Onun yerinə üç namizəd var
Avrokuboklara vəsiqə qazana bilməyən “Zirə”də kütləvi dəyişikliklərin olacağı gözlənilsə də, Zaur Həşimovun “gəmi”ni hamıdan əvvəl tərk edəcəyi çoxlarının ağlına gəlməzdi.
Klubun rəsmi saytı srağagün gənc mütəxəssisin işindən ayrıldığını bəyan edib: “Klub rəhbərliyi ilə baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib. Görüş zamanı baş tutan oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər. “Zirə” Zaur Həşimova göstərdiyi xidmətə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır”.
Həşimovun konkret hansı səbəbdən göndərildiyini iddia etmək çətindi. Bəlkə də “bir çox başqa məsələlər” dedikləri futboldan və meydandan kənar mövzulardı. Belədə fikirlərin haçalanması normaldı. Yox, söhbət konkret nəticələrdən gedirsə, Zaur bəyə qapını göstərməyin məntiqi əsası yoxdu. Əvvəla ona görə ki, bu komandanı mövsümə Həşimov hazırlamamışdı. Mövsümün gedişində Samir Abasovun yerinə gəlmişdi ki, belədə ondan fantastik nəsə gözləmək yersiz olardı. Buna baxmayaraq, bacardığının ən yaxşısını etməyə çalışdı. Komandası ölkə kubokunun yarımfinalına yüksəldi, çempionatdakı xalları 3-cü pillədəki “Sumqayıt”la eyni idi. Mövsüm sona qədər davam etsəydi, zirəlilərin avrokuboklara qatılmaq şansı heç də az deyildi. Sadəcə, AFFA İcraiyyə Komitəsinin məlum qərarı hədəfə çatmağa imkan vermədi.
Yəni “qartallar” Həşimovun gəlişindən sonra heç də uğursuz təsir bağışlamırdı. Görünür, növbəti mövsüm üçün ayrılan büdcə ilə qarşıya qoyulan hədəf uzlaşmadığından tərəflər ortaq dil tapmaqda çətinlik çəkib. Deyilənə görə, başqa klublardakı kimi, “Zirə”də də növbəti mövsüm üçün nəzərdə tutulan büdcədə müəyyən azalma var. Bəlkə də maliyyə şərtləri əsas rol oynayıb. Əksidisə, buna izah tapmaq olmur. Son illər məşqçiləri əlcək kimi dəyişən qəsəbə təmsilçi poliqonu xatırladır. Klub rəhbərliyi konkret hansısa məşqçiyə 2-3 il vaxt vermir ki, adam istədiyini etsin, planlarını qursun. 3-5 ay işləməklə isə nəticə vermək müşkül məsələdi. Hər halda, başbilənlər gələcəkdə verəcəkləri qərarlarda bunu nəzərə alar.
Baş tutan görüş və verilən qərarla bağlı səbəbkarın fikirlərini öyrənmək maraqlı olardı. Təəssüf ki, Zaur Həşimov bir müddət danışmaq istəmədiyini söylədi. Elə “özünüz getdiz, yoxsa göndərdilər” sualı qarşısında da susdu.
Boş qalmış posta hansı mütəxəssisin gətiriləcəyi bir növ tapmacaya çevrilib. Namizədlər kifayət qədərdi. Sadəcə, sürpriz qərarları ilə fərqlənməyi sevən rəhbərliyin bu dəfə hansı seçim edəcəyini təxmin etmək çətindi. Böyük əksəriyyət Rəşad Sadıqovun adını çəkir. Lakin Sadıqovun “Zirə”də “bismillah” edəcəyi inandırıcı görünmür. Sabiq “14 nömrə” daha çox iddialı və köklü komandalarda, ya da yığmalarda işləməkdə maraqlıdı. Digər tərəfdən debütdə uğursuzluqla üzləşmək istəməz ki, “Zirə”də də onu belə aqibətin gözləməsi tam realdı.
“Zirə”nin premyer-liqadakı ilk mövsümündə komandaya rəhbərlik etmiş Adil Şükürov variantı istisna olunmur. Həmçinin hələ də “Sumqayıt”la yeni müqavilə bağlamayan Ayxan Abbasovun köhnə iş yerinə qayıtması da istisna deyil. “Səbail”dəki qeyri-müəyyənlik davam edəcəyi halda Aftandil Hacıyev də “qartallar”ın sıralarında peyda ola bilər. Hər halda, gözləyək...
HƏBİB