Sizin reklam burada

Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər

Baxış Sayı:830


Nofəl Əzizov: “Referi əlində qayçı olan həkimin onun üstünə gəldiyini görüb qaçmağa başladı”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə, istər-istəməz ötən günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illər “Kəpəz”in funksionerlərindən olan Nofəl Əzizovdu. Son olaraq Gəncə təmsilçisinin baş meneceri vəzifəsində çalışan (məşhur MTN - Mehman, Tahir, Nofəl “üçlüy”ü...) Nofəl bəyin ötən illərlə bağlı xatirələrini eşitmək çox maraqlıdı.
“Onu elə orda suya salıb boğardın”
Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədov hakim-inspektor kimi “Kəpəz”in hansısa oyununa təyinat almışdı. Matçdan bir gün öncə Xaqani müəllim mənə zəng edib, “indiyədək Göygöldə olmamışam. Çox istərdim ora gedim. İmkan varsa, bir yerdə ora baş çəkək” deyib, arzusunu bildirdi. “Heç bir problem yoxdu” deyib ertəsi onu qarşıladım. Klubun mətbuat katibi Azad Mustafayevlə birlikdə Məmmədovu arzusunda olduğu Göygölə apardıq. Xaqani müəllim Azərbaycanın ən gəzməli-görməli yeri ilə tanış oldu, geri qayıdarkən Hacıkənddəki restoranların birində oturub çörək yedik. Xaqani müəllimin Gəncəyə səfərindən sonra bizim oyunlarımıza təyinat alan hakimlərin mənimlə soyuq görüşdüklərini hiss etdim. Bir tur, iki tur, üç tur – gördüm münasibət dəyişmir ki dəyişmir. Nəhayət, özümü saxlaya bilmədim, növbəti ev oyunmuza təyinat alan hakimdən də eyni münasibət görəndə, bunun səbəbini soruşdum. Məlum oldu ki, Məmmədov Bakıya dönəndən sonra onu Göygölə apardığımı hamıya danışıb. Mənə qarşı soyuq münasibətin nədən qaynaqlandığını soruşduğum hakim nə desə, yaxşıdı? İnanmayacaqsız, ancaq aramızda olan söhbəti olduğu kimi sizə deyirəm: “Xaqanini Göygölə aparmışdınsa, gərək onu elə orda suya salıb boğardın. O bizi boğaza yığıb. Bunu etmədiyinə görə ədalət təmsilçilərinin hamısı səndən narazıdı”. Əvvəlcə elə bildim, bu bir zarafatdı, Ancaq söhbət əsnasında mənə bildirdi ki, dedikləri tam ciddidi. Bu sözləri eşidəndən sonra bilmədim nə deyim... Bu günə kimi bir rəisin tabeliyində olan şəxslərin rəhbərinə bu qədər nifrət etdiyini görməmişdim.
“Axır ki, bunlar da komanda olduqlarını dərk etdilər”
SSRİ çempionatının 9-cu zonasında çıxış edən “Kəpəz” Ukraynanın Nikolayev şəhərinin təmsilçisi ilə səfərdə qarşılaşırdı. Saatların irəli-geri çəkilən vaxtı idi. Rəhmətlik Əhməd Ələsgərov da mənə tapşırıb ki, uşaqlar səhər saat 9-da gimnastikaya çıxmalıdılar. Mən də səhvə yol verərək axşamdan saatımı düzəltməmişəm. Bir də onda ayıldım ki, deyilən vaxt ötüb, birtəhər komanda üzvlərini oyadıb, meydana çıxardım. Ələsgərovun da qanı qaradı. Bundan əvvəlki oyunda da Odessada yerli “Çernomorets”ə 0:3 uduzmuşuq. Nikolayev təmsilçisi həmin vaxt Odessa komandasından qat-qat güclü idi. Adam o qədər əsəbi idi ki, komanda üzvlərinin səhər gimnastikasına bir saat gec çıxmasına bir söz demədi. Onun danışmaması məni lap dilxor edib. Özlüyümdə fikirləşirəm ki, qanunla baş məşqçi səhvimə görə məni danlamalı, əsəbi tonda nəsə deməli idi. Ələsgərovun sakit durub gimnastikanı müşahidə etməsi məni lap özümdən çıxarırdı. Həmin vaxt heç nə olmadı, Lətifoviç mən qarışıq heç kimə heç nə demədi. Axşam artıq oyun başlayıb. Neçə illər futbol sahəsində çalışmışam. O qarşılaşma kimi gərgin görüş yadıma gəlmir. Həmin oyunu 3:2 hesabı ilə qazandıq. Matçın son dəqiqələrində rəhmətlik İlham Qəmbərovu ( ləqəbi “Torpedo”) vurdular və alnı partladı. Həmin oyundan da canlı yayın təşkil olunmuşdu. Təsəvvür edin, qan fontan vurur, hamı təlaş içindədi. Oyun isə davam edir. Rəhmətlik həkimin yanında olmasına baxmayaraq, özünü saxlaya bilmədi, üzünü meydanda olanlara tutaraq, “hansısa odessalının dediklərinə qulaq asmayın, bildiyiniz kimi oynayın” qışqırdı. Bir anlıq şoka düşdüm, fikirləşdim ki, Ələsgərov İlhama ağır sözlər deyəcək. Ancaq Əhməd müəllim heç əhvalını pozmadı, əksinə, İlhamın sözlərinə gülərək “axır ki, bunlar da komanda olduqlarını dərk etdilər” deyib, məmnun halda ehtiyat oyunçular skamyasındakı yerində oturdu.
“Sağ əlimdə tutduğum bu qayçını sol əlimə götürüb sənə soxacam”
SSRİ çempionatı vaxtında Taqanroqda yerli komanda ilə qarşılaşırdıq. Həmin vaxt bizdə Skala soyadlı qardaşlar oynayırdı. O vaxt komandanın adı “Dinamo” idi. Elə oldu ki, oyunda dava düşdü, bu qardaşlar dalaşmağa başladılar. Bizim Sədrəddin həkim də heç kimin gözləmədiyi halda əlinə qayçını götürüb meydana girdi və hakimin üstünə getdi. Referi əlində qayçı olan həkimin onun üstünə yeridiyini görüb qaçmağa başladı. Tribunada olan azarkeşlər, hər iki klubun rəsmiləri şokdadı, hamı qaçdı-tutdunun nə ilə yekunlaşacağını gözləyir. Meydan sahiblərinin azarkeşlərinin bəziləri də həkimin hərəkətini alqışlayır, fit çalıb ona dəstək olduqlarını nümayiş etdirirlər. Hamımız yerimizdə donub, Sədrəddinin nə edəcəyini gözləyirik. Nəhayət, hakim yorulub dayandı, Sədrəddin də onu yaxaladı. Ani olaraq bütün stadion, hər iki komandanın rəsmiləri, arenada olan milis əməkdaşları çaışıb qaldılar. Bir nəfər kimi hamı qaçdı-qovdunun nə ilə yekunlaşacağını gözlədi. Sədrəddin nə etsə, yaxşıdı? Hakimə çatıb Azərbaycan dilində “bir də belə səhv etsən, sağ əlimdə tutduğum bu qayçını sol əlimə götürüb sənə soxacam” söylədi. Təbii ki, nə hakim, nə də azarkeşlər onun dediklərini başa düşdülər. Ancaq biz ani şokdan sonra onun dediklərini eşidincə, gülməkdən özümüzü saxlaya bilmədik.
“Konfet kağızı”na verilən oyun…
Bir dəfə “Kəpəz”in bərkgedən vaxtlarında zəif komandalardan birini Gəncədə qəbul edirik. Güclər nisbətini nəzərə alanda qonaqlara rahat 5-6 top vuracağımızı bilirik. Ancaq baş məqşçimiz Mehman Allahverdiyev futbolçulara risk etməməyi, “1:0 olsun, bizim olsun” tapşırığını verib. İlk dəqiqələrdən oyun üstünlüyünə yiyələnib, rəqib komandanın cərimə meydançasında otursaq da, top qapıya girmirdi ki girmirdi. Vəziyyət o həddə çatmışdı ki, sonuncu müdafiəçi mövqeyində oynayan futbolçumuz da meydanın mərkəzini keçib, hücuma dəstək verirdi. İlk yarı qolsuz bitdi. Fasilədən sonra da ssenari dəyişmədi. Yenə hücum edən tərəf olsaq da, top qapı xəttini keçmirdi. Qapıçı elə topları çıxarırdı ki, onu ancaq fantastik filmlərdə, məsələn, “şaolin futbolu”nda görmək mümkündü. Sona 15 dəqiqə qalmış artıq ehtiyatlanmağa başladıq. Tahir Əliyevlə birgə rəqib qapısının arxasına tərəf gedərək, arxa tərəfdən qapının içinə “konfet kağızı” tulladıq. 80 dəqiqə “əjdaha” təsiri bağışlayan, özünü “həlak edən” qokiper “kağızı” görən kimi, geriyə boylanıb “bu başqa məsələ, mən sizi fasilədə gözləyirdim” dedi. Bu dialoqun üstündən heç 3 dəqiqə keçməmiş Fazil Pərvərov təxminən 40 metrdən hesabı açdı. Həmin qolda Fazildən çox həmin qapıçının “xidməti” oldu.
“Adil fasilədə şirin çayla alma yeyirdi”
Futbolda çalışdığım illər ərzində ən çox məyus olduğum oyun səfərdə “Şəmkir”lə qarşılaşdığımız matç olub. Qonaq komanda kimi ev sahibləri görüşdən öncə bizim oyunçuları çaya qonaq etmişdilər. İlk hissədə artıq hiss olundu ki, futbolçularımız özlərinə bənzəmirlər, xüsusilə də yarımmüdafiə və müdafiə xətti çox zəif təsir bağışlayırdı. Fasilədə Adil Şükürov paltardəyişmə otağına özünü zorla çatdırdı. Onun kimi bir neçə futbolçu az qala yolda yatırdı. Təsəvvür edin, Adil fasilədə şirin çayla alma yeyirdi. O birilər, ümumiyyətlə, oturduqları yerdə yatırdı. Birtəhər uşaqları özünə gətirib meydana çıxardıq. İkinci hissədə də qapımızın toxunulmazlığını təmin edib, Şəmkirdən qolsuz heç-heçə ilə döndük. Ertəsi bildik ki, Vidadi Rzayev qardaşı və atası yanında olmasaymış, maşını dərədən aşağı yuvarladacaqmış. Sükan arxasında onu yuxu tutub. O vaxtlar 3 xal üçün belə yollara da əl atırdılar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR