Çempionlar Liqasında mübarizəyə hazırlaşan “Qarabağ”ın bu dəqiqə ən ağrılı yeri yarımmüdafiə xəttidi. Daha doğrusu, yarımmüdafiənin mərkəzi. Artıq neçə illərdi beynəlxalq oyunlarda orta sahədə Qara Qarayev, Riçard Almeyda və Miçeldən ibarət “üçlüy”ü görürdük. Bildiyiniz kimi, Riçard bu ilin əvvəlində ağdamlıları BƏƏ “Baniyas”ına dəyişmişdi. Miçel isə bir neçə gün əvvəl karyerasını İspaniyada davam etdirmək istədiyini dedi və getdi. Onlara qədər mərkəzdə oynamaq bacarığına sahib Dani Kintana Çinə yollanmışdı.
Odu ki, yarımmüdafiənin mərkəzindəki durum ürəkaçan deyil. Qarayla yanaşı, Filip Ozobiç və İsmayıl İbrahimli var. Hətta Hacıağa Hacılının “Zirə”də top qovmaq şansı yaranıb. Belə olduğu halda Qurban Qurbanovun təcili “8” və “10” nömrə axtarışına çıxması başadüşləndi.
Bu yöndə çalışmalara və danışıqlara çoxdan başlanılıb deyə, yeni xəbər var. “Köhlən atlar” Qurbanova kifayət qədər yaxşı tanış olan futbolçunun keçidində maraqlıdı. Bu, son 3 ildə avrokuboklarda “Kopenhagen” və APOEL-in formasında “Qarabağ”a qarşı 5 oyunda forma geymiş (“Kopenhagen”lə Danimarkadakı qarşılaşmada ehtiyatda qalmışdı – H.) Uroş Matiçdi. Serb futbolçunun adı azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. Ötən yay ağdamlılar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL-i məğlub etmiş (2:1), Bakıdakı görüşdə gözlənilmədən 0:2 hesabı ilə uduzaraq bir nömrəli klub turnirindəki mübarizəni erkən dayandırmışdı. Bakıdakı qarşılaşmada qonaqların 68-ci dəqiqədə vurduğu mükəmməl qola da elə həmin Matiç imza atmışdı. Yarımmüdafiənin cinahlarında, eləcə də mərkəzində çıxış etməyi bacaran Matiçin solaxay olması əsas üstünlüyüdü. Öldürücü zərbələri var, meydanı görmək qabiliyyəti yüksəkdi. Texnikalı futbolçulardan sayılır. Ona görə də Qurbanov onu sərəncamında görmək istəyir.
“Mançester Yunayted”də çıxış edən Nemanya Matiçin qardaşı olan Uroş “Kopenhagen”ə məxsus olsa da, APOEL-də icarə əsasında çıxış edirdi. İndi icarə müqaviləsinin müddəti də bitib, danimarkalılarla anlaşması da. Azad agent statusuna sahib 30 yaşlı futbolçu “Qarabağ”da oynamağın əleyhinə deyil. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı, kiçik detalların müzakirə olunduğu deyilir. Ortadan “qara pişik keçməsə”, Matiçin yaxın günlərdə Bakıya gələrək Azərbaycan çempionu ilə 2 illik müqaviləyə imza atacağı gözlənilir. Ağdamlılar bu keçidi həll edə bilsə, Riçardın yaratdığı boşluğu doldurmuş olacaq.