Sizin reklam burada

Elmar Məmmədyarov futboldan nə vaxt gedəcək?

Baxış Sayı:321


Firuz Abdulla: “Elmar müəllim İK-da xarici işlər naziri kimi təmsil olunmurdu”
Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin ilk yarısının social-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında son günlər döyüş xəttində yaşananlarla bağlı danışarkən səsləndirdiyi fikirlər gündəmi zəbt edib. Heç şübhəsiz, insanların marağına səbəb sabiq xarici işlər naziri Elmar Məmmədyarovun baş nazir Əli Əsədovla söhbətdə “mən evdən işləyirəm” deməsi və cənab Prezidentin buna qəzəblənməsi oldu. Cəmi bir gün sonra Məmmədyarov postundan uzaqlaşdırıldı, yerinə sabiq təhsil naziri Ceyhun Bayramov təyin olundu.
Elmar Məmmədyarov artıq xeyli vaxtı futbol ictimaiyyətinə də yaxından tanışdı. Daha doğrusu, bu şəxsin ad-soyadı tez-tez futbolla bağlı məsələlərdə çəkilir. 2016-cı ilin martında AFFA-nın Hesabat-Seçki Konfransı zamanı sabiq XİN rəhbəri ölkənin bir nömrəli futbol qurumunun İcraiyyə Komitəsinə üzv seçilmiş, bu ilin yanvarında fəaliyyət müddəti daha 4 il uzadılmışdı.
Elmar bəyin nazir postunu itirməsindən sonra ortaya sual çıxır: İcraiyyə Komitəsindəki fəaliyyətini davam etdirəcək, yoxsa ordan da ayrılacaq? Təbii ki, nazirlikdəki işlə komitədə təmsil olunmağın bir-birinə bağlı olmadığını bilirik. Hərəsinin öz yeri, öz öhdəlikləri var. İndiki məqamda maraqlı olan nazir vəzifəsini itirən birinin futbolla bağlı məsələlərdə yaxından iştirak etmək istəyinin olub-olmayacağıdı. Qaranlıq məqama aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Firuz bəy xırdalıqlara varsa da, Məmmədyarovun komitədəki gələcək aqibəti ilə bağlı məlumat verə bilməyəcəyini söylədi: “Bu ilin yanvarında AFFA-nın sonuncu Hesabat-Seçki Konfransı baş tutmuşdu ki, İcraiyyə Komitəsinin indiki üzvləri həmin konfransda seçilmişdi. Bu, həmin şəxslərin 2024-cü ilə qədər mandat müddətinin olması deməkdi. Hansısa üzv özü bu və ya digər səbəbdən könüllü şəkildə İcraiyyə Komitəsi üzvlüyündən istefa verməsə, onun digər təşkilatda, hansısa strukturda tutduğu vəzifədən ayrılması İK üzvlüyündən çıxması anlamına gəlmir. Elmar müəllim xarici işlər naziri vəzifəsindən azad olunduğuna görə AFFA-nın İcraiyyə Komitəsi üzvlüyünü davam etdirməyəcək deyə bir şey yoxdu. Üstəlik, Elmar müəllim İK-da xarici işlər naziri kimi təmsil olunmurdu. Onun namizədliyi Futbolsevərlərin İctimai Birliyi tərəfindən irəli sürülmüşdü və həmin təşkilatın təmsilçisi kimi AFFA-nın Nizamnaməsinə uyğun olaraq İcraiyyə Komitəsində təmsil olunurdu. Yəni AFFA-nın İK üzvləri hansısa digər strukturdan ayrılırsa, bu o demək deyil ki, həmin şəxsin İK-daki fəaliyyəti də başa çatır".
Bizə maraqlı olan məqam başqadı: Azərbaycan diplomatiyasını bərbad hala gətirən, vətəndaşımızın başına mərmi yağan anlarda “evdən işləyirəm” deyən birisi hansı mənəvi haqla futbolla bağlı məsələlərə qarışacaq? Daha doğrusu, hansı üzlə adam arasına çıxacaq?
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR