“Qarabağ”ı tərk edənlər arasında Araz Abdullayevin də olduğunu yazmışdıq. Baş məşqçi klubla müqavilə müddəti bitən futbolçunun xidmətində maraqlı olmadığından növbəti mövsümdə ağdamlıların sıralarında olmayacağı dəqiq idi. Lakin indiyə qədər Araz mövzusunda klubdan heç bir açıqlama verilməyib. Halbuki klubla anlaşma müddəti bitən başqaları ilə yolların ayrıldığı publikaya çatdırılmışdı.
Arazın adının Qəbələyə yollanan heyətdə olmaması xəbərin təsdiqidi. Bəli, Abdullayev bundan sonra heç bir halda “Qarabağ”ın sıralarında olmayacaq. Klubun mətbuat katibi Nurlan İbrahimov məsələ ilə bağlı qəzetimizə açıqlamasında məlumatın doğru olduğunu qeyd etdi. Günorta isə 28 yaşlı cinah yarımmüdafiəçisinin ayrıldığı klub tərəfindən rəsmən açıqlandı.Odu ki, vaxtilə ölkənin ən perspektivli futbolçularından sayılan cinah yarımmüdafiəçisi hazırda azad agent statusuna malikdi.