“Barsa”nın prezidenti Messi boyda dünya ulduzunun maaşını azaldır, adamın səsi çıxmır, “Real”ın oyunçuları öz aralarında razılaşırlar ki, çempionluğu qazanacaqları halda onlar üçün nəzərdə tutulan mükafatdan imtina edəcəklər, “Samtredia” azərbaycanlı yarımmüdafiəçisi Nicat Qurbanov qarışıq butün futbolçuların üçaylıq maaşının 50 faizini tutur, heç kim klub rəhbərinə “qaşın üstə gözün var” demir, əksinə, koronavirusa görə verilən qərarı elə belə olmalıymış kimi qarşılayır. İş Azərbaycana gələndə isə vəziyyət dəyişir, futbolçular özünü seçilmiş adam hesab edərək, pullarını qəpiyinə qədər almaq yolunu tuturlar. Bu müddətdə mən yalnız “Qəbələ” futbolçularının maaşının bir hissəsindən imtina etdiyini eşitdim. Amma əvəzində “Neftçi”nin kapitanı Emin Mahmudovdan başlayaraq onlarla futbolçuya bu yöndə sual verildi və biri də demədi ki, mən belə güzəştə hazıram, ellə gələn bəladı, qoy bu bəlanın fəsadını biz də hiss edək.
Görəsən, futbolçuları özünü bütün xalqdan yuxarıda tutmağa, eqosundan, pulundan nəciblik yox, kobudluq vasitəsi kimi yararlanmağa, “bizim klublar hansı ziyana düşüblər ki, bizdən də pul tutsunlar” deməyə məcbur edən hiss nədi? Kimsə “avropalılar bizdən çox qazanır, onlar güzəştə gedə bilər” deməsin. Çünki bu çox primitiv yanaşmadı. Çox qazanırlarsa, çox da vergi ödəyirlər, Avropadakı qiymətlər də burdakından dəfələrlə yüksəkdi. Orta futbolçu ömrü hər yerdə eynidi. Ona qalsa, bizimkilər kütləvi şəkildə yaşlarını iki-üç il saxtalaşdırır, deməli, həm də daha artıq müddətdə “vitrində olurlar”.
Bilirsizmi, əsas fərq nədədi? Təhsildə, səviyyədə, şəxsiyyət olmaq bacarığında! Futbolçu olan avropalı təhsilə əlavə yük kimi baxmır, bir gün futboldan ayrı qalacağını düşünərək, oxumağa da lazımi diqqət ayırır, hansısa ixtisas üzrə təhsil alır. Bizim veteranlara və indi futbol oynayanlara – biri elə Rövşən Əhmədov - fikir verin, hamısı ağlayır, kateqoriyası olan da, olmayan da işsizliyə görə nalə çəkir, adi bir kareqoriyaya görə rayonun bütün imkanlı adamlarını, millət vəkillərini elçi salırlar. Şəxsi qənaətim belədi ki, insan hansı xarakteri daşıyırsa, meydanda da onu ortaya qoyur. Yəni savadlı adam toyda da, yaşıl meydanda da, ailə içində də o savadını göstərəcək. Savadlı futbolçu daha mükəmməl ötürmə verəcək, meydanda daha doğru qərar verəcək. Təəssüf ki, Azərbaycan futbolunda belələrinin sayı bir əlin barmaqlarından artıq deyil.
Mənə qalsa, futbolumuzdakı şəxsiyyətlərin sırası da iki əlin barmaqlarından artıq deyil. Vaxtilə “Neftçi”yə rəhbərlik edən, daim üzdə olan, ən aşağısı 100-150 min manatlıq müqavilə bağlayan məşqçi kartofun qiyməti 10 qəpik qalxanda bazada ətrafındakılara deyirmiş ki, qırılıb-batacağıq, necə dolanacağıq? Ya da başqa nümunə deyim. Ölkənin ictimai-siyasi həyatında gündə bu qədər hadisə olur. Hansısa futbol adamından obyektiv təhlil-tənqid eşitmisizmi, kiminsə ictimai təşəbbüslərin bayraqdarı olduğunu görübsüzmü? Görməyibsiz və heç vaxt da görməyəcəksiz! Çünki bu məmləkətdə münasibətlər sistemi, futbol adamlarının söykəndiyi dəyərlər başqadı. Onlara elə gəlir ki, imkan daxilində çox, özü də tez qazanmalıdılar. Ki, başqalarına qalmasın, pulu əllərindən alan olmasın. Lap tutaq ki, millət koronavirusdan əziyyət çəkir, işsizi, dərmana, yeməyə pul tapmayanı var – mənə nə? Lap tutaq ki, avrokuboklarda oynayacaq komandaları, yox, məsələn, “Zirə”ni seçirəm ki, özümü Avropaya göstərmək əvəzinə daha çox qazanım – ay Allahın jurnalisti, sənə nə?
Beləcə həyat davam edir, bu cür düşünən futbolçu nəslini eyni təfəkkürün daşıyısıcı olan başqası əvəz edir, biz deyinirik, azarkeş deyinir, futbol adamlarının isə halına təfavüt etmir. Messi Messidi, “Real” “Real”dı, Nicatın maaşından 50 faiz tutan gürcülər də gürcülər... Bəs axı biz kimik? Acgözlər?!
ORXAN