Elxan Məmmədovun iki ayağını bir başmağa dirəməsi ilə deyil ki...
Sentyabrda start götürəcək Millətlər Liqasının oyunlarına qədər yığmanın baş məşqçisinin adı açıqlanmalıdı. Ötən ilin sonunda Nikola Yurçeviç tutduğu postdan ayrılandan sonra yığma yarım ildən çoxdu başsız qalıb. Əslində məsələ indiyə qədər həllini tapmalıydı. Koronavirusun həyatımızı iflic etməsi ilə AFFA-nın baş məşqçi axtarışları və təyinatı yubandı.
Lakin nə olur-olsun, uzağı sentyabra qədər bu sualın cavabı tapılmalıdı. Yeni gələcək mütəxəssisin komandasını yoldaşlıq görüşlərində iş başında görmək imkanı olmasa da, ən azı sərəncamındakı futbolçuları tanımalı, toplanışda nəyə qadir olduqlarını görməlidi. İctimaiyyət hər nə qədər yerli mütəxəssisin tərəfdarı olsa da, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun mövzu ilə bağlı açıqlamasında əcnəbi mütəxəssislərdən birini işarə verməsi diqqətləri yenidən ölkə kənarına yönəldib.
Belələrindən biri isə Roy Kindi. “Mançester Yunayted”in və İrlandiya yığmasının sabiq futbolçusu olmuş məşhur Kin. Artıq “The Sun”dan olan ingilis həmkarlarımız adı çəkilən mütəxəssisin AFFA ilə danışıqlara başladığını və Azərbaycan millisini çalışdırmağa yaxın olduğunu yazıb.
Xarici ölkə mətbuatında yazılanlara inansaq, assosiasiya Kinə illik 650 min avro məvacib təklif edir. Bizim pula çevirəndə təxminən 1 milyon 300 min manat. Belə deyək, aşağı-yuxarı Robert Prosineçki ilə Nikola Yurçeviçə verilən qədər. İş burasındadı ki, irlandiyalı mütəxəssis daim Azərbaycanda qalmaq istəmir. Yalnız yığmanın oyunları və toplanışlar zamanı ölkəmizə gələ biləcəyini deyən Kin bununla da bizimkilərin ürəyinə dərd salıb.
Ötən saylarımızın birində AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın bu məsələ ilə bağlı fikirlərinə yer vermişdik. Qurumun sözçüsü namizədlər sırasında Roy Kinin olduğunu qeyd etsə də, pandemiya ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyətə görə müqavilə şərtlərinin tam dəqiqləşdirilməsinin mümkünsüz olduğunu bildirmişdi. Həmin açıqlamanın üstündən bir həftəyə yaxın vaxt ötdüyündən Firuz bəyi yenidən aradıq. Aldığımız cavab ötəndəfəkinin eynisi oldu: “Ölkəmizdə pandemiya ilə bağlı yaranmış karantin rejiminə görə namizədlərlə danışıqlar hələ ki dondurulub. Sonra necə olacaq – bunu deyə bilmərəm. Bu günə olan durumu sizə dedim”.
Görünən odu ki, yığmanın gələcək baş məşqçisi ilə bağlı “yuxarı”dan qərar verilməyib. Təbii, Elşad Nəsirov, Rauf Əliyev və Elxan Məmmədov yenidən hansısa gəlmənin xidmətində maraqlıdılar. Lakin AFFA-ya maliyyə ayıran şəxslər baş məşqçi mövzusunda konkret məbləğ açıqlamadığından qeyri-müəyyən vəziyyət yaranıb. Bu isə o deməkdi ki, yığmanı yerli mütəxəssislərdən birinin çalışdırması yetərincə inandırıcıdı. Hər halda, ölkə büdcəsindəki mövcud durum xaricilərə milyonlar “yedirtməyə” imkan vermir. Elxan Məmmədovun iki ayağını bir başmağa dirəməsi ilə deyil ki...
HƏBİB