Sizin reklam burada

“Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi

Baxış Sayı:670


“Çalışacam ki, oyunumla onların əsəblərini sakitləşdirim, yenidən qəlblərinə yol tapım”
Çempionat başa çatandan sonra hələ ki yalnız futbolçu göndərməklə yadda qalan “Qarabağ” artıq güclənmə prosesinə start verməkdədi. Kevin Medinanın transferini büyük ölçüdə həll edən ağdamlılar sabiq futbolçusu Vild-Donald Gerye ilə də razılığa gəlib. Hər halda, dünən klubun “feysbuk” səhifəsində Haiti yığmasının üzvünün şəklinin paylaşılması başqa nəsə haqda düşünməyə əlyeri qoymur.
Əslində belə olacağı çoxdan bilinirdi. Gerye “Neftçi”dən ayrılan günün ertəsi qəzetimizə verdiyi müsahibədə “Qarabağ”ın onunla maraqlandığına işarə vurmuş, bu təklifə isti yanaşdığını gizlətməmişdi. Elə həmin vaxtdan solaxay müdafiəçinin qayıdışı gündəmdə idi. Bircə qalırdı klubun bu əməkdaşlıq haqda ictimaiyyətə məlumat verməsi. Düzdü, hələ müqavilənin detalları haqda heç nə deyilməyib. Amma bu gün-sabah məsələyə nöqtə qoyulacaq…
Əlbəttə, keçiddən Geryenin özü də məmnun qalmalıdı. Heyətində iki dəfə ölkə çempionu olduğu, Çempionlar Liqası və Avroliqa kimi mötəbər yarışlarda iştirak etdiyi komanda ilə növbəti uğurları arzulaması başadüşüləndi. Elə qəzetimizə verdiyi açıqlamadan da məmnunluq qoxusu gəlir: “İnanırsız, hisslərimi izah etmək olduqça çətindi. Çox məmnunam, özümü xoşbəxt hiss edirəm. Hisslərimi nümunə ilə izah edəcəm, onda məni yaxşı başa düşərsiz. Təsəvvür edin, uzun illər evinizdən, ailənizdən uzaq düşmüsüz. Deyək ki, Çində yaşayırsız və bir gün vətənə qayıdırsız. Həmin an özünüzü necə hiss edərsiz? Özümü yenidən evimdə, ailəmin, dostlarımın yanında görmək xoş olacaq. Başqa təkliflərimin olmasına baxmayaraq, yenidən “Qarabağ”ı seçdim”.
Ötən ilin bu vaxtı “Qarabağ”la pul davası edən və yekun nəticədə istəyinə çata bilməyən təcrübəli futbolçu sonda klubsuz qalmaq təhlükəsi ilə üzləşmişdi. İşsiz qalmamaq üçün son anda “Neftçi”yə üz tutmuştu. Karyerasını yenidən Azərbaycanda davam etdirsə belə, mevcud durumdan məmnun qalması mümkünsüz idi. O “Neftçi”nin heyətində çempionat oyunlarına hazırlaşanda ağdamlılar Avroliqanın qrupunda iştirak edir, premyer-liqada qələbələri sıralayırdı. Heç şübhəsiz, Gerye ötən günlərin peşmançılığını çəkir. Hər nə qədər özü bunu açıq şəkildə etiraf etməsə də: “İnsan həyatda ən yaxşının dalınca qaçır. Ötən yay bir sıra sərfəli təklif almıştım. Açığı, “Qarabağ”dan ayrılmaq istəmirdim. Sadəcə, şərtlərdə ortaq məxrəcə gələ bilmədim və düşündüm ki, başqa təklifləri dəyərləndirim. Nəticədə nə oldu? Klublardan birinə cavab verməkdə gecikdim, digər variant isə pul məsələsinə görə alınmadı. Türkiyə klubu idi və orda maliyyə problemlərinin olduğunu bilirdim. Artıq “transfer pəncərəsi”nin son günləri idi, hansısa klubla anlaşmalıydım. Menecerim “Neftçi”də oynamağı məsləhət gördü, mən də razılaşdım”.
Gerye “Neftçi”dən heç də digər həmkarları kimi ayrılmadı. Nə kluba təşəkkür etdi, nə də azarkeşlərə. Arxasını çevirib getdi. Təbii ki, onun bu addımı bakılı fanatların ürəyincə deyil. “Forza Neftçi”nin üzvləri sosial şəbəkələrdəki paylaşımlarda futbolçunu tənqid edir, oyunlar zamanı ona təzyiq göstərəcəklərini gizlətmirlər. Səbəbkar isə bu münasibətə layiq olmadığını deyir: “Bilirəm, azarkeşlərə münasibətdə düzgün davranmadım. Amma məndən asılı səbəb deyildi. Klub rəhbərliyi ilə aramda müəyyən narazılıq oldu, nəticədə bu mənə pis təsir etdi. Ona görə də azarkeşlərə təşəkkür edə bilmədim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Bilirəm, “Qarabağ”dan “Neftçi”yə keçdiyimə görə ağdamlı azarkeşlərin bəziləri də mənə qəzəblidi. Amma həyatda səhvsiz insan yoxdu. Hər birimiz səhv buraca-buraxa öyrənirik. Çalışacam ki, oyunumla onların əsəblərini sakitləşdirim, yenidən qəlblərinə yol tapım”.
HƏBIB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR