Sizin reklam burada

Ruslanla “Keşlə” arasında qırğın davam edir

Baxış Sayı:503


Şap elə bilir şupdadı, şup elə bilir...
“Keşlə” sabiq futbolçusu Ruslan Qurbanovla yollarını ayırsa da, görünən odu ki, yarımmüdafiəçi ilə klub arasında pul davası davam edir. Bir müddət öncə 29 yaşlı oyunçu qəzetimizə açıqlamasında “qırmızılar”ın ona borclu olduğunu dilə gətirib, haqq etdiyi paranı ala bilmədiyini demişdi. Həmin pul isə komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə Ruslana çatmalı olan mükafatdı. Səbəbkar hətta həmin vəsaitə sahib çıxa bilmədiyi üçün Rusiyaya yaxınlarının yanına yollana bilmədiyini açıq şəkildə bildirmişdi. Üstəlik, belə davam edəcəyi halda öncə AFFA-ya, daha sonra FİFA-ya şikayət edəcəyini də gizlətməmişdi.
Ötən sayımızda məsələ ilə bağlı klubun mövqeyini öyrənmişdik. “Keşlə”nin mətbuat katibi Murad Axundov Qurbanova borclu olmadıqlarını, öhdəlikləri yerinə yetirdiklərini bildirməklə yanaşı, bir gün sonra ətraflı məlumat verə biləcəyini söyləmişdi. Odu ki, Axundovu dünən bir daha aradıq: “Klub rəhbərliyinin də bu haqda fikrini soruşdum. Vəziyyət dediyim kimidi, Ruslan Qurbanov qarşısında bütün öhdəliklər yerinə yetirilib. “Keşlə”nin futbolçuya heç bir borcu yoxdu. Ruslana çatmalı olan pul artıq ona çatıb. Bu isə iddiaların əsassız olması deməkdi”.
Klub rəsmisindən aldığımız cavabdan sonra Ruslanla əlaqə saxlamağı lazım bildik. Hər halda, futbolçunun tələbi boşuna ola bilməz. Ruslan ümumi cümlələrlə yox, faktla danışdı: “Kimin nə dediyini bilmirəm. Bildiyim odu ki, komanda 3-cü yeri tutduğuna görə “Keşlə”nin mənə borcu var. Müqavilə bağlayanda 1-ci, 2-ci və 3-cü yer üçün mükafatlar nəzərdə tutulmuşdu. Klubdan mənə qələbələrə görə mükafat verilib. O başqadı, bu başqa. Müqavilə sənədinin 4-cü, ya da 5-ci səhifəsindəki bəndləri oxusalar, nədən söz açdığımı bilərlər. Dediyim kimi, AFFA-ya müraciət edəcəm, çünki başqa yol yoxdu”.
Göründüyü kimi, tərəflər özlərini haqlı bilir. Ruslan konkret sənədlə danışırsa, “Keşlə” futbolçuya borclu olmadığını deyir. Bu yerdə “Evləri köndələn yar” tamaşasındakı deyim yada düşür: “şap elə bilir şupdadı, şup elə bilir şapdadı”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR