Koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunduğu məlumdu. Bu üzdən bir çox iş yerləri fəaliyyətini tam dayandırıb, bəzi sahələrin işçiləri isə icazə sistemi ilə fəaliyyət göstərir. Dünən yayılan xəbərlərə görə, AFFA və PFL işçilərinin də icazəsi ləğv olunub və bu iki qurumun işçiləri fəaliyyət göstərə bilmir.
Məsələyə aydınlıq gətirmək üçün hər iki qurumun münasibətini öyrəndik. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bunun Nazirlər Kabinetinin qərarına uyğun olduğunu bildirdi: "Baş nazirin bununla bağlı imzaladığı sərəncamı var və idman sahəsi də icazəli göstərilən sahələrə aid deyil. Sərt karantin dövründə şəxsən mənim iş icazəm olmayıb. Bu baxımdan işçilərə icazənin verilməməsi normaldı".
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev reaksiyası da eyni oldu: "Təkcə PFL-ə deyil, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilməyən bütün sahələrə aiddi. Hələ ki futbol dayandığına görə futbol sahəsində çalışan hər kəsə şamil olunur".
AYGÜL