Yığmanın Millətlər Liqasının 2020/21 mövsümünün qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionun adı məlumdu. Ölkənin bir nömrəli futbol komandası Lüksemburq, Cənubi Kipr və Monteneqronu, gözlənildiyi kimi, Olimpiya stadionunda qəbul edəcək. Lüksemburqla Bakıdakı görüş sentyabrın 5-də, Cənubi Kiprlə qarşılaşma oktyabrın 13-də, Monteneqro ilə oyun isə noyabrın 14-də baş tutacaq. Məsələnin bu tərəfi ilə işimiz yoxdu.
Sual doğuran əsas məqam azarkeşlərlə bağlıdı. Daha doğrusu, sentyabrın 5-dəki matça azarkeşlərin buraxılıb-buraxılmayacağı. Bildiyiniz kimi, avrokubokların 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları boş tribunalar önündə keçiriləcək. Artıq bununla bağlı UEFA rəsmi qərar da verib. Maraqlıdı, Millətlər Liqasının qrup mərhələsi ilə bağlı son durum və qərar necədi? Sentyabrın 5-də keçiriləcək Azərbaycan – Lüksemburq oyununa azarkeşlər buraxılacaq, ya yox?
Qaranlıq məqama AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullayla söhbətdə aydınlıq gətirməyə çalışsaq da, dəqiq cavab ala bilmədik: “Oyunların azarkeşli, yaxud azarkeşsiz keçiriləcəyi ilə bağlı qərarı turniri təşkil edən qurum, yəni UEFA verir. Dediyiniz məsələ ilə bağlı UEFA ilə yazışmalar davam edir. Məktub göndərilib, cavab gözləyirik. Hansısa xəbər olan kimi məlumat veriləcək”.
Maraqlıdı ki, BOS-un direktoru Cavid Qarayev bir başqa açıqlamada oyunların azarkeşsiz keçiriləcəyini bildirib.
HƏBİB