Sizin reklam burada

“Zirə”nin büdcəsi 50 faiz azaldılıb

Baxış Sayı:274


Skarlatake: “Avrokuboklara getsəydik, belə olmayacaqdı”
Baş çatan mövsümdə Avroliqaya vəsiqənin əldən verilməsi, bu azmış kimi, pandemiyaya görə büdcənin azaldılması “Zirə”də ciddi dəyişikliklərə səbəb oldu. Öncə Zaur Həşimovla vida məqsədilə əl sıxıldı, ardınca hissə-hissə heyətin 80 faizi ilə ya yeni müqavilə imzalanmadı, ya da qarşılıqlı razılıq əsasında yollar ayrıldı.
“Qartallar”ı tərk edənlərdən biri də Adrian Skarlatakedi. Həmin futbolçu ki, 2011-ci ildən bəhb Azərbaycanda çıxış edir, müxtəlif illərdə “Xəzər Lənkəran”, “Keşlə”, “Zirə”nin formasını geymişdi. Legionerlər arasında ən çox oyun keçirənlərin siyahısında adının “5-lik”də olduğunu da qeyd etmək yerinə düşər. Üstəlik, Azərbaycan dilində danışır, hər imkanda ölkəmizdə yaşamaqdan qürur duyduğunu deyirdi. Lakin “Zirə” rəhbərliyi, ya da yeni baş məşqçi “duran toplar”ın mahir ifaçısına növbəti dəfə güvənmək istəmədi. Adrianla “Zirə”dən ayrılığı, bundan sonra nə edəcəyi, Azərbaycanda keçirdiyi illərlə bağlı danışdıq.
- Sabit oynayan biri kimi “Zirə”nin səninlə yeni əməkdaşlıqda maraqlı olmamasına yəqin ki, təəccübləndin.
- Xeyr, qətiyyən təəccüblənmədim. Belə olacağını əvvəldən bilirdim. Ona görə də “Zirə”dən ayrılmaq mənim üçün sürpriz olmadı.
- Nədən hiss eləmişdin?
- Klubun vəziyyətindən. Pandemiyanın ölkədə yaratdığı çətinlik “Zirə”nin büdcəsindən də yan keçməyib. Məndə olan məlumata görə, büdcə təxminən 50 faiz azalıb. Bu isə zarafat görünə bilməz. Büdcə olmayan yerdə legionerli komanda saxlamaq çətin görünür. Sırf özümlə bağlı bir şey yox idi. Futbolçu keyfiyyətlərimə görə klubun xidmətimdə maraqlı olmadığına inanmıram.
- Zaur Həşimovla yollar ayrıldı, ardınca heyətin 80 faizi yola salındı. Səncə, vəziyyətin belə olmasında Avroliqaya vəsiqə qazanmamağınız rol oynadı?
- 100 faiz belədi. Avrokuboklara getsəydik, belə olmayacaqdı. Çünki hər bir klubun rəhbəri komandasını avrokuboklarda uğurlu görmək istəyir. Beynəlxalq arenalardakı uğur həm də yaxşı maliyyə qazancı deməkdi. Belə deyim, rəhbərlər pul qoyub, pul götürə bilir. Avroliqada çıxış etsəydik, məncə, nə baş məşqçi yola salınardı, nə də heyətdə köklü dəyişikliklər olardı. Çünki son dövrlər komanda pis təsir bağışlamırdı. 4-cü yerdəki “Sumqayıt”la xalımız eyni idi, üstəlik, kubokun yarımfinalına yüksəlmişdik. Əlbəttə, kiçik dəyişikliklər olacaqdı, amma bu cür yox. Sadəcə, rəhbərlik qışda yeni transferlərə çox pul xərclədi, yeni oyunçular alındı, sonluq isə ürəkaçan olmadı. Bundan sonra nəsə danışmaq heç nəyi dəyişməyəcək. Hamımız irəli boylanmalıyıq. Bir şeyi bilirəm ki, koronavirus “Zirə”ni Avroliqaya vəsiqədən etdi. Çempionat davam etsəydi, vəsiqə qazanacaqdıq. Bunu əminliklə deyirəm.
- Azərbaycandasan hələ?
- Bəli, Bakıdayam. Uzun illərdi burdaydım, ona görə də bir çox məsələləri yoluna qoymağım vacibdi. Gələn həftəyə bilet almışam. Sağlıq olsun, burdakı işlərimi yoluna qoyum, növbəti həftə Rumıniyaya uçacam.
- Bundan sonrakı gələcəyini necə görürsən? Maraqlananlar, soruşanlar var?
- Var-var, dostum. Rumıniyanın yüksək dəstəsində çıxış edən 2-3 klubdan maraqlanıblar. Xüsusən vaxtilə rəhbərliyi altında oynadığım bir məşqçi israrla məni yenidən komandasında görmək istədiyini deyir. Lakin hələ cavab verməmişəm. Əvvəla Rumıniyada çempionat davam edir, istəsəm də, keçid indi baş tutmayacaq. Digər tərəfdən tələsik qərar qəbul etmək istəmirəm. Həmişə klub seçimində diqqətli olmağa çalışmışam. Gizlətmirəm, daha bir-iki il legioner həyatı yaşamaqda maraqlıyam. Azərbaycanda, yaxud başqa ölkədə - fərq etməz. Əsas olan komandama fayda vermək, təcrübəmdən avrokuboklarda yararlanmaqdı.
- Azərbaycandan təklif yoxdu?
- Bu günə qədər soruşan olmayıb. Bundan sonra necə olacağını deyə bilmərəm. Hələ ki burdayam. Maraqlanan olsaydı, indiyə qədər soruşardılar. Açığı, Azərbaycanda qalmaqda maraqlıyam. Neçə ildi burdayam, bura öyrəşmişəm, çoxlu dostum var, Bakı mənə doğmalaşıb. Amma hər şey mənim istəyimlə olmur. Gedib hansısa klubun qapısını döyüb, “məni komandaya götürün” deyə bilmərəm. Fikrimcə, Azərbaycanda oynadığım illər ərzində özüm haqda mənfi fikirlər formalaşdırmamışam. Daim çörəyini yediyim komandalara kömək etmişəm, peşəkarlığımı qorumuşam. Ona görə də bundan sonrası məndən asılı deyil. Təklif olmasa, yenidən Rumıniyaya qayıdaram.
- Vaxtilə şərəfini qoruduğun “Keşlə”nin mərkəz müdafiəçisinə ehtiyacı var. Eləcə də “Sumqayıt”ın tarixində ilk dəfə legionerlə güclənəcəyi deyilir. Avroliqada uğurlu çıxış üçün az pul qarşılığında oynamağa razılaşarsan, yoxsa pul sənin üçün önəmlidi?
- 2 il “Keşlə”də oynamışam və heç vaxt heç kimlə problemim olmayıb. İndinin özünə qədər klubdakı hər kəslə əlaqəm yaxşıdı. Görəndə əl sıxıb görüşür, hal-əhval tuturuq. “Sumqayıt” da son mövsümdə oyununu bəyəndiyim komanda idi. Bu komandanın avrokuboklardakı debütü özümə də maraqlıdı. Lakin indiyə qədər heç birindən təklif almamışam. O ki qaldı pul məsələsinə, əlbəttə, hər bir futbolçu qazanmaq istəyir. Lakin bəzən pul heç də birinci pillədə olmur. Üstəlik, bu cür böhran vəziyyətində. Təklif olsa, məncə, maliyyə şərtlərində ortaq dil tapmaq olar.
- “Xəzər Lənkəran”dan haqq etdiyin pulu ala bilmədiyin üçün ali qurumlara üz tutmuşdun. Sonradan klub rəsmilərinin saxta sənədlərlə özlərini haqlı tərəf kimi göstərməsi səni prokurorluğa müraciət etməyə məcbur etmişdi. Çəkişmədə son durum necədi?
- Proseslər sürətlə davam edirdi və qısa zamanda xeyrimə qərarın açıqlanacağını gözləyirdim. Lakin koronavirus hər şeyi məhv etdi. Bildiyiniz kimi, məhkəmələr əvvəlki qrafiklə işləmir. Ona görə də mənim məsələm açıq qalıb. Düzü, Azərbaycanda yubanmağımın əsas səbəblərindən biri də budu. Yenə də gözləyirəm, görək nə olur. Hətta burdan getsəm belə, vəkilimlə birgə işin axırına çıxacağıq.
- 10 ilə yaxın Azərbaycanda yaşadın, burda futbol oynadın. Ölkəmiz haqda təəssüratların necədi, nələri xatırlayacaqsan?
- Azərbaycan mənə ikinci vətən kimidi. Bunu sözgəlişi demirəm, həqiqətən belədi. Bir ölkədə 10 ilə yaxın yaşamaq, bu ölkənin futbolunda ən çox oyun keçirən legionerlərdən biri olmaq, saysız dostlar qazanmaq, yerli dildə başa düşüb, danışmaq – bunlar həqiqətən ciddi şeylərdi. Hər insanın həyatında uğurlu və uğursuz günlər olur. Amma Azərbaycanla bağlı xoş xatirələrin sayı-hesabı yoxdu. Sizə maraqlı fakt deyim, Azərbaycanda oynadığım oyunların sayı vətənim Rumıniyada oynadığımdan çoxdu. Sadəcə, təsəvvür edin. Nə vaxtsa Rumıniyaya qayıtsam, orda məni karyerası Azərbaycan futboluna bağlı olmuş Skarlatake kimi qəbul edəcəklər. Burda olduğum müddətdə həmişə hadisələrin içində olmağa çalışdım. Sərhəddəki atışmalar zamanı həyəcanlandım, insanlar üçün Allahdan əmin-amanlıq, cansağlığı dilədim. İndi də Tovuzdakı atışmaya və orda həlak olan şəhidlərə görə çox pis oldum. Çünki Azərbaycandakı çevrəm təkcə futbol adamları deyildi. Futboldankənar sahələrdə də dostlarım var. Onlara, onların yaxınlarına görə də çox narahatam. Qısası, Rumıniya mənə nə qədər əzizdisə, Azərbaycan da o qədər doğmadı. Hər şeyə görə mənə dəstək verən azarkeşlərə, güvənən məşqçi və rəhbərlərə, daim yanımızda olan dostlara, futbolçu yoldaşlarıma və təbii ki, Azərbaycan futboluna minnətdaram.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR