Millətlər Liqası da boş tribunalar önündə keçiriləcək
Yığma Millətlər Liqasının 2020/21 mövsümünün qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Yəni ölkənin bir nömərli futbol komandası Lüksemburq, Cənubi Kipr və Monteneqronu ölkənin bir nömrəli idman arenasında qəbul edəcək. Lüksemburqla Bakıdakı görüş sentyabrın 5-də, Cənubi Kiprlə qarşılaşma oktyabrın 13-də, Monteneqro ilə oyun isə noyabrın 14-də adı çəkilən stadionda baş tutacaq. Bu öz yerində.
İndiki halda sual doğuran əsas məqamlardan biri azarkeşlərlə bağlıdı. Daha doğrusu, sentyabrın 5-dəki matça azarkeşlərin buraxılıb-buraxılmayacağıdı. Bildiyiniz kimi, avrokubokların 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları boş tribunalar önündə keçiriləcək. Artıq bununla bağlı UEFA rəsmi qərar da verib. Maraqlıdı, Millətlər Liqasının qrup mərhələsi ilə bağlı son durum və qərar necədi? Sentyabrın 5-də keçiriləcək Azərbaycan – Lüksemburq oyununa azarkeşlər buraxılacaq, ya yox?
Ötən sayımızda məlum məsələ ilə bağlı AFFA-nın mövqeyini öyrənməyi lazım bilmiş və bu niyyətlə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aramışdıq. Firuz bəy bu məsələ ilə bağlı UEFA-ya yazışdıqlarını, Avropanın ali futbol qurumuna məktub göndərib cavab gözlədiklərini bildirmişdi. Assosiasiyanın mətbuat katibi ilə dünən yenidən əlaqə saxladıqda UEFA-dan gələn cavabla tanış olduq: “UEFA-dan cavab məktubu almışıq. Hazırkı durum belədi ki, UEFA-nın bayrağı altında keçirilən bütün yarışlarda arenalarda azarkeş olmayacaq. Hazırkı durum budu. Qarşıdakı günlərdə hansısa dəyişikliklər olarsa, milli assosiasiyalara yeniliklərlə bağlı məlumat veriləcək. Bu gün verə biləcəyim məlumat budu”.
HƏBİB