Sizin reklam burada

Milli komanda De Byaziyə tapşırıldı

Baxış Sayı:319

Milli komanda De Byaziyə tapşırıldı
“AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir”
İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub: “COVID-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).
Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.
Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildi”.
Futbolçu kimi seçilənlərdən olmayıb
İtalyan mütəxəssis 1956-cı il iyunun 16-da Trevizo əyalətinin Sarmede kommunasında dünyaya göz açıb. Həm İtaliya, həm də Albaniya vətəndaşlığına malikdi. 64 yaşlı məşqçinin futbolçu karyerası o qədər də parlaq olmayıb. Yarımmüdafiəçi olan De Byazi peşəkar karyerasına "İnter"də başlayıb. Ancaq heç vaxtt Milan təmsilçisinin əsas heyətində çıxış etməyib. 1975-ci ildə C seriyasında çıxış edən "Recina"ya, növbəti il isə yüksək liqaya yeni yüksəlmiş "Peskara”ya icarəyə verilib. 1977-ci ildə "Breşiya"ya transfer olunub. De Byazi bu klubun şərəfini 5 il qoruyub. Bu illərdən yalnız birini A seriyasında keçirib.1983-cü ildə "Palermo"ya üz tutan yarımmüdafiəçi bundan sonra "Viçentsa" və "Trevizo"nun uğurları üçün tər töküb. Millinin yenı çalışdırıcısı futbolçu karyerasını 1990-cı ildə başa vurub.
Albaniyanı Avropa çempionatına aparan məşqçi
Butslarını mismardan asan De Byazi 1990-cı ildə “Bassano”nun gənclər komandasının “sükanı arxasına” keçib. 1 ildən sonra mütəxəssis eyni missiyanı “Viçentse”də də yerinə yetirib. 1993-cü ildən isə 64 yaşı məşqçi İtaliyanın müxtəlif klublarında - “Pro Vasto”, “Karpi”, “Kozentsa”, SPAL, “Modena”, “Breşiya”, “Torino” - iş başında olub. Yeri gəlmişkən, “Modena” 38 ildən sonra məhz De Byazinin sayəsində yenidən İtaliya futbolunun elitasına dönməyi bacarıb. 2007/08 mövsümündə “Levante”dən təklif alan De Byazi İspaniyaya yollanır. Ancaq onun Pireney yarımadasına səfəri çox çəkmir. 2008-də o yenidən vətəninə dönərək “Torino”nun “sükanı arxasına” keçir. Bir il sonra artıq “Udineze”nin təklifini qəbul edən çalışdırıcı 2010-da “ağ-qaralar”dan ayrılır. Bir il işsiz qalan De Byazi 2011-də Albaniya yığmasını çalışdırmağa razılıq verir və məşqçi kimi ən böyük uğuruna da burda imza atır. Albanlar onun rəhbərliyi altında 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar. 6 il bu yığmanı çalışdıran məşqçi 2017-ci ildə yenidən İspaniyaya dönür və La Liqada mübarizə aparan “Alaves”in baş məşqçisi təyin olunur. Ancaq bu dəfə də İspaniyada uğursuzluğa düçar olur. Cəmi 65 gündən sonra istefaya göndərilir. 3 ilə yaxın işsiz qalan italyanın son dayanacağı isə artıq bildiyiniz kimi, Azərbaycan millisidi.
Millinin çalışdırıcısı avqustda Bakıya gələcək
Yığmanın baş məşqçisi təyin olunar-olunmaz italyan mütəxəssis "Derbyderbyderby" nəşrinə açıqlama verib. De Byazi gələcək barədə düşüncəsi olan və futbol baxımından böyüyən ölkəyə getdiyini bildirib. Baş məşqçi AFFA ilə ilk danışığının hələ fevralda olduğunu xatırladıb: "Təklif ciddi olduğu üçün buranı seçdim. Həmsöhbətlərim, federasiya rəhbərliyi etibarlı oldu. Sonra pandemiya başladı və hər şey dayandı. İndi yenidən rahat nəfəs ala bildik və razılıq əldə etdik. Müqavilənin müddəti 1,5 illikdi - 2021-ci ilin sonuna qədər. Avqustun əvvəlində orda olacam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çox istəyərdim. Amma koronavirus hamımızı dayanmağa məcbur etdi. Sentyabrın 5-də Millətlər Liqasının C divizionunda ilk oyunumuzu Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Cənubi Kipr və Monteneqro da var".
De Byazi açıqlamasında Bakı haqqda da danışıb. O, paytaxtın çox gözəl şəhər olduğunu və bir neçə dəfə bura gəldiyini vurğulayıb: "Buranın gözəlliyi məni səssiz qoyub. Şəhər böyük, hərəkətli və dinamikdi. 2 milyon əhalisi var və Xəzər dənizinin sahilində yerləşir. Bakıda orta əsr divarları arasında gəzərkən gözəllik tapa bilərsiz, bu, həqiqətən cazibədardı".
İtaliyalı mütəxəssis müqaviləsində əks olunan şərtə əsasən çox vaxt Bakıda olacağını söyləyib: "Albaniyada olduğu kimi edə bilmərəm. Tiranadan İtaliyaya çox asanlıqla yollanırdım. Bakı ilə bağlı isə vəziyyət daha mürəkkəbdi. İstanbula, ordan da Bakıya getmək lazımdı".
Çalışdırıcı sonda yığmanın qarşısına qoyulan hədəflərdən söz açıb: "AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu isə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına aparan yoldu. Çətin olacağını bilirik, amma əlimizdən gələni etməyə çalışacağıq".
Özü ilə iki italyan da gətirir
İtaliya mətbuatının yaydığı xəbərə görə, Benni Karbone və Klaudio Beluççi yığmada Arif Əsədovla birgə De Byazinin köməkçiləri olacaqlar. Karbone son olaraq 2017/18 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/19) olub. O artıq Azərbaycan millisində köməkçi məşqçi olacağını “Sky Sports”a açıqlamasında təsdiqləyib: “Onsuz da De Byazi ilə bir il işləmişəm, indi hərəkətə keçmək və çalışmaq vaxtıdı. Bu, bizim üçün bir fürsətdi”.
RƏŞAD

De Byazinin məşqçi karyerası
mövsüm klub liqa yer
1992/93 Pro Vasto C2 6
1993/94 Karpi C1 11
1994/95 Karpi C1 12
1995/96 Karpi C1 9
1996/97 Kozentsa B 17
1997/98 SPAL C2 1
1998/99 SPAL C1 7
noyabr 1999 Modena C1 11
2000/01 Modena C1 1
2001/02 Modena B 2
2002/03 Modena A 13
2003/04 Breşiya A 11
2004/05 Breşiya A istefaya göndərilib
2005/06 Torino B 3
2006/07 Torino A 16
oktyabr 2007 Levante A istefa verib
aprel 2008 Torino A istefaya göndərilib
2008/09 Torino A istefaya göndərilib
2009/10 Udineze A istefa verib
dekabr 2011 – iyun 2017 Albaniya yığması
sentyabr-noyabr 2017 Alaves A istefaya göndərilib

Yeri gəlmişkən...
Albaniya prezidenti İlir Meta Canni De Byazini yığmamıza baş məşqçi təyin olunması münasibətilə təbrik edib. "Feysbuk" hesabında italyan mütəxəssislə fotosunu paylaşan ölkə başçısı ona uğurlar arzulayıb: "Canni De Byazinin sayəsində Azərbaycanla yeni əlaqələrimiz olacaq. Bu təyinata görə sevindim və ona çoxlu uğur arzulamaqdan məmnunam. Bizim üçün dəyərli olan De Byazini heç vaxt unutmarıq".

Maraqlıdı...
Ağahüseyn Əzizov “Futbol+”in Xaçmazda yaşayan dostlarındandı. Qəzetimiz yenicə işıq üzü görən vaxtlarda bizlə əməkdaşlıq edib. Həvəskarların yarışlarında özünü hakim kimi də sınayıb. Hazırda Xaçmaz rayon Gənclər və İdman İdarəsində işləyən Ağahüseyn bəyin bir özəliiyi də şair təbiətli olmasıdı. Canni De Byazinin yığmamızın “sükanı arxasına” keçməsi onu necə ilhamlandırıbsa, hisslərini nəzmə çəkib.
Narahatam De Byazidən
Görən varmı xəbəri
Tale yazan yazıdan...
Yurçeviçin taleyin
Yaşamasın gərək o,
Ən azı Robert qədər
Bizə lazım, gərək o
Canni əgər can-başla
Rəhbər olsa millimizə,
Gətirdiyimiz üçün onu
Döymərik biz dizimizə
Elə bir yer qazandır ki
bizə,
Sonda sənə deyə bilək:
“Can sənə qurban, Canni!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR