Sizin reklam burada

İman Həsənov Tovuzdan xəbər verir

Baxış Sayı:334

İman Həsənov Tovuzdan xəbər verir
“Həmin istiqamətdə ermənilərin 20-yə qədər əsgər və zabitinin meyiti ortada qalıb”
Bir həftədən artıqdı bütün Azərbaycanın diqqəti Tovuza yönəlib. Ermənistanla sərhəddə yaşananlar hər bir azərbaycanlını narahat edir. Xalq düşmənə öz dilində cavab verilməsini, işğal altındakı torpaqlarımızın azad olunmasını tələb edir. Tovuz döyüşlərində şəhid olan yüksək rütbəli zabitlərimizin və əsgərlərimizin şəninə ölkənin müxtəlif şəhər və rayonlarında, eləcə də paytaxtda izdihamlı yürüşlər oldu, ürəyi vətən eşqi ilə döyünən 50 minə yaxın adam hərbi komissarlıqlara müraciət edərək, hər zaman döyüşə yollanmağa hazır olduqlarını bildirdilər. Azərbaycan xalqı vətənin çətin anında bir daha yumruq kimi birləşə biləcəyini nümyiş etdirdi.
Tovuzdakı döyüşlər bir daha göstərdi ki, azərbaycanlıların savaş ruhu ölməyib, birinci Qarabağ savaşında olduğu kimi, indi də yaşından və statusundan asılı olmayaraq, hər an səngərə girib, çiynində silah döyüş əmrini gözləyən igidlərimiz var. İyulun 13-14-də Tovuzun Ağdam kəndinin yolunu tutan mülki insanların sayı-hesabı yox idi. Hər kəs bacardığı qədər əsgərlərimizə yardım etməyə çalışırdı. Uzun illər funksioner kimi “Turan”ın uğurları üçün çalışan İman Həsənov Bakıda yaşasa da, ağır günlərdə doğma Tovuzda olmağı özünə borc bilib. Dünən onunla əlaqə saxlayıb, Tovuzdakı son durumla maraqlandıq: “Hazırda Tovuzda sakitlikdi. Əlibəyli, Dolmatlı, Çənlibel tərəfdə atışma olsa da, hazırda sakitlikdi. Mən görməmişəm, ancaq söylənilənlərə əsasən onu deyə bilərəm ki, həmin istiqamətdə ermənilərin 20-yə qədər əsgər və zabitinin meyiti ortada qalıb. Düşmən tərəf ürək edib meyitlərinə də sahib çıxa bilmir. Özüm də ara-sıra həmin kəndlərə baş çəkirəm. Son iki gündə xüsusi, diqqəti çəkən bir olay yaşanmayıb”.
Həsənov rayonda normal həyatın davam etdiyini, insanların gündəlik qayğılarla məşğul olduqlarını, heç bir tovuzlunun rayonu və ya yaşadığı kəndi tərk etmədiyini də vurğuladı. İman bəy tovuzlu futbolçuların döyüşmək üçün hərbi komissarlığa üz tutduqlarını da bildirdi: “Tovuzda hər şey qaydasındadı. Heç bir panikadan söhbət gedə bilməz. Hər kəs gündəlik işi ilə məşğuldu. Sərhədyanı kəndlərdə də normal həyat davam edir. Bir nəfər belə müharibə qorxusu səbəbindən kəndini tərk edib başqa yerə üz tutmayıb. Ən sevindirici məqam odu ki, bütün Tovuz ordumuzun yanındadı və çalışır ki, əlindən gələn köməyi göstərsin. Məsələn, rayonun, demək olar ki, bütün dükanlarında əsgərlərimizə xidmət pulsuzdu. Alış-verişə görə onlardan heç kim pul almır. Eşitdiyimə görə, veteran futbolçulardan Vüsal Qarayev, qardaşı Xəyal Qarayev döyüş başalayan andan kömək üçün Ağdam kəndinə yollanıblar. Aqil Nəbiyev də köməyə yollananların sırasında ön cərgədə olub. Klubun sabiq vitse-prezidenti Namiq Məstanov isə bəzi yoldaşlarla birgə əsgərlərimiz üçün xeli sayda su və şirələr alıb aparıblar. Vüsalla Xəyal ön cəbhəyə yollanmaq üçün hərbi komissarlığa da müraciət edənlər arasındadılar. Bir sözlə, qəhrəman əsgərlərimizlə birgə Tovuzun mərd oğulları hər saat, hər dəqiqə ayıq-sayıqdılar və imkan verməzlər ki, düşmənin ayağı bizim torpaqlara dəysin. Əksinə, bu dəqiqə Tovuzla sərhəd olan erməni kəndlərinin sakinləri həyəcan içindədilər ki, hər dəqiqə başlarına od yağa bilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, səngərdə, döyüş postunda olan hərbçilərimizə isə cansağlığı versin. Tovuzda olduğum iki gündə gördüyüm mənzərə məni yaxşı mənada kövrəltdi. Belə qəhrəmanları, qurd ürəkli insanları olan xalq heç vaxt tarixdən silinə bilməz”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR