Sizin reklam burada

Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram”

Baxış Sayı:576

Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram”
Nikola Yurçeviçlə müqavilənin yenilənməməsindən sonra yığma hələ də başsız qalmaqdadı. Artıq ilin ikinci yarısına qədəm qoymuşuq, lakin hələ də millini kimin çalışdıracağı bilinmir. Halbuki sentyabrın 5-də ölkənin bir nömrəli futbol komandası doğma azarkeşlər önündə Lüksemburqu qəbul edib, 3 gün sonra səfərdə Cənubi Kiprin qonağı olacaq.
Koronavirus olmasaydı, bəlkə də indiyə qədər yeni mütəxəssisin kimliyi bilinəcəkdi. Sadəcə, pandemiyanın yaratdığı qeyri-müəyyənlik AFFA-nın planlarını pozdu, danışıqların dayanmasına səbəb oldu. Lakin bundan sonra itiriləcək vaxt yoxdu. Hər keçən saniyə ölkə futbolunun, dəqiq desək, yığmanın ziyanına işləyəcək. Baş məşqçinin adı açıqlanmalıdı ki, adam işinə başlasın, gələcəklə bağlı planlarını qursun.Görünür, AFFA rəhbərliyi də gecikmənin fərqindədi. Hər halda, dünən assosiasiyanın saytında yerləşdirilən məlumat belə düşünməyə əsas verir.
Xəbərlə tanış olun: “İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 15.00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
* Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
* Digər məsələlər”.
Bu dəqiqə hər kəsi maraqlandıran əsas sual baş məşqçinin kimliyi yox, əcnəbi, yoxsa yerli olacağıdı. Legioner mütəxəssislərin illərdi başımıza açdığı oyunlar göz qabağındadı. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç – 11 il yığmaya rəhbərlik edən bu adların heç biri onu yeni səviyyəyə yüksəldə bilmədi. Ara-sıra təsadüfi qələbələrə sevinsək də, turnir cədvəlindəki yekun nəticə bir-birindən kəskin fərqlənmirdi.
Maraqlıdı, sabah hansı namizədlərin müzakirəsi aparılacaq? İcraiyyə Komitəsinin üzvləri yerli, yoxsa əcnəbi mütəxəssisin tərəfdarıdı? “Digər məsələlər”də söhbət konkret nədən gedir? AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun fikirlərini öyrəndik: “Bəli, İcraiyyə Komitəsinin iclasından xəbərdaram. Bu barədə hər birimizə məlumat verilib. Lakin hazırkı durumda namizədlərin kimliyindən xəbərsizəm. Qarşıda 2 gün vaxt var. Yəqin ki, o vaxta qədər kimliklərini bilərik. Şəxsi fikrimi bilmək istəyirsizsə, namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram. Çünki özümüzdə də bacarıqlı mütəxəssislər var. O ki qaldı digər məsələlərin nədən ibarət olduğuna, bu haqda videokonfrans zamanı biləcəyik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR