Sizin reklam burada

Dabo Azərbaycana təşəkkür etdi

Baxış Sayı:607


2016-cı ildən ölkəmizdə çıxış edən Baqali Dabo üçün Azərbaycandakı günləri başa çatmış hesab etmək olar. Onsuz da “Neftçi”ylə müqaviləsinin müddəti iyunun 30-da başa çatırdı. Lakin bundan bir neçə gün öncə “Qarabağ”ın formasıyla çəkdirdiyi şəklin xanımı tərəfindən sosial şəbəkədə paylaşılması klubla futbolçu arasındakı münasibətləri soyutdu. Dabo böyük məbləğdə cərimələndi, üstəlik, əsas komandadan uzaqlaşdırıldı. İyulun 1-də avtomatik azad agent statusuna sahib oldu.
Hava yolları açılan kimi Baqali Azərbaycanı tərk edəcək. Lakin ölkəmizdən ayrılmazdan əvvəl “instaqram”da paylaşım etməyi özünə borc bilib. “Qəbələ” və “Neftçi” formasındakı şəkilləri paylaşmaqla bu sözləri yazıb: “Çox sağ ol, Azərbaycan! Burda keçirdiyim və 4 il ərzində gördüyüm ən xoş anları heç vaxt unutmayacam. Hamıya ən yaxşısını arzulayıram. Bilirəm ki, Azərbaycan gələcəkdə kifayət qədər tanınacaq və məşhurlaşacaq. Bir daha təşəkkür edirəm”.
Fransız hücumçunun geridə qalan 4 ilə görə ölkəmizə təşəkkür etməsi birmənalı deyil. O burda təkcə yaxşı qazanc əldə etmədi. Həm də Avroliqanın qrup mərhələsində çıxış etmək imkanı yaxaladı, ölkə kubokunu başı üzərinə qaldırmağın nə demək olduğunu bildi. Dörd dəfə gümüş medalların sahibi oldu. İki dəfə ölkə çempionatının ən sərrast futbolçusu adına yiyələndi. Qısası, Azərbayacana qədərki 8 illik karyerasında əldə edə bilmədiyi, bəlkə bundan sonra da edə bilməyəcəyi uğurlara burda imza atdı.
Futbolçu bacarığı ilə “Qəbələ”ylə “Neftçi”yə kifayət qədər fayda versə də, insani keyfiyyətlərinə görə daim tənqid olunmaqla yadda qaldı. Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatanda ordakılara yeni anlaşma haqda söz verib “Neftçi”yə qaçmışdısa, “ağ-qaralar”ın şərəfini qoruduğu müddətdə bir neçə dəfə intizamsızlığı və tərbiyəsizliyi ilə diqqətləri üzərinə çəkdi. Futbolçu kimi yeri görünəcək, amma insan kimi yox!
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR