Sizin reklam burada

Prosineçkinin uğur formulu

Baxış Sayı:555


Mahmud Qurbanov: “Ən böyük özəlliyi komandanı psixoloji cəhətdən yüksək səviyyədə hazırlamaqdı”
2014-17-ci illər aralığında yığmanın “sükanı arxasında” olan Robert Prosineçkinin məşqçilik karyerasını hazırda Türkiyədə davam etdirdiyindən xəbəriniz var. Azərbaycan millisindən ayrılandan sonra 2018-19-da Bosniya və Hersoqovina yığmasını çalışdıran xorvat mütəxəssis ötən il dekabrın 31-də bir vaxtlar, daha dəqiq desək, 2012-13-ci illərdə baş məşqçisi olduğu “Kayserispor”la müqavilə bağladı.
Qış fasiləsinə sonuncu pillədə yollanan Kayseri təmsilçisinin rəhbərliyi komandanı superliqada saxlamaq üçün çalışdırıcı axtarışına çıxmışdı. Rəsmilərin Bülənt Uyğunun son pilləyə yuvarladığı kollektivə yeni ab-hava gətirmək iqtidarında olan mütəxəssisin axtarışı uzun çəkmədi. Camiəyə tanış olan, “Kayserispor”da iş təcrübəsinə malik Prosineçki ictimaiyyətə təqdim olundu.
Uyğunun rəhbərliyi altında qış fasiləsinə kimi “sarı-qırmızılar” meydana çıxıdığı 17 matçda cəmi 10 xal toplamağı bacarmışdı. Və bunun da nəticəsi kimi 18 komandanın çıxış etdiyi superliqada sonuncu pillədə qərarlaşmışdı. 2019-cu ilin son günündə “Kayserispor”la müqavilə bağlayan Azərbaycan yığmasının sabiq çalışdırıcısı mediaya ilk açıqlamasında “sarı-qırmızılar”ı elitada saxlayacağına söz verəndə, qardaş ölkənin futbol camiəsinin böyük hissəsi bunu pafoslu çıxış kimi qəbul etdi. Mətbuatda gedən yazılarda, telekanllarda yayınlanan futbol proqramlarında Prosineçkiyə inamsızlığı hiss etməmək mümkün deyildi. Lakin 51 yaşlı mütəxəssis az qala mümkünsüzü gerçəkləşdirməyə yaxındı. Kayseri klubu onun rəhbərliyi altında 13 oyunda hesabına 21 xal yazdırmağı bacarıb. Hazırda kayserililər 31 xalla 14-cü pillədə qərarlaşıblar. Komanda 25 turdan sonra ilk dəfə “düşmə zonası”ndan uzaqlaşıb. Superliqanın başa çatmasına hələ 4 tur var və “sarı-qırmızılar” ən yaxın izləyicilərindən 2 xal öndədi. Bu üzdən təhlükənin tam sovuşduğunu əminliklə demək olmaz. Ancaq türk həmkarlarımızın yazdıqlarına əsaslansaq, “Kayserispor” bu gün yaxşı formadadı və elitada yerini qorumağı bacaracaq ki, bu da Prosineçkinin dekabrın 31-də verdiyi sözü tutması anlamına gəlir.
Bu fakt bir daha göstərir ki, xorvaxtiyalı çalışdırıcının Azərbaycan yığmasının tarixinə ən uğurlu əcnəbi məşqçilərdən biri kimi düşməsi heç də təsadüfi olmayıb. “Barselona”nın, “Real”ın sabiq futbolçusu məşqçi kimi çalışdığı yerlərdə yüksək performans göstərməyi bacarır, işi və bacarığı ilə diqqətləri özünə cəlb edir. Bəs Prosineçkinin uğurunun sirri nədədi? Bəzi məşqçilər taktiki cəhətdən güclü olur, bəziləri psixoloji baxımdan komandanı yaxşı hazırlaya bilir, bəzilərində isə yüksək nəticə əldə etmək üçün lazım olan bütün keyfiyyətlər cəmləşir. Prosineçki nə ilə seçilir?
Bu suala cavab tapmaq üçün vaxtilə yığmada onun köməkçilərindən biri olan Mahmud Qurbanovla danışmağı lazım bildik: “Çox maraqlı məqama toxunduz. 3 il Prosineçki və onun hazırda “Kayserispor”da köməkçiləri olan məşqçilərlə bir yerdə çalışmışıq. Bu gün də onlarla əlaqəm var, tez-tez mesajlaşırıq. Bu səbəbdən mən də “Kayserispor”un superliqada çıxışını yaxından izləyirəm. Xorvat mütəxəssisin ən böyük özəlliyi psixoloji cəhətdən komandanı yüksək səviyyədə hazırlamaqdı. O yığmada çalışanda hər toplanışda düşərgəyə dəvət olunan futbolçularla fərdi söhbətlər edir, oyunçuda özünəinam formalaşdırırdı. O həmişə çalışırdı ki, kollektivdə yüksək ab-hava olsun. Açığı, bunu da bacarırdı. “Kayserispor” 25-ci turda “Kasımpaşa”ya 1:5 hesabı ilə yenildikdəın sonra çoxları düşündü ki, belə ağır məğlubiyyət kayserililəri çökdürəcək, komanda özünə gələ bilməyəcək. Ancaq tam fərqli mənzərə gördük. Prosineçkinin yetirmələri sonrakı 5 matçdan dördündə qalib gəlib, yalnız səfərdə “Fənərbaxça”ya uduzdu. Həmin məğlubiyyəti də təsadüf hesab edirəm. Çünki 85-ci dəqiqəyə qədər “sarı-qırmızılar” 1:0 öndə idilər. Meydan sahibləri 86 və 87-də vurduqları qollarla 3 xala sevindilər. Bu bir daha onu göstərir ki, Prosineçki əla motivatordu. Mənə elə gəlir, böyük ölçüdə “Kayserispor” bu mövsüm superliqada yerini qoruyacaq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR