Sizin reklam burada

Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı

Baxış Sayı:554


Vurğun Hüseynov: “Günahı bizdə görüb, futbolçuları qınayacaqlar”
Avrokuboklarda iştirak edəcək komandaların məşqlərə başlamasına icazə verilməsi qitəmiqyaslı tunirə yollanacaq “4-lüy”ün rəsmilərini, baş məşqçilərini sevindirməyə bilməz. Onu da qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ”ın, eləcə də ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt”, “Keşlə” və “Neftçi”nin qarşısına şərt qoyulub ki, toplanışı xüsusi karantin rejimi tətbiq olunmayan bölgələrin birində keçirsinlər. “Köhlən atlar”la “ağ-qaralar”ın hazırlıq üçün Qəbələyə, “Keşlə”nin Şamaxıya üz tutacağı bəllidi. Yalnız “Sumqayıt”ın qitəmiqyaslı turnirə harda hazırlaşacağı hələ ki məlum deyil. Ancaq klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, “kimyaçılar”ın da məskəni böyük ehtimalla qədim Qəbələ torpağı olacaq: “Hələ ki bu suala dəqiq cavab vermək mümkün deyil. Ancaq böyük ehtimalla “Sumqayıt” da toplanış üçün Qəbələyə yollanacaq. Komanda yəqin ki, bu ayın 15-də bir araya gələcək. Ona qədər isə, daha dəqiq desəm, gələn həftənin birinci, ikinci günü futbolçulardan koronavirus testi götürüləcək”.
“Gənclik şəhəri”nin təmsilçisinin kapitanı Vurğun Hüseynov da avrokubok iştirakçılarının məşqlərə başlamasına icazə verilməsini müsbət hal kimi dəyərləndirdi: “Neçə vaxtdı qulağımız səsdə, gözümüz yolda idi. Hamı belə icazənin veriləcəyindən danışsa da, bir səs-soraq yox idi. Nəhayət, bu gün hamımızı sevindirəcək xəbər yayıldı. Məncə, beynəlxalq arenada ilk dəfə iştirak edəcək komanda kimi hazırlığa tez başlamaq ən çox “Sumqayıt”a lazımdı. Debütümüzün uğurlu alınması üçün Avropa Liqasına tam hazır yollanmalıyıq. Sabah Allah etməmiş ilk mərhələdəcə böyük hesabla məğlub olub, fiaskoya uğrasaq, heç kim toplanışa gec başlamağımızı, normal hazırlıq keçməməyimizi nəzərə almayacaq. Hamı – azarkeşlər, futbol ictimaiyyəti və ən nəhayət, media nümayəndələri günahı bizdə görəcək, futbolçuları qınayacaqlar. Onsuz da “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması bəziləri tərəfindən heç də birmənalı qarşılanmamışdı. Odu ki, bugünkü xəbər bizi çox sevindirdi”.
Üç komandanın hazırlıq üçün Qəbələyə üz tutması ortaya başqa bir sual çıxarır. Qədim Alban dövlətinin paytaxtı eyni anda üç klubun uzunmüddətli toplanış keçməsinə hazırdımı? Meydanların durumu, otellərdəki vəziyyət haqda ətraflı məlumat almaq üçün “Qəbələ”nin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq: “Klublardan “Qarabağ”, “Sumqayıt” və “Neftçi” toplanış keçmək məqsədi ilə artıq bizimlə əlaqə saxlayıblar. Bazamızda 6 təbii örtüklü meydan hazırda ideal durumdadı və hər üç komandanın məşq etməsi yolunda heç bir problem yoxdu. Komandaların hansı otellərdə qalacağına gəlincə, seçim imkanı geniş olduğundan hələ ki bu məsələ dəqiqləşməyib. Bu yöndə danışıqlar davam edir. Bunu dəqiqləşdirmək üçün klubların özləri ilə danışsaz, daha yaxşı olar. Bizim işimiz onları meydanla təmin etməkdi ki, bu yöndə də heç bir problemlə üzləşməyəcəklər. İnanırıq ki, toplanış üçün Qəbələyə gələcək avrokubok təmsilçilərimiz onlara yaradılacaq şəraitdən tam razı qalacaqlar və yüksək səviyyədə toplanış keçəcəklər”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR