey qaydasındadı və planlaşdırdığımız kimi gedir”.
Allahverdiyev telekanalla bağlı yeni layihələrin, maraqlı verilişlərin olacağını söylədi: “Bir çox yeni layihələr var ki, onların üzərində işlənilir. Hazırlıqlar bitdikdən sonra onları da efirə verəcəyik. Yaxın günlərdə bu layihələri də yayınlayacağıq”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR