“İstədiklərini tapa bilməsələr, mənimlə əlaqə saxlayacaqlar”
Dünən bəzi saytlarda “Sumqayıt”ın müdafiəçisi Rail Məlikovun “kimyaçılar”la müqavilə müddətini uzatmayaraq “Qəbələ” ilə anlaşdığı haqda xəbərlər yayıldı. Xatırladaq ki, Məlikov artıq bir dəfə, 2013/14 mövsümündə “qırmızı-qaralar”ın şərəfini qoruyub və 10 matçda meydana çıxıb. 35 yaşlı müdafiəçinin yenidən bölgə təmsilçisinə yollanmasının nə dərəcədə düz olub-olmadığını bilmək üçün özü ilə əlaqə saxladıq. Və məlum oldu ki, yayılan xəbər heç də həqiqəti əks etdirmir: “Mən də bu xəbəri səhər saatlarında eşitdim. Jurnalistlərdən biri zəng vurub fikirimi öyrənmək istəyirdi. Ona da bu xəbərin yalan olduğunu dedim. Nə “Qəbələ”, nə də başqa bir klub ilə danışıq aparmışam. Hazırda Bakıdayam. Başa düşmürəm, bu xəbər hardan çıxıb və nəyə əsasən tirajlayıblar?”
Rail onu da bildirdi ki, 2016-cı ildən şərəfini qoruduğu “Sumqayıt”dan cavab gözləyir: “Sumqayıt” Qəbələdə hazırlığa başlasa da, mənimlə heç kim əlaqə saxlamayıb. Klubla müqaviləmin müddəti bitib. Yeni anlaşma üçün isə hələ təklif gəlməyib. Klub prezidenti Riad Rəfiyevlə söhbət etmişik. Mənə gözləməyi məsləhət gördü. Onun sözlərindən belə başa düşdüm ki, stopper mövqeyinə yeni oyunçu axtarırlar. İstədiklərini tapa bilməsələr, mənimlə əlaqə saxlayacaqlar”.
Ötən mövsümün sonunda Məlikovun karyerasını başa vuracağı və məşqçiliyə başlayacağı söylənilirdi. Ancaq Rail hələ ki butslarını mismardan asmaq istəmədiyini vurğuladı: “Belə söhbət var idi. Təbii ki, ilk addımdan baş məşqçi olmayacam. Əvvəlcə köməkçi kimi başlamalı, müəyyən təcrübə toplamalıyam. Eyni zamanda məşqçi kurslarına da qatılmaq vacibdi. Ancaq bütün bunlar gələcək üçün hesablanmış planlardı. Hələ 35 yaşım var və minimum daha bir il futbol oynamaq istəyirəm. Təklif olmasa, nə edəcəm? Gəlin indidən bu sual haqda düşünməyək. “Transfer pəncərəsi”nin bağlanmasına hələ çox var”.
RƏŞAD