Sizin reklam burada

“Sumqayıt”ın ilk transferi Tellur Mütəllimov oldu

Baxış Sayı:249


Gələn ay ölkəmizi avrokuboklarda təmsil edəcək 4 komandadan üçü artıq hazırlığa start verib. Bir daha xatırladaq ki, “Qarabağ”la “Neftçi” Qəbələdə, “Keşlə” isə Şamaxıda toplanışın ilk mərhələsinə başlayıb. Ölkə kubokunun tamamlanmaması üzündən premyer-liqanın dördüncüsü kimi qitəmiqyaslı turnirə vəsiqə qazanan “Sumqayıt” debütant olmasına baxmayaraq, bu yöndə hərəkətsizliyi ilə seçilir.
Ancaq dünən əldə etdiyimiz məlumata inansaq, “kimyaçılar” da artıq hərəkətə keçib. Qəzetimizin elə bu sayı üçün müsahibə verən baş məşqçi Ayxan Abbasov yaxın iki gündə toplanış üçün Qəbələyə yollacaqlarını bildirsə də, dəqiq tarix söyləməmişdi. Dünən bəlli oldu ki, koronavirus testi verən kollektivdə hamının analizi neqativ çıxıb və komanda bu gün Qəbələyə yollanır. Səhərin erkən saatlarında yola çıxacaq “ağ-göylər” axşam toplanış keçəcəyi məkanda məşq edəcək. Bu haqda bilgini klubun mətbuat katibi Rəşad Məmmədovdan aldıq: “Kollektiv, səfərə çıxacaq məşqçilər korpusu və inzibati heyət dünən (sragagün) COVID-19 testi verib. Bu gün cavab bəlli oldu. Şükür Allaha, bütün testlərin nəticəsi neqativdi. Komanda sabah (bu gün) Qəbələyə yollanacaq. “Sumqayıt” rayondakı “Qafqaz Riverside” otelində məskunlaşacaq. Yoxlama görüşləri ilə bağlı hələ heç nə bilinmir. Bu suala hazırlığın gedişində aydınlıq gələcək”.
Klublara yaxın mənbədən əldə etdiyimiz bilgiyə görə, avrokubok iştirakçılarının bölgədəki toplanışının müddəti dəqiq bilinmir. Hər şey Bakıda tətbiq olunan sərt karantin rejiminin hansı müddətə qədər davam etməsindən asılıdı. Sərt karantin rejimi iyulun 20-də başa çatacağı halda klublar paytaxta dönməyi və toplanışı Bakıda davam etdirməyi planlaşdırıb. Bəs görəsən, “kimyaçılar”ın Qəbələ səfəri nə vaxta kimi davam edəcək? Rəşad bəy bu haqda dəqiq bilgiyə sahib olmadığını söylədi: “Komandanın Qəbələdə nə qədər qalacağı hələ dəqiqləşməyib. Hər şey ölkədəki durumdan asılıdı. İyulun 20-dən sonra karantin rejimi yumşalsa, ola bilər ki, toplanışın davamını Sumqayıtda keçək. Sabah (bu gün) səfərə çıxacaq komandanın hazırlıq planında belə nüanslar nəzərə alınıb”.
Mövsümlərarası fasilədə “gənclik şəhəri”nin təmsilçisini bir çox aparıcı futbolçuların tərk etdiyini xəbər vermişdik. Aleksey İsayevin “Sabah”, Şəhriyar Əliyevin “Keşlə”, Sərtan Taşkının “Zirə” ilə anlaşdığı bəllidi. Əmir Ağayevlə Peyman Babayinin müqaviləsinin müddətinin başa çatdığı məlum olsa da, onların “Sumqayıt”da qalıb-qalmayacağı hələ dəqiqləşməyib (bu haqda başqa yazıda oxu – red.). Mehdi Şərifinin isə yeni mövsümdə “kimyaçılar”ın heyətində olmayacağı dəqiqləşib. Avropa Liqasında debüt edəcək kollektivin qitəmiqyaslı turnirə kimlərlə yollanacağı həm böyük maraq, həm də futbol camiəsi arasında narahatlıq doğurur ki, bu da başadüşüləndi. Əsas heyətin aparıcı futbolçuları ilə vidalaşmaq, məsul sınaq qarşısında yeni kollektiv formalaşdırmaq heç də asan məsələ deyil. Boş qalan mövqelərə yeni oyunçu tapıb dəvət etmək asandı. Ancaq yenilər komandanın oyun modelinə, baş məşqçinin futbol fəlsəfəsinə nə qədər tez uyğunlaşa biləcək? Bu suallar aktuallığını qoruyur. Kluba yaxın mənbələrdən bizə ötürülən informasiyaya inansaq, baş məşqçinin və köməkçilərinin ardından klub rəhbərliyi müqaviləsinin müddəti başa çatmış futbolçuların bəziləri ilə yeni anlaşma imzalayıb. Mehdi Cənnətov, Vurğun Hüseynov, Elvin Bədəlov və Vüqar Mustafayev 2021-ci ilin yayına qədər “kimyaçılar”ın uğurları üçün tər tökəcəklər. Bundan başqa, avrokubokların debütantı mövsümlərarası fasilədə ilk transferini də reallaşdırıb. Belə ki, “Zirə”dən ayrılan və adı “Keşlə” ilə yanaşı hallanan Tellur Mütəllimov “Sumqayıt”la ortaq məxrəcə gəlib və dünən klubla müqavilə bağlayıb. Rəşad Məmmədovdan deyilənlərin nə dərəcədə doğru olduğunu dəqiqləşdirmək istəsək də, təəssüf ki, “ağ-göylər”in mətbuat katibi günün ikinci yarısında zənglərimizi cavabsız qoydu.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR