Sizin reklam burada

1 manata nə düşür ki?!

Baxış Sayı:633


Replika
Sumqayıtlı azarkeşlərin doğma komandaları üçün adama 1 manat yığmaqla bağlı təşəbbüsü məni kövrəltdi. Dünəndən özümə gələ bilmirəm desəm, yalan olar. Özümdəyəm, amma nə gizlədim, məyus-məyus baxıram.
Sumqayıt stadionunda keçirilən hər oyuna maksimum 2 min azarkeş gəlir. Şəhərdə yaşayan, stadiona getməsə də, qəlbi futbolla döyünən əlavə 10 min adamın olduğunu da düşünək. Bu qədər adam hərəyə 1 manat versə, 12 min manat yığılır ki, bu da komandanın aparıcı oyunçularından birinin aylıq maaşıdı. Ona görə də bu nəcib təşəbbüsü irəli sürən, şəhərin adının Avropada tanınmasını istəyən sadə azarkeş bir qədər ətraflı düşünsə, daha yaxşı olar. “Sumqayıt”ın problemləri, baş məşqçiləri və müəyyən oyunçuları heyətdə saxlamaq zərurəti azarkeşlərin öhdəsindən gələ biləcəyi məsələ deyil. Daha doğrusu, bunlar 1 manatla qarşılanası problemlər deyil. Azərbaycanın elitasından yavaş-yavaş çəkilən bütün başqa böyük şəhərlər kimi, Sumqayıt da biganəlik sindromu yaşayır. Mingəçevir, Gəncə, Tovuz necə indi elita həsrəti ilə alışıb-yanırsa, xatirələrin işığında qovrulursa, bu gedişlə Sumqayıt üçün də eyni aqibət uzaqda deyil. Komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Bu günə qədər şəhərin tanınan ziyalılarının bu münasibətlə kollektivi təbrik etdiyini nə gördüm, nə eşitdim. Başqa vaxt futbol oyunlarının ayrılmaz atributuna çevrilən meyxanaçı qardaşlardan – İntiqamla Ehtiramdan da səs-soraq yoxdu. Hələ mən şəhərin İcra Hakimiyyətinə rəhbərlik edənləri və klubun əsas sponsori olan “Azərikimya”da oturanları demirəm. Vacib deyil ki, komandanı tam heyətlə qəbul etsinlər. Amma ən azı prezident, baş məşqçi və kapitan qarışıq 5-6 nəfərlik heyəti qəbul etmək, xeyir-dua vermək, Avroliqada uğur arzulamaq olardı. Əvəzində nə görürük? Sözün bütün mənalarında laqeydlik və biganəlik! Qəbul etmək bir yana, hətta “Azərikimya”nın klub üçün son mövsümdəki büdcəni belə təmin edə bilməyəcəyi yönündə söz-söhbət gəzir. Odu ki, azarkeşlərə maraqlı ideya vermək istəyirəm. Hərəyə 1 manatdan yığırsız, yaxşı edirsiz. Nə qədər pul yığa bilirsizsə, yığın. Amma həmin o yığacağınız pulu sonra bir qutuya yığıb İcra Hakimiyyətinə və ya “Azərikimya”ya aparın. Bəlkə o 1 manatlıqları görəndə bir qədər utanalar, komandanın probleminə diqqət ayıralar. Ya götürüb o pulu da ciblərinə qoyacaqlar, ya da üstünü düzəldib, klubun inkişafına ayıracaqlar. Hər iki halda xeyirxahlığa görə sizə alqış düşəcək. Odu ki, 1 manatları yığmaqda olun!
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR