Azərbaycan martdan bəri futbola həsrətdi və qeyri-adi nəsə baş verməsə, artıq gələn ay komandaları iş başında, yəni avrokubok oyunlarında görəcəyik. Əlbəttə, bu müddətdə bir neçə yoldaşlıq oyunu keçirilib. Ad elə hər şeyi deyir: yoldaşlıq oyunu hansısa komandanın gücünü qiymətləndirmək baxımından meyar ola bilməz.
Klubların gələcəyi ilə bağlı qeyri-müəyyənliyə bir qədər aydınlıq gəldisə, yığmanın taleyi hələ də bilinmir. Son oyunu ötən ilin noyabrında Trnavada Slovakiyaya qarşı keçirən, dekabrda isə Nikola Yurçeviçlə vidalaşan komanda hələ də başsızdı. Ötən aylar ərzində zaman-zaman bu məsələ gündəmə otursa da, ayrı-ayrı şəxslərin namizədliyi müzakirə mövzusu olsa da, gerçəklik budu ki, yığma uzun müddətdi baş məşqçisiz qalıb. Martdan bəri koronavirus probleminin futbolla bağlı bütün planları əngəllədiyini nəzərə alsaq, burda qeyri-adi nəsə yoxdu. Əslində AFFA-nın namizəd siyahısı çoxdan bəllidi. Əldə olan son informasiya budu ki, AFFA-nın favoritləri Canni De Byazi ilə Roy Kindi. Müəyyən pul fərqi ilə hər ikisi yığmamızı çalışdırmağa, Bakıda yaşamağa belə razıdılar. AFFA İcraiyyə Komitəsinin sabaha planlaşdırılan videkonfrans formatında iclasının gündəliyində dayanan əsas məsələ də budu: Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi.
AFFA-nın bu məsələyə, nəhayət, aydınlıq gətirmək istəyi təbiidi: axı yeni baş məşqçi komanda ilə tanış olmalı, Millətlər Liqasının sentyabrda keçiriləcək oyunlarına hazırlıq başlamalıdı. Yerli mütəxəssisə üstünlük veriləcəyi halda Arif Əsədov variantının üzərində dayanacaqları şübhə doğurmur. Hər nə qədər yığmanın baş məşqçi postunu tutmağa imkan verən xarizmaya sahib olmasa da, adam yetərli məşqçi təcrübəsinə malikdi, son ilyarımda da yığmanın məşqçilər korpusunda olub. Yığmanın böyük turnir vəzifələrinin həllinə çalışmayacağını göz önünə gətirəndə bəlkə də elə Əsədov seçimi yerinə düşər.
Elə həmin turnir vəzifələrinin miqyası bir başqa məqam ətrafında mülahizələrimizə də işıq saçır. Tutaq ki, De Byazi və ya Kin bu vəzifəni tutmağa razılıq verdi. Bəs bu seçim bizə nə qazandıracaq?
Prinsipcə heç nə! Bizim yığmanın əsas problemi “material”ın olmamasıdı. Ölkənin indiki futbolçu resursu – karyerasını burda davam etdirənlər və legioner həyatı yaşayanlar böyük hədəflər uğrunda oynamağa imkan vermir. Çempionatın səviyyəsi get-gedə aşağı düşür və bu tendensiyanın növbəti mövsüm də davam edəcəyindən şübhələnməyə dəyməz. Koronavirusun ölkə iqtisadiyyatına təsiri elə səviyyəyə çatıb ki, növbəti mövsümü 8 komanda ilə başlayıb-bitirmək belə qəhrəmanlıq olacaq. Yeni, daha güclü futbolçu nəslinin yetişəcəyi ilə bağlı hansısa münbit zəmin yoxdu. U-21-in və başqa aşağı yaş qrupu yığmalarının nəticələri, hansı hədəflər uğrunda oynadıqları bəllidi.
Bütün bu məqamlar üzündən 5 sentyabr – 17 noyabr aralığını əhatə edəcək Millətlər Liqasının oyunları üçün De Byazi, Kin səviyyəsində əcnəbi baş məşqçini korpusu ilə birgə gətirib, milyonlar ödəməyə dəyməz. Berti Foqtsun 7 ilə yaxın davam edən ağalıq dövrü, Robert Prosineçki və Nikola Yurçeviç ilə bağlı eksperimentlər ən azı müəyyən müddətə əcnəbi sevdasından əl çəkməyin zəruriliyini göstərdi. Yığmanın oyununda texniki, taktika ilə bağlı hansısa elementi təkmilləşdirməyə xidmət edən milyonluq eksperimentlərə yalnız ağılsız adamlar əl ata bilər. Ağıllı adamlar isə yerli məşqçilərdən birini seçib, yeni komanda quruculuğu ilə bağlı eksperimentləri ona tapşırar. Qoy səhv etsin, bir neçə ayı və oyunu boşa versin, amma ən azı bu eksperimentlərin AFFA-nın (oxu: dövlətin) büdcəsinə ucuz başa gələcəyindən arxayın olacağıq. Kəsəsi, AFFA İcraiyyə Komitəsinin sabahkı iclasının əsas mövzusu yığmanın yeni baş məşqçisinin təsdiqlənməsidisə, dolayısı ilə futbol ictimaiyyətini düşündürən əsas sual da budu: ağıl, yoxsa əcnəbi sevgisi qalib gələcək?