Sizin reklam burada

PFL təqvimin bir neçə variantı üzərində işləyir

Baxış Sayı:701


Bizdən fərqli Avropanın, demək olar ki, əksər ölkələrində çempionatlar davam edir. Pandemiya olmasına baxmayaraq, “köhnə qitə”nin “böyük beşlik” ölkələrindən Fransa istisna olmaqla, 4-də funksionerlər mövsümü kağız üzərində yox, idman prinsipləri əsasında başa çatdırmağı qarşılarına məqsəd qoyublar. Artıq Almaniyada “futbol ili” yekunlaşdı. İspaniya, İngilətərə, İtaliyada isə son nöqtəni qoymağa hələ bir neçə tur var. “İkinci eşelon” ölkələrindən Portuqaliyada da eyni vəziyyətdi.
Avropdakı funksionerlər 2019/20 mövsümünü başa vurmaqla yanaşı, artıq indidən 2020/21 “futbol ili”nin də təqvimini hazırlayıb yaxın günlərdə ictimaiyyətə təqdim edəcəklər. Bu yöndə İtaliya və Almaniyada artıq ilk cizgilər cızılıb. Təəssüf ki, eyni sözləri bizim premyer-liqa barədə söyləmək mümkün deyil. Ölkənin böyük şəhərlərində, eləcə də paytaxtda hələ də sərt karantin rejimi davam edir və nə vaxt başa çatacağını Operativ Qərargahda əyləşənlərdən başqa heç kim bilmir. Məhz belə qeyri-müəyyinlik PFL-in yeni mövsümlə bağlı təqvim tərtib etməsinə mane olur.
Qurumun texniki idman şöbəsinin rəhbəri Elgiz Abbasov bizimlə söhbətdə hələ ki təqvim haqda doğru-dürüst məlumat verə bilməyəcəyini söylədi: “Bir neçə gün öncə sosial şəbəkədə yeni mövsümün təqvimi ilə bağlı fikirlərimi bölüşmüşdüm. Bu mənim subyektiv fikrimdi və onu da PFL prezidenti Ramin Musayevə söyləmişəm. Düzdü, hazırda bir neçə varinat üzərində işləyirik və əlimizdə müəyyən qrafik var. Ancaq ölkədəki durumla bağlı indi nəsə söyləmək çətindi. İyulun 5-nə qədər səbr edib, hadisələrin hansı məcrada davam edəcəyini gözləməkdən başqa əlimizdən heç nə gəlmir. Karantinin başa çatıb-çatmayacağını biləndən sonra 2020/21 mövsümü üçün təqvimi hazırlamaq mümkündü”.
AFFA İcraiyyə Komitəsinin iyunun 18-də keçirilən son toplantısında COVİD-19 pandemiyası ilə bağlı çempionatın erkən başa çatdırılması haqda qərar qəbul edilməklə yanaşı, yeni mövsümün təşkili üçün İşçi Qrup yaradılmışdı: “2020/21 mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və millilərin təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın”. Yığmaların təlim-məşq toplanışının təşkilinin PFL-ə heç bir aidiyyatı olmasa da, ölkəxadili yarışların keçirilməsi məhz Ramin Musayevin nəzarəti altındadı. Bu üzdən İşçi Qrupda kimlərin təmsil olunduğunu PFL-in şöbə rəisi ilə söhbətdə aydınlaşdırmağa çalışdıq. Ancaq Elgiz bəy bu haqda ətraflı məlumat verə bilmədi: “İşçi Qrupun üzvlərinin kimlər olduğunu bilmirəm. Bu heç mənim səlahiyyətim çərçivəsində də deyil. Ona görə də bu sualınıza cavab verə bilməyəcəm”.
Yəqin ki, yaxın vaxtlarda həmin qrupun gözəgörünməz üzvlərini biz də tanıyacağıq və onların geridə qalan müddətdə hansı işləri gördüklərindən xəbərdar olacağıq. Hələ ki gözəgörünməzlərin nə adları ictimaiyyətə açıqlanır, nə də gördükləri işlər barədə məlumat verilir.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR