Sizin reklam burada

“Sabah” Qəbələyə baş məşqçisiz yollandı

Baxış Sayı:205


“Tələbələr” iyulun 25-də “Qarabağ”la qarşılaşacaq
PFL prezidenti Ramin Musayevin avqustun 14-nü növbəti mövsümün başlama tarixi kimi göstərməsi avrokuboklarda iştirak etməyəcək komandaları da hərəkətə keçməyə məcbur etdi. Ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”a görə aidiyyatı qurumlardan karantin zonasına daxil olmayan bölgələrdə hazırlıq keçmək icazəsi alınmışdı. Lakin növbəti mövsümə hazırlaşmaq üçün başqalarının qarşısında da “yaşıl işıq yandırılmalıydı”. Görünür, bu məsələ də müsbət həllini tapıb.
Hələ üç gün əvvəl, qəzetimizin ötən sayında “Sabah”ın iyulun 17-də təlim-məşq toplanışına başlayacağını və bu məqsədlə Qəbələyə yollanacağını xəbər vermişdik. Otelin adını da yazmışdıq - “Qafqaz Sport”. Lakin klubun mətbuat katibi Elnur Həmidov məsələ ilə bağlı qəzetimizə açıqlamasında hazırlığa başlamaq niyyətində olduqlarını desə də, tarix və məkanla bağlı suala cavab verə bilməyəcəyini söyləmişdi. Odu ki, dünən, yəni “Sabah”ın toplanışa başlamalı olduğu gün həmkarımızı yenidən aradıq. Həmidovun budəfəki cavabı daha dolğun və ətraflı oldu: “Komanda bu gün (dünən) səhər Qəbələyə yollandı. Adı çəkilən bölgədə ikihəftəlik toplanış nəzərdə tutulub. Bəli, komanda “Qarabağ” və “Neftçi”ylə eyni oteldə - “Qafqaz Sport”da məskunlaşıb. Toplanış çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub. “Qarabağ”la sınaq matçının iyulun 25-də baş tutması planlaşdırılır. Xeyr, baş məşqçi və köməkçiləri hələ ki düşərgədə deyil”.
Sonuncu cümlədən ortaya iki önəmli sual çıxır. Birincisi, baş məşqçi yoxdusa, “tələbələr”i Qəbələdə məşqə kim çıxaracaq? İkincisi, Visente Qomes deyildiyi kimi Bakıya ayın sonuna qədər təşrif buyuracaqsa, hazırlığa nə dərəcədə nəzarət edə biləcək? “Sabah”ın mətbuat katibini dinləyək: “İlk suala cavab olaraq deyim ki, komandanın Qəbələdəki məşqlərinə Aleksandr Qrossla Vitali Kovalyov nəzarət edəcək. Lakin bu, uzun müddəti əhatə etməyəcək. Çünki Visente Qomeslə köməkçilərinin yaxın iki-üç gün ərzində, belə deyim, iyulun 21-nə qədər düşərgədə olacağı gözlənilir”.
Daha bir məqam komandadakı əcnəbilərlə bağlıdı. Bildiyiniz kimi, çempionatın ləğvi ilə bağlı qərar verilənə qədər hamı bir nəfər kimi Bakıda qalıb son qərarı gözləyirdi. AFFA-nın İcraiyyə Komitəsinin məlum qərarından sonra hərə bir tərəfə dağılışdı. Biri çarter reysi ilə yola çıxdı, bir başqası Bakı - İstanbul reysindən yararlandı. Uzun müddət ailə və doğmalarından uzaq qalan legionerlərin bir çoxu hazırda vətənindədi. “Sabah”dakı son vəziyyəti Elnur bəydən öyrəndik: “Komanda Qəbələyə, demək olar, tam heyətlə yollanıb. Yalnız iki nəfərin yolunu gözləyirik. Ozancan Kökçü iyulun 18-də, Aleksey İsayev isə 20-də gəlməlidi”.
Bu ilin əvvəlində Ramil Şeydayev böyük ümidlərlə “Sabah”la müqavilə bağlamışdı. Yığma üzvünün anlaşması uzun müddətə hesablanmamışdı, mövsümün sonunda, yəni yayda başa çatacaqdı. Bu isə o deməkdi ki, çempionat başa çatandan sonra Ramil azad agent statusuna yiyələnib. Qış fasiləsindən sonrakı dönəmdə vaxtını əsasən fiziki formasını bərpa etməyə ayıran forvard “Sabah”ın əsas heyətində möhkəmlənə bilmədi. Lakin ona olan ümidlər böyük idi. Maraqlıdı, bundan sonrakı aqibəti necə olacaq? “Sabah” onu saxlamaq niyyətindədi? Həmidov yığmanın aparıcı oyunçusunu razı salmağa çalışdıqlarını deyir: “Dediyiniz kimi, Ramil Şeydayevin “Sabah”la müqavilə müddəti başa çatıb. Lakin xidmətində maraqlıyıq. Hazırda danışıqlar davam etdirilir. Yəqin ki, yekun nəticə yaxın günlərdə bilinəcək. Razılığa gələ bilsək, futbolçu ilə müqavilə bağlanacaq və bu haqda saytımız vasitəsi ilə ictimaiyyətə məlumat veriləcək”.
Sonda yaddaşınız təzələnsin deyə, “Sabah”ın mövsüm başa çatandan sonra baş məşqçi Jelko Sopiç və köməkçiləri, futbolçulardan Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Məqsəd İsayev və Rəşad Eyubovla yollarının ayrıldığını xatırladaq. Əvəzində ispan çalışdırıcı Visente Qomeş və iki köməkçisi, həmçinin Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Slavik Alxasov, Aleksey İsayev və Nicat Mehbalıyevlə müqavilə bağlanıb.
Dünən isə daha bir futbolçunun keçidi rəsmiləşib. Paytaxt təmsilçisi 19 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlayıb. "Anji" Futbol Akademiyasının yetirməsi olan 18 yaşlı oyunçu son mövsümü bu klubun əvəzedici heyətində keçirib.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR