Sizin reklam burada

“Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir”

Title

Eyubovun növbəti dayanacağı “Zirə” olacaq
Mövsümlərarası fasilə “transfer bazarı”nın ən qızğın çağı sayılır. Məhz yay aylarında klublar transferlərə böyük pullar ayırır, axsayan mövqeləri gücləndirməyə çalışırlar. Elə futbolçular da əksər hallarda bu aralıqda özünə yeni klub axtarışına çıxır, daha yaxşı şərtlərlə yeni müqavilə başlamağa can atırlar. Belə oyunçulardan biri də Rəşad Eyubovdu. İki mövsüm “tələbələr”in şərəfini qoryan yarımmüdafiəçi artıq klubla yollarını ayırıb. Onunla söhbətdə ayrılığın səbəbini öyrənməyə çalışdıq. Bizi maraqlandıran başqa mövzular ətrafında da söhbətləşdik.
- Öncə “Sabah”dan ayrılmağının səbəbini bilmək istərdik.
- Hər şey çox sadədi. Müqaviləmin müddəti başa çatdı və bu qərara gəldik ki, klub dəyişməyim daha məqsədəuyğun olar. Bu futbolun bir hissəsidi. Futbolçu bu gün burda, sabah başqa yerdə ola bilər.
- Ayrılmaq qərarı səndən gəldi, yoxsa klub özü vidalaşmaq istədi?
- Elə alındı ki, bu məsələdə mənimlə klub rəhbərliyinin fikri üst-üstə düşdü. Belə deyək, qarşılıqlı razılıq əsasında vidalaşdıq.
- “Sabah”da olduğun müddətdə Elşad Əhmədov, qısa müddətdə Rövşən Babayev, İqor Ponomaryov və Jelko Sopiçin rəhbərliyi altında çıxış etmək şansın oldu. Hansı məşqçi ilə işləmək asan, hansı ilə çətin oldu və bu çətinlik nədən qaynaqlanırdı?
- Ponomaryovun dönəmində səhhətimdə yaşanan problemlər səbəbindən komandadan ayrı düşmək məcburiyyətində qalmışdım. Belə götürəndə, təbii ki, mənim üçün Elşad Əhmədovla çalışmaq daha asan idi. Elşad müəllim yaxşı mütəxəssisdi və bilirdim ki, o məndən meydanda nə tələb edir. Onun oyun fəlsəfəsi mənə daha yaxın idi. Sopiçlə isə işbirliyimiz alınmadı. Onun futbola baxışı tam fərqli idi. Sopiçin oyun modelində mənim kimi futbolçulara, demək olar ki, yer yoxdu. Mən topla çox rəftar etməyi xoşlayan, topa daha çox sahib olan komanda oyununun bir parçasıyam. Xorvat məşqçinin oyun fəlsəfəsi isə fərqlidi. O minimum riskə hesablanmış, daha çox uzun ötürmələrlə hücum qurmağı bacaran komanda yaratmaq istəyir. Demirəm ki, onun oyun modeli səhvdi, yanlış qərarlar verir. Sadəcə, bu mənim futbolum deyil.
- “Simurq”, “Kəpəz”, “Sumqayıt”, “Neftçi”, “Sabah”... bu yay siyahıya hansı klubun adı yazılacaq?
- Fikrimcə, maliyyə problemləri olmasaydı, bu günə kimi Zaqatala təmsilçisinin şərəfini qoruyurdum. “Simurq” mənə çox doğmadı və o komandada hər şey məni qane edirdi. Rayonu da çox bəyənirdim. Yəqin ki, növbəti dayanacaq “Zirə” olacaq. Bu günə kimi ancaq qəsəbə təmsilçisinin rəsmiləri ilə görüşüb söhbət etmişəm. İnşallah, yaxın günlərdə bütün suallara aydınlıq gələcək.
- Xidmətində maraqlı olan təkcə “Zirə”di, yoxsa başqa variantlar da var idi?
- İş ondadı ki, özümə də “Zirə”də oynamaq maraqlıdı. Başqaları ilə danışıq aparmağa nə həvəsim var, nə də istəyim.
- Birdən avrokuboklarda çıxış edəcək klublardan təklif aldın, onda necə olacaq? Yenə “yox” deyəcəksən?
- “Sumqayıt” və “Neftçi”də oynamışam. “Keşlə”dən isə heç kim mənimlə əlaqə saxlamayıb.
- “Zirə” hazırda baş məşqçisizdi. Tutaq ki, “qartallar”la müqavilə bağladın. Sabah komandanın “sükanı arxasına” elə mütəxəssis keçə bilər ki, onun planına daxil olmazsan. Məsələn, Sopiç kimi biri gələ bilər. Sənə elə gəlmir, baş məşqçisi müəyyənləşməyən komanda ilə müqavilə bağlamaq bir qədər riskli addımdı?
- Komandanın baş məşqçisiz qalacağını güman etmirəm (gülür). Bu klub rəhbərliyinin səlahiyyətinə daxil olan məsələdi. Rəsmilərlə söhbətdə məni əmin etdilər ki, yeni gələcək çalışdırıcı mənim sevdiyim və bacardığım oyun modelinə güvənəcək və mənə də onun komandasında yer tapılacaq.
- Belə çıxır ki, rəhbərlik artıq baş məşqçi məsələsini həll edib. Həmin mütəxəssis yerlidi, yoxsa əcnəbi?
- Bundan xəbərim yoxdu. Mənə çox da geniş məlumat verilməyib. Bildiklərimi sizinlə bölüşdüm. Bir də baş məşqçinin yerli və yaxud əcnəbi olmasının mənim üçün heç bir fərqi yoxdu. Əsas odu, yeni gələn çalışdırıcı komandaya qələbə ruhu aşılasın, nəticə qazana biləcək kollektiv yartsın, futbolçularla dil tapsın. Bir sözlə, kollektiv ona hörmət qoysun, o da futbolçulara.
- Son günlər mətbuatda “Zirə”nin yeni mövsüm üçün büdcəsinin azalacağı haqda xəbərlər dolaşır. Yazılanlara inansaq, qəsəbə təmsilçisi yeni mövsümdə daha çox yerli gənclərə bel bağlayacaq. Belə olan halda isə komandanın iddialı olacağını düşünmək yersiz olar. Bəs sən necə fikirləşirsən?
- Bizim çempionatda istənilən büdcə ilə qarşıya qoyulan məqsədə çatmaq mümkündü. Ortada “Sumqayıt” nümunəsi var. Yarımçıq dayandırılan mövsümdə onların büdcəsi “Sabah”dan qat-qat aşağı idi. Ancaq “Sumqayıt” Avropa Liqasına vəsiqə qazanmağı bacardı. Buna görə klubdakı dostlarımı, sumqayıtlı azarkeşləri təbrik edirəm.
- Odessa futbol məktəbinin yetirməsisən. Yəni Azərbaycanda yetişən futbolçulardan fərqli başqa mentallığa sahibsən. Bizimkilər legioner həyatı yaşamaqda maraqlı deyillər və kənarda olanda ailələri üçün darıxdığını bəhanə gətirərək, sərhədi aşmaq istəmirlər. Bə sənə ölkə xaricinə yollanmağa nə mane olur? Azərbaycan premyer-liqasında klub dəyişməkdən yorulmadın?
- Xaricə yollanmamağımın bir neçə səbəbi var. Birincisi, Avropanın ortabab klubları bizə o qədər də maraq göstərmir. Zəif çempionatlara getməyin isə mənası yoxdu. Yalandan üstünə legioner yarlığı yapışdırmaq xatirinə Makedoniyanın və ya Moldovanın ortabablarına üz tutmaqdansa, kareyarnı Azərbaycanda davam etdirmək daha məqsədəuyğundu. İkincisi, pasport məsələsini qeyd edərdim. Avropa İttifaqına daxil olan ölkələrin pasportlarına sahib olan futbolçular “transfer bazarı”nda bizdən bir yox, 10 addım öndədilər. Qeyd etdiklərim standart səbəblərdi. Ola bilsin, hərənin özünə görə başqa səbəbi də var ki, xaricə yollanmaq marağında deyil. Mənim legioner həyatı yaşamaq şansım var idi. Ancaq bu o deyildi. Yəni istədiyim, mənə maraqlı olan, ürəyimə yatan klub olmadığına görə təklifi geri çevirdim. Getmək xatirinə getmək istəmirəm.
- Ancaq nədənsə sadaladığın səbəblər gürcü və erməni futbolçular üçün keçərli deyil. Onların səsi Avropadan da gəlir, Rusiya və Qazaxıstandan da. Tutaq ki, Avropa İttifaqının üzvü olmadığımızdan bizim futbolçulara “köhnə qitə”nin klubları maraq göstərmirlər. Bəs bizimkilərin, lap elə sənin Rusiya, Ukraynaya yollanmağına nə mane olur? Etiraf et ki, istər Rusiya, istərsə də Ukrayna çempionatının səviyyəsi bizim premyer-liqadan üstündü...
- Burda məsələ çox sadədi. Yəqin bir idman jurnalisti kimi siz Rusiyada nə qədər gürcü və erməni agentin işlədiyini bilirsiz. Hətta onlar arasında klublara sponsorluq edənlərlə yanaşı, klub sahibi olanlar da var. İndi isə mənə deyin, görüm Rusiya, Ukrayna, Türkiyədə çalışan hansısa azərbaycanlı agent tanıyırsız? Hələ mən klub prezidenti və ya sponsor demirəm. Siz elə bilirsiz ki, gürcü və erməni futbolçular bizdən güclü və səviyyəlidilər? Xeyr, əsla belə deyil. Belə düşünürsüzsə, ya kimlərsə belə fikirləşirsə, səhvə yol verir. Futbol ancaq meydana çıxıb oynamaqdan ibarət deyil. Bu gün futbolun ətrafında o qədər proseslər gedir ki, onların hamısını danışmağa saatlar lazımdı. Ortada kimlərinsə marağı olanda hətta ən zəif oyunçunu belə güclü kluba sırımaq mümkündü. Necə ki, bunu edənlər var. Xüsusilə gürcülər bu işdə çox məharətlidilər.
- Bu yay ölkəmizi avrokuboklarda təmsil edən komandalardan nə gözləyirsən?
- Çox çətin olacaq. Bizim komandalar hazırda oyun tonusundan çox düşüblər. Zarafat deyil, martdan bu yana heç kim futbol oynamır. Karantin müddəti bir qədər də uzadılsa, durum daha faciəvi olacaq. Normal toplanış keçməyən, məşqlərdən uzaq düşən komandalardan nə gözləmək olar? Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir. Məni bədbin olmaqda ittiham etməyin. Bəziləri kimi yalandan deyə bilərəm ki, klublarımız qrup mərhələsinə düşəcək, hətta qrupdan çıxmaq şansımız da olacaq. Bunu deyib, niyə milləti özümə güldürüm. Real durum belə düşünməyə əsas verir.
- Son günlər Roy Kinin adı milli ilə yanaşı hallanır. İrlandiyalının yığmanı çalışdırmaq perspektivinə necə baxırsan?
- Roy Kini futbolçu kimi tanımışam, oyunlarını izləmişəm. Məşqçi kimi nəyə qadir olduğunu bilmədiyimdən, fikir bildirməkdə çətinlik çəkirəm. O əsl britaniyalıdısa və atletik oyuna üstünlük verib, bizim yığmadan da bunu tələb edəcəksə, uğur qazanması çətin olacaq. Bizim komanda, futbolçularımız fərqli oyuna alışıblar və qısa vaxtda onlardan britaniyalılar kimi oynamağı, onlar kimi düşünməyi tələb etmək qeyri-mümkündü.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.