Sizin reklam burada

Elvin Məmmədov qol çəkdi, Xocaniyazovla danışıqlar davam edir

Baxış Sayı:239


“Sumqayıt” Qəbələdə iki yoxlama matçı keçirəcək
Yeni mövsümə və avrokuboklara hazırlaşan “Sumqayıt” Qəbələdə təlim-məşq toplanışına başlayıb. Ötən sayımızda xəbər verdiyimiz kimi, “kimyaçılar” “Qafqaz Riverside” otelində məskunlaşıblar.
Mövsümlərarası fasilədə əksər aparıcı oyunçularını itirən “ağ-göylər” boşluğu doldurmaq üçün futbolçu axtarışına çıxıb. “Zirə”dən ayrılan Tellur Mütəllimovun “Sumqayıt”la müqavilə bağladığından xəbərdarsız. Onun ardınca daha bir oyunçunun “Zirə” – “Sumqayıt marşrutu ilə hərəkət edəcəyi məlum olub. Söhbət Elvin Məmmədovdan gedir. 2018/19 mövsümü başa çatandan sonra “kimyaçılar”ı qəsəbə təmsilçisinə dəyişən təcrübəli yarımmüdafiəçi “qartallar”ın heyətində, demək olar ki, görünmədi. Uzun müddətdi oyun təcrübəsindən əziyyət çəkən Məmmədov bu yay yenidən “gənclər şəhəri” təmsilçisinə dönməyə razılıq verib. Ancaq kluba birinci gəlişindən fərqli yarımmüdafiəçi qarşıdakı 1 ildə daha az məbləğə top qovacaq. Maraq üçün onu da qeyd edək ki, Elvin 2018/19 “futbol ili”ndə “Sumqayıt”da çıxış edərkən ayda 10 min manat maaş alırdı. Qəbələ toplanışına yarımcan heyətlə yollanan komandanın məşqçilər korpusu hazırlıq dönəmində gənclərə də özünü göstərmək şansı yaradıb. Belə ki, U-17 komandasının üç üzvü – Sərvin İsmayılov, Nihat Ağayev və Rüstəm Hümbətov əsas komanda ilə birgə məşqlərdə iştirak edirlər. Yeri gəlmişkən, “kimyaçılar”la müqaviləsinin müddəti bitən Cəmaləddin Xocaniyazovun da komandada qalıb-qalmayacağı dəqiqləşməyib. Əslən Məshəti türkü olan müdafiəçi ilə danışıqlar davam etdiyindən o hələ ki məşqlərə qatılmır. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, böyük ehtimalla Xocaniyazovla danışıqlar müsbət sonuclanacaq və daha bir il “Sumqayıt”da qalacaq. Onunla yanaşı, Peyman Babayinin də geri dönəcəyi deyilir. Forvardın adı “Neftçi” ilə yanaşı hallansa da, onun “Sumqayıt”da qalacağı bildirilir. Klub rəhbərliyi Peymanın müqavilə ilə məxsus olduğu “Maşınsazi” rəsmiləri ilə danışıqları yekunlaşdırmaq üzərdi. Bəzi xırda detallar qalıb ki, onun da gələn həftə həll olunacağı gözlənilir.
Klubun idman direktoru Zamiq Hüseynov bizimlə söhbətdə Qəbələ toplanışı zamanı iki yoxlama oyunu keçirməyi düşündüklərini vurğuladı. Ancaq hələ ki nə matçların tarixi, nə də rəqiblərin adları məlumdu.
Sonda onu da bildirək ki, pandemiya dönəmində sərhədlərin bağlı olması səbəbindən 5 aya yaxındı Almaniyaya yollana bilməyən “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal, dünən, nəhayət, Azərbaycanı tərk edərək Frankfurta yola düşüb. Onun avqustun ikinci yarısında geri qayıdacağı gözlənilir.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR