Sizin reklam burada

“Keşlə” Şamaxıya 11 günlük gedir

Baxış Sayı:524


“Qırmızılar” iyulun 20-də yoldaşlıq görüşü keçirəcək
Ölkəmizi Avroliqada təmsil edəcək komandalardan biri olan “Keşlə” hazırlıq mərhələsinə başlamaq ərəfəsindədi. Paytaxt təmsilçisinin üzvləri iyulun 12-nə qədər koronavirus testi verəcək. Cavablar bəlli olandan sonra, yəni ayın 13-də isə kollektiv Bakını Şamaxıya dəyişəcək. Səfərə yollanacaq heyətin dəqiq sayı bilinməsə də, 30-35 nəfər olacağı dəqiqdi.
Ötən mövsümün bürünc mükafatçısı Şamaxıdakı Olimpiya Kompleksində məskunlaşacaq. Klubun mətbuat katibi Murad Axundovdan Mirzə Ələkbər Sabirin yurdundakı şərait və planlar haqda bilgi aldıq: “Şamaxıdakı hazırlıq prosesi iyulun 13-dən 24-nə qədər nəzərdə tutulub. Bu müddət ərzində bir sınaq matçı keçirməyi planlaşdırırıq ki, oyunun iyulun 20-də baş tutacağı gözlənilir. Rəqib isə Qəbələdə hazırlıq keçən avrokubok təmsilçilərimizdən biri olacaq. Çox güman, bu oyun üçün Qəbələyə yollanacağıq. Komanda ilk mərhələni başa vurub ayın 25-də Bakıya qayıdacaq. Toplanışın ikinci mərhələsi üçün məkan Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-nə qədər verəcəyi qərardan asılı olacaq. Açığı, ikinci mərhələni Bakıda keçmək istəyirik. Lakin bunun üçün icazə olmalıdı. O ki qaldı Şamaxıdakı şəraitə, mükəmməl vəziyyətdə olan süni örtük komandanın ixtiyarında olacaq. Kollektiv tam tərkibdə kompleksin nəzdindəki bazada məskunlaşacaq. Çox güman, kotteclər ixtiyarımıza veriləcək. Yəni şərait, məskunlaşma və qidalanma baxımından hansısa problemin olacağını düşünmürük. Şamaxıda hazırlıq keçmək üçün normal şərait var”.
Əsas suallardan biri də legionerlərlə bağlıdı. Mövsüm başa çatandan bəri “Keşlə” heyətini yerli futbolçularla gücləndirməkdə davam edir. Lakin əcnəbi məsələsində ortaya müəyyən suallar çıxır. Yeni gələcək futbolçular, həmçinin klubu tərk edənlər və müqavilə müddəti davam edənlərin gediş-gəlişi problemə çevrilib. Axundov bu məsələnin klub rəhbərliyinin diqqətində olduğunu söylədi: “Bildiyiniz kimi, Stanislav Namaşko martdan bu yana Moldovada idi, gələ bilmirdi. Uzun sürən danışıqlardan sonra Azərbaycana gəlişinə nail olduq. Digər legionerlər – Con Kamara, Şahrux Qadoyev, Miyuşko Boyoviç, Aleksandr Kristovao, Sezar Meza Kolli – hamısı burdadı. Ola bilər, Sezar Paraqvaya yollansın. Lakin bu hələ dəqiq deyil. Klub rəhbərliyi onun gediş-gəlişi üçün mümkün reysləri və yolları götür-qoy edir. Əsas onun necə qayıdacağıdı. Bu suala cavab tapılsa, bir neçə günlük gedib-qayıdacaq. Müqaviləsi yenilənməyən Lorenso Frutosla Franko Floresin vətənlərinə yola salınması üçün müəyyən addımlar atılır. Hər iki futbolçu bu həftənin sonuna qədər Bakını tərk edə biləcəklər”.
Murad bəy Meza Kolli haqda elə danışır, sanki futbolçunun “Keşlə” ilə icarə müqaviləsinin müddəti başa çatmayıb. Olmaya yeni anlaşma əldə olunub, xəbərimiz yoxdu? Klubun sözçüsünə qulaq asaq: “Bu yöndə danışıqlar davam etdirilir. Lakin bu günə qədər yekun nəticə hasil olmayıb. Əsas olan Sezarın “Keşlə”də qalmaq istəyidi. Fikrimcə, başqa məsələlər qısa zamanda həllini tapacaq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR