Sizin reklam burada

“Futbol+”i müdafiə etdiyinə görə Aqil Abbası qınayıblar

Baxış Sayı:420

“Futbol+”i müdafiə etdiyinə görə Aqil Abbası qınayıblar
“Bundan sonra nə işi var onun AFFA-nın İcraiyyə Komitəsində?”
Bir neçə gün əvvəl xarici işlər naziri vəzifəsindən azad edilən Elmar Məmmədyarovun bu postda 16 illik fəaliyyəti başa çatdı. Onun həm də AFFA İcraiyyə Komitəsində yer aldığı məlumdu. Bu üzdən nazir vəzifəsindən azad olunmasından sonra AFFA-dakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi maraq doğurur. Şübhəsiz, İcraiyyə Komitəsindəki işi ilə bağlı müzakirə aparmaq doğru olmaz. Daha doğrusu, hansısa fəaliyyət görmədiyimiz üçün belə müzakirələr mümkünsüzdü.
Bütün yaşananlardan sonra Elmar Məmmədyarovun AFFA-da qalmasının nə dərəcədə etik olub-olmaması ilə bağlı millət vəkili Aqil Abbasla söhbətləşdik. Onun fikrincə, sabiq nazir İK-dakı işindən də məhrum olacaq: “Onu xarici işlər naziri kimi ora təyin etmişdilər. Elmar Məmmədyarov nə bilir ki, futbol nədi. Heç xarici işlər naziri vəzifəsini yerinə yetirə bilmirdi. Protokolda nə var, bilmirəm, sadəcə, AFFA həm də beynəlxalq təşkilatların üzvüdü, görünür, o baxımdan Məmmədyarov da qurumda üzv idi. Yəqin onu ordan da çıxaracaqlar. Əlbəttə, orda olması yaxşı deyil, bundan sonra nə işi var onun AFFA-nın İcraiyyə Komitəsində?
O, bizə Moskvadan sevindirici xəbər gətirmişdi, aprel ayı idi. Sevinə-sevinə gəlib dedi ki, kreativ danışıqlara başlamışıq. Danışmışıq ki, Azərbaycan jurnalistləri İrəvana getsinlər, erməni jurnalistlər bura gəlsinlər. Belə mənasız bir təklif vardı. Mən də həmin vaxt dedim ki, yaxşı olar ki, jurnalistlərdən ibarət bir futbol komandası düzəldək, ermənilər də düzəltsinlər və belə bir oyun keçirək. Bundan başqa, Elmar Məmmədyarov Xarici İşlər Nazirliyindən də bir komanda düzəltsin, onların nazirliyi də düzəltsin, getsinlər İrəvanda futbol oynasınlar, məsələ bitsin, onsuz da başqa iş görmürsüz”.
Aqil bəy sonda qəzetimizlə bağlı fikirlərini də açıqladı: “Futbol+” qəzetini çox sevirəm, hər zaman demişəm ki, bu qəzetə vəsait ayrılmalıdı. Vəsaitin ayrılmamasına pərt olan adamam. Hətta qəzetin adı maliyyə ayrılan qəzetlərin siyahısından çıxarılanda, bu barədə çıxış etmişdim. Onda məni xalq düşməni elan etmişdilər ki, sən niyə deyirsən ki, “Futbol+”ə vəsait ayrılmalıdı. Bu gün də fikrimin üzərində qalıram. Azərbaycanın ən çox tirajı olan, ən çox oxunan, öz işini məsuliyyətlə görən qəzetidi”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR