Azərbaycan premyer-liqasının vaxtından əvvəl başa çatdırılmasından sonra klublar transferlərini həyata keçirməyə başladı. Mövcud vəziyyət, pandemiya şəraiti, karantin rejimi ilə bağlı transferlərin edilməsi, xüsusilə legioner futbolçuların keçidi xeyli çətinləşib. Bu mənada “Səbail”in səssizliyi xüsusilə diqqəti çəkir. Bir futbolçusuyla – Fəhmin Muradbəyli ilə yolları ayıran paytaxt klubu yeni futbolçu ilə güclənməyib. Əvvəlki saylarımızın birində komandanın baş məşqçisi Aftandil Hacıyev klubun büdcəsinin müəyyənləşmədiyini, məhz bunu gözlədiklərini bildirmişdi.
Dünən yenidən baş məşqçi ilə əlaqə saxlayıb, hazırkı vəziyyət, mümkün futbolçu ayrılıqları, yeni transferlər, milli komandanın baş məşqçi postuna Canni De Byazinin təyinatı kimi məsələlərlə bağlı danışdıq. Gənc mütəxəssis klub rəhbərliyi ilə görüşün baş tutduğunu, növbəti mövsüm üçün planları hazırladığını diqqətimizə çatdırdı: “Hələ dəqiq heç nə deyə bilmirəm, çünki büdcə müəyyənləşməyib. Amma rəhbərliklə artıq ilkin söhbətimiz olub. Hər iki tərəf işi davam etdirməkdə maraqlıdı. Hazırda komandanın yay hazırlığı üzərində çalışırıq. Bəzi məsələlər var ki, tam dəqiqləşməlidi. Bilirsiz ki, vaxt da olduqca qısadı. Heyəti müəyyənləşdirməliyik. Növbəti görüşlərdə bu barədə konkret fikirlər, qərarlar olacaq. Hazırda planlarımız var, amma hazırlığın neçə gün, necə keçirilməsi müəyyənləşdirilməlidi. Bu da karantin rejiminin yüngülləşdirilməsindən asılıdı. Karantin rejimi tezliklə yüngülləşsə, yəqin ki, ilkin hazırlığı Bakıda keçərik. Amma karantin rejimi yüngülləşdirilməsə, büdcənin necə olmağından asılı olmayaraq, məşq keçmək üçün iyulun 20-dən sonra Bakıdan çıxmaq lazım olacaq. Ayın 20-dək təşkilati məsələlərlə məşğul olacağıq. Məşq prosesi barədə həmin tarixədək qərar verilməlidi”.
Mütəxəssis komandadan gedəcək futbolçuların olacağını istisna etmədi: “Komandadan gedəcək və heyətdə qalacaq futbolçularla bağlı büdcə müəyyənləşəndən sonra qərar veriləcək. Şərtlər uyğun olsa, bu futbolçularla yolumuza davam edəcəyik. Şərtlərdə razılığa gələ bilməyəcəyimiz futbolçularla isə yollarımız ayrılacaq”.
“Səbail”in çalışdırıcısı millinin yeni məşqçisi Canni De Byazinin təyinatı ilə bağlı isə bunları dedi: “Əvvəldən də görünürdü ki, AFFA daha çox əcnəbi məşqçilərlə danışıqlar aparır. De Byazinin işi barədə uzun-uzadı fikir bildirmək çətindi, çünki yalnız Albaniya millisi ilə qazandığı uğurları bilirik. Bizim milli ilə hansı uğurlara imza atacaq, uğur qazana biləcəkmi - bunları qarşıdakı aylarda görəcəyik. Rəsmi oyunlardan sonra hər şey daha aydın olacaq. Əlbəttə, çempionatımızın keçirilməməsi, gec başlaması milliyə də zərər verə bilər. Nəzərə almalıyıq ki, məşqçi ilk növbədə çempionatdakı futbolçular arasından seçim etməlidi. Bu baxımdan onun işi çətin olacaq. Bunun öhdəsindən gəlməsi üçün baş məşqçiyə uğurlar arzulayıram. Millinin uğuru üçün hamımız çalışmalıyıq. Biz də əlimizdən gələn köməyi əsirgəməyəcəyik”.
AYGÜL
P.S. Günün ikinci yarısında “Səbail”in Maykl Essyenlə yolları ayırdığı məlum oldu. Ötən il martın 16-da paytaxt təmsilçisiylə ilyarımlıq müqavilə bağlayan 37 yaşlı yarımmüdafiəçi həm də klubun U-19 komandasının məşqçisi idi. Qanalı futbolçu yaxın günlərdə Bakını tərk edəcək.