UEFA nümayəndələri “ASK Arena”nı təftiş etməlidi
Çempionat başa çatdı, avrokubok iştirakçıları müəyyənləşdi, bircə qalır heyətləri komplektləşdirib normal hazırlıq keçmək. Lakin o qədər də diqqəti çəkməyən başqa məsələlər də var ki, həlli olduqca vacibdi. Onlardan biri də stadion mövzusudu.
Yəni təmsilçilərimizin rəqiblərini qəbul edəcəyi stadionların adları. Əslində sualın cavabı məlumdu. “Qarabağ”la “Neftçi” özlərinə doğma olan arenaların xidmətindən yararlanacaqsa, “Sumqayıt”ın “Kapital Bank Arena”dan istifadə edəcəyi haqda ictimaiyyətə məlumat verilib. Əsas sual “Keşlə” ilə bağlıdı. Bu komandanın ev oyunlarını keçirdiyi “ASK Arena”nın qazonu yenilənəndən sonra UEFA nümayəndələri örtüyü təftiş etməyib, orda hansısa beynəlxalq oyun keçirilməyib. Ona görə də bu barədə düşünəndə ortaya müəyyən suallar çıxır. Əslində “Kapital Bank Arena” ilə bağlı da qaranlıq məqam var. Deyək ki, qazon əlverişli vəziyyətdədi, tribunalarda da nöqsan yoxdu. Bəs Sumqayıtdakı stadion UEFA-nın digər tələblərinə cavab verə bilirmi? Suallara cavab tapmaq üçün klublardakı həmkarlarımızı aradıq.
Nurlan İbrahimov, “Qarabağ”: “Dəyişən heç nə yoxdu. Əvvəlki illərdə olduğu kimi, bu il də əsas stadion kimi Tofiq Bəhramov adına Respublika stadionunu sifariş edəcəyik. “Fors-major” hal yaşanacağı halda isə “Dalğa Arena”nın xidmətindən yararlana bilərik”.
Rüstəm Allahverdiyev, “Neftçi”: “Bildiyiniz kimi, avrokubok görüşlərimizi çempionat matçlarında olduğu kimi, “Bakcell Arena”da keçiririk. Bu il də adı çəkilən arenanı sifariş etmişik. Allah eləməmiş, hansısa xoşagəlməz hal yaşansa, səbəbi göstərib, başqa stadionu göstərə bilərik. Hələ ki yalnız “Bakcell Arena”nı sifariş etmişik”.
Murad Axundov, “Keşlə”: “Stadion məsələsi hələ ki açıq qalır. Belə deyim, UEFA-ya siyahı göndərməmişik, stadion sifariş etməmişik. Əlbəttə, ev oyunlarımızı komandamıza doğma olan “ASK Arena”da keçirmək niyyətindəyik. Lakin bunun üçün arena təftiş olunmalı, beynəlxalq oyunlar üçün qərar verilməlidi. Hələ ki gözləyirik”.
Rəşad Məmmədov, “Sumqayıt”: “Kapital Bank Arena”nı Avroliqanın ilk iki təsnifat mərhələsi üçün sifariş etmişik. Allahın izni ilə iki mərhələni adlaya bilsək, üçüncü mərhələ üçün “Dalğa Arena”nın xidmətindən yararlanacağıq. O ki qaldı stadiondakı şəraitə, açığı, bununla bağlı özümüzdə də müəyyən şübhə var idi. Çünki indiyə qədər beynəlxalq oyun çərçivəsində hansısa rəqibi Sumqayıtda qonaq etməmişik. Lakin bir müddət öncə U-21 yığmamızın İsveçrə və Lixtenşteyni “Kapital Bank Arena”da qəbul etməsi şübhələri aradan qaldırdı. Həmin oyunlardan öncə UEFA nümayəndələri stadionu təftiş edib, razı qaldıqlarını demişdilər. Çatışmazlıqlar həmin oyunlara qədər aradan qaldırılmışdı. Ona görə də hansısa problemin olacağını düşünmürəm”.
HƏBİB