Ayxan Abbasov: “İnanıram ki, yaxın günlərdə bu məsələdə irəliləyiş olacaq”
Bu yay avrokubok təmsilçiləri arasında ən gec hazırlığa start verən “Sumqayıt” oldu. Hətta elə alındı ki, qitəmiqyaslı tunirdə çıxış edəcək “kimyaçılar”la yeni mövsümə hazırlaşan ”Sabah”ın Qəbələyə yollanması arasında cəmi iki gün fərq oldu. Təzad bununla bitsəydi, nə var idi?! Bu gün “Zirə” və “Sabah” kimi klublar “transfer bazarı”nda daha fəaldılar, nəinki beynəlxalq arenada debüt edəcək “Sumqayıt”.
Ötən sayımızda bu mövzuya toxunmuş və bildirmişik ki, bu gedişlə “ağ-göylər” Avropa Liqasında son illərdə görmədiyimiz biabıçılığı bizə yaşadacaqlar. Komanda Qəbələdə yarımcan heyətlə məşq edir. Digər avrokubok iştirakçıları hər gün heyətlərini yeni oyunçularla gücləndirdiyi halda, “kimyaçılar”ın rəhbərliyi hələ də hər gün kimlərdənsə cavab gözləyir, bəzi futbolçuların maaş məsələsində güzəştə gedəcəyinə ümid bəsləyir. Və beləcə günlər bir-birini əvəzləyir, qızıldan qiymətli vaxt əldən gedir.
Ötən həftə klub rəhbərliyi qəzetimizə açıqlamasında Camaləddin Xocaniyazovun, Peyman Babayinin, Əmir Ağayevin insafa gəlib, yeni müqaviləyə imza ataraq komandanın hazırlığına qoşulacağına inandıqlarını bildirmişdilər. Ancaq dünən düşərgədən əldə etdiymiz məlumata görə, hələ ki adını çəkdiyimiz futbolçulardan səs-soraq yoxdu. “Sumqayıt” Qəbələdə bir-iki təcrübəli oyunçunu çıxmaq şərti ilə gənclərlə məşq edir. Vəziyyət o dərəcədə ağırdı ki, baş məşqçi Ayxan Abbasov say düzəltmək üçün Sumqayıt Futbol Akademiyasının U-17 komandasının üzvlərini toplanışa cəlb edib. Mövsümlərarası fasilədə komandaya yeni oyunçuların cəlb olunduğunu bilirsiz. Onlar “Zirə”dən ayrılan Elvin Məmmədovla Tellur Mütəllimovdu. Elvini təcrübəli oyunçu kimi xarakterizə etmək olar. Ancaq o, ötən mövsüm“qartallar”ın heyətində cəmi 350 dəqiqə meydanda olub ki, bu da heç 4 tam matç demək deyil. Tellurun statistikası ondan bir qədər yaxşıdı. Müdafiəçi qəsəbə təmsilçisinin heyətində 2019/20 mövsümündə 923 dəqiqə iş başında olub. Bəs qalan mövqelərə kimlər dəvət olunacaq, boşluğu kim dolduracaq? Şəhriyar Əliyevin “Keşlə”yə gedişindən sonra mərkəz müdafiəçisi mövqeyi boş qalıb. Sərtan Taşkın və Elvin Cəfərquliyevdən sonra müdafiənin cinahları yiyəsiz qalıb. Aleksey İsayevi kim əvəzləyəcək? Peyman Babayi, Mehdi Şərifi, Amil Yunanovun yoxluğunda hücumda kim çıxış edəcək? Yuxarıda qeyd etdiyimiz kimi, Camaləddin Xocaniyazovun da klubda qalıb-qalmayacağı məlum deyil. Əmir Ağayevin geri dönəcəyi inandırıcı görünmür. Odu ki, “Sumqayıt”ın Avropa Liqasına gənclərlə yollanması daha real variantdı. Bərkə-boşa düşməyən gənc oyunçunu birdən-birə beynəlxalq arenaya çıxarmaq isə təlim görməyən, silahdan atəş açmağı bacarmayan gənc əsgəri səngərə göndərməyə bənzəyir.
Görəsən, “Sumqayıt”ın sponsoru olan “Azərikimya”nın rəsmiləri təxminən bir aydan sonra yaşanacaq biabırçılığa nə ad qoyacaq, klub rəhbərliyi fiaskoya nə don geyindirəcək?
Sonda “Sumqayıt”ın yarımcan heyətlə də olsa, hazırlığı davam etdirdiyini bildirək. Toplanış çərçivəsində “kimyaçılar” üç yoxlama matçı keçirməyi planlaşdırır. İylun 26-da “Neftçi”, 30-da isə “Sabah”la qarşılacaq “ağ-göylər” avqustun 5-də “Qəbələ” ilə üz-üzə gələcək. Bu haqda bilgini komandanın baş məşqçisi Ayxan Abbasovdan aldıq. Fütsətdən istifadə edib 38 yaşlı mütəxəssisdən toplanışla bağlı fikirlərini də bölüşməsini istədik: “Gündəlik məşqlərimiz davam edir. Həmişə olduğu kimi, bu toplanışda da klubun bir neçə gənc oyunçusunu əsas komandanın məşqlərinə dəvət etmişik. Heyətin gücləndirilməsinə gəlincə, inanıram ki, yaxın günlərdə bu məsələdə irəliləyiş olacaq. Bizi qarşıda Avropa Liqası kimi məsuliyyətli və ciddi sınaq gözləyir. Bilirik ki, çox çətin olacaq. Bu gün gənclərə nə qədər imkan yaratmağın vacib olduğunu başa düşürük. Ancaq onların yanında da təcrübəli oyunçular olmalıdı ki, nəsə öyrənsinlər, məsləhət alsınlar”.
RƏŞAD