Qeyri-müəyyənlik onların planlarını pozur
Mövsüm başa çatdı, medalçılar və avrokubok iştirakçıları müəyyənləşdi. Bundan sonra hamını düşündürən əsas məsələ ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək komandalarıın hazırlıq planıdı.
Elə bir durum yaranıb ki, klub rəhbərləri ilə baş məşqçilər də çarəsizdi. Ölkədə açıq havada məşqlərin keçilməsinə icazə verilmir, ölkə xaricinə yollanmaq isə müşkül məsələdi. Halbuki hər bir məşqçinin arzusu komandasını başqa ölkədə güclü rəqiblərlə yoldaşlıq görüşlərində iş başında görməkdi. Təəssüf ki, onların bu istəyi arzu olaraq ürəklərində qalacaq.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azərbaycan klublarının heç biri təlim-məşq toplanışı üçün ölkəni tərk etməyəcək. İlk növbədə dövlət buna qarşıdı. Çətin vəziyyətdə 30-40 nəfərlik kollektivin başqa ölkəyə yollanıb yenidən geri qayıtması məqsədəuyğun sayılmır. Digər maneə komandalardakı legionerlərdi. Məsələn, Türkiyəyə getmək üçün onlara viza açdırmaq lazım gəlir ki, bu gün bu məsələnin həlli də asan başa gəlmir. Daha bir problem isə qardaş ölkədəki səviyyəli sınaqçı-rəqiblərin azlığı, hətta yoxluğudu. Pandemiyaya görə Avropanın bir çox ölkələrinin təmsilçiləri Türkiyəyə getmək əvəzinə vətəndə qalmağı üstün tutur.
Bir sözlə, vəziyyət həddən artıq mürəkkəbdi. Artıq klub rəhbərləri və baş məşqçilər də mövcud durumla barışıb və mümkün şərtlər çərçivəsində planlarını qurublar. Həmin plan isə hazırlıq mərhələsini rayonlarda keçməkdi. Mənbəmizin məlumatına inansaq, avrokubok iştirakçılarından ikisinin Qəbələdə məskunlaşacağı böyük ölçüdə dəqiqləşib. Daha bir komandanın adı çəkilən rayona yollanmaq ehtimalı yox deyil. Hətta bu baş verməsə belə, otelə və təbii örtüyə sahib başqa rayonlardan birinə üz tutulacaq.
Xəbərin doğruluğuna şübhəmiz olmasa da, hər ehtimala qarşı klubların “ağzını aramaq” istədik. Bunun üçün onlara ideya verdik. İdeya nədən ibarətdi? Avrokubok iştirakçılarından üçü, yəni hazırlığa eyni vaxtda başlayacaq “avroliqaçılar” hərəsi müəyyən qədər pul qoyub çarter reysli təyyarə sifariş etsinlər. Təxminən 120-150 nəfərlik kollektiv həmin təyyarəyə doluşub Türkiyəyə yollansın və eyni xətt ilə geri qayıtsın. Çünki indiki durumda ən ağlabatan variant budu. Bunun üçün klub rəhbərlərinin də istəyi olmalıdı. Əlaqə saxladığımız klubların mətbuat katiblərinin məsələyə yanaşmaları az öncə verdiyimiz xəbərin doğruluğuna şübhə yeri qoymadı.
Rüstəm Allahverdiyev, “Neftçi”: “İnanırsız, bütün variantları sınaqdan keçirmişik. Ölkə xarici deyirsiz, hətta ölkə daxilində belə hazırlığa başlamaqla bağlı qeyri-müəyyənlik davam etməkdədi. Rəsmi olaraq iyulun 5-nə qədər sərt karantin rejimi tətbiq olunub, deyilənə görə, müddətin uzadılması müzakirə mövzusudu. Bu məsələ ilə bağlı AFFA ilə daim əlaqədəyik. Əsas istəyimiz aidiyyatı orqanlardan toplanışa başlamaqla bağlı icazə almaqdı. Bu baş tutmasa, xaricə yollanmaq ehtimalı ön plana çıxa bilər. Şengen vizası tələb olunan ölkələrə gedə bilmirik, pandemiyaya görə viza verilmir. Türkiyə variantına gəlincə, vəziyyətə uyğun hərəkət edəcəyik. Sponsorumuz Tükr Hava Yollarının kluba çarter reysi ayırmaq ehtimalı ola bilər, yaxud başqa nəsə. Bütün variantları götür-qoy edirik. Lakin yekun nəticə yoxdu. Hətta Türkiyəyə getməyin özü də asan başa gəlmir. Legionerləri bu ölkəyə aparmaq üçün viza alınmalıdı. Kifayət qədər problem var”.
Murad Axundov, “Keşlə”: “Bildiyniz kimi, ölkədə xüsusi karantin rejimi davam etməkdədi. Bu isə o deməkdi ki, məşq və idman oyunları ilə bağlı qadağa qüvvədə qalmaqdadı. Sərt karantin rejimi, heç şübhəsiz, komandaların hazırlıq planlarına da təsir göstərməkdədi. Hazırda mövcud vəziyyətə uyğun planlar qurulmaqdadı, işlər davam edir. Yaxın bir neçə gün ərzində hazırlıq planı haqda məlumat veriləcək. Ona görə də dediyiniz ideya ilə bağlı konkret fikir söyləyə bilməyəcəm”.
Rəşad Məmmədov, “Sumqayıt”: “Hamımız qeyri-müəyyənlik içindəyik. Sabah nə olacağını heç kim bilmir. Türkiyə variantı deyirsiz, lakin bunun mümkünlüyü də qeyri-müəyyəndi. Hətta təlim-məşq toplanışını harda keçəcəyimizi belə dəqiqləşdirməmişik. Gələcəkdə nə olacağını demək çətindi. Bir neçə gün gözləyək, yəqin ki, hansısa yenilik olar”.
Gördüyünüz kimi, klublar da qeyri-müəyyənlik içindədi. Odu ki, Türkiyəyə, yaxud başqa ölkəyə yollanmaq şansı yox dərəcəsindədi. Dediyimiz kimi, bölgələrə üz tutmaqdan başqa çıxış yolu yoxdu. Yalnız “Sumqayıt”ın Sumqayıtda qalıb hazırlaşmaq ehtimalı yüksək qiymətləndirilir.
HƏBİB