“Estoniya çempionatı Azərbaycan çempionatından ona görə üstündü ki…”
Heç kimə sirr deyil ki, hazırda legioner həyatı yaşayan futbolçularımızın sayı azdı. Əvvəlki illərdə də belə olub, indi də belədi. Azsaylı təmsilçilərimizdən biri də Nurlan Novruzovdu. Yadınızdadısa, 15 qolla 2014/15 mövsümünün bombardiri olmuşdu. Buna doğma, boya-başa çatdığı “Bakı”da nail olmuşdu. Sonradan “Sumqayıt”, “Zirə”, “Səbail”də top qovan 27 yaşlı futbolçu müxtəlif vaxtlarda Türkiyə və Moldovanın aşağı dəstə komandalarında da çıxış edib. Nəhayət, Nurlan bu il Estoniyaya üz tutdu, fevralın 21-də baxışdan uğurla keçərək “Narva Trans”la müqavilə bağladı. Bugünlərdə Estoniya çempionatında “Levadiya” ilə oyunda gözəl qol vurmaqla diqqətləri üzərinə çəkdi.
Yəqin ki, artıq həmsöhbətimizin Novruzov olacağını təxmin etdiz. Hazırda Estoniyada yaşamasına, klub bazasında qalmasına, məşqlərin çoxluğuna baxmayaraq, onunla söhbətləşə bildik. Nurlan onunla əlaqə saxladığımıza görə sevincini gizlətmədi.
- Salam, Nurlan, necəsən? Legioner həyatı necə gedir?
- Sizinlə danışmaq çox xoşdu (gülür). Təbii ki, Avropada oynamaq başqa bir şeydi.
- Fevralda “Narva Trans”a transfer olundun. Uyğunlaşa bilmisənmi?
- Bəli, artıq bu mərhələni keçmişəm. Uyğunlaşma baxımından hər şey qaydasındadı. Problem yoxdu.
- Estoniya çempionati Azərbaycan çempionatından nə ilə fərqlənir?
- Elə də böyük fərq yoxdu.
- Hansı çempionatda qol vurmaq daha çətindi?
- Bu bir az çətin sualdı. Fikrimcə, hər iki çempionatda qol vurmaq olar (gülür).
- 9 tur arxada qalıb, mövsümə neçə qol vurmağı hədəf qoymusan?
- İlk mövsüm olmasına baxmayaraq, düşünürəm ki, 10 qol vuracam. Çoxları məni hücumçu kimi bilir, amma mən ən son hücumçu kimi “Zirə” ilə qarşılaşmada oynamışam. Cinahlarda oynayıram, buna baxmayaraq, hər oyun rahatca qol imkanları yaxalayıram.
- Necə düşünürsən, uğurlu legioner həyati yaşayıb, adından söz etdirib yenidən yığmaya dəvət ala bilərsən?
- Millidə oynamaq hər bir futbolçunun arzusudu. Lakin burda yaxşı oynamaqda əsas məqsədim öncə odu ki, sabah Estoniyadan hansısa azərbaycanlı futbolçuya dəvət gələndə, təklifə soyuq yanaşmasınlar.
- Estoniyada qollar vurmaqla özünü kimlərə sübut etmək istəyirsən?
- Moldovada olanda da, elə Estoniyada da əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, bizim futbolçulara yol açılsın. Bu liqaların bizdən üstün tərəfi odu ki, çoxlu skautlar gəlir oyunlara. İzləyib futbolçuları daha yaxşı çempionatlara aparırlar. Bizim yerli uşaqların əksəriyyəti böyük liqalarda oynaya bilər, sadəcə, soyuq yanaşırlar, bu da acığıma gəlir.
- “Narva Trans” sənin üçün Avropaya, daha güclü çempionatlara üz tutmaq yolunda tramplin rolunu oynaya bilər?
- Estoniya çempionatı Azərbaycan çempionatından ona görə üstündü ki, burda skautlar çoxdu və hər oyunu izləyirlər. Düşünün, “Narva Trans” ötən il İtaliya A seriyasına futbolçu satıb. Həmin oyunçu hazırda SPAL-ın heyətində Ronaldo və İbrahimoviç kimi futbolçulara qarşı meydanda mübarizə aparır.
- Azərbaycanda özün oynamaq istəmədin?
- Azərbaycandan uzaqlaşmağı özüm istədim. Mənim üçün daha yaxşı olacağını düşündüm. Xaricdə oynamağın düzgün qərar olduğunu düşünürəm.
- Vaxtilə “Hammarbü”yə keçidin alınmadı, son anda nə baş verdi?
- “Bakı”dan sənədlərimi ala bilmədim. Həmin vaxt Türkiyə klublarından və bizim iddialı komandalardan da təklif almışdım, amma sənədlərimi “Bakı” rəhbərliyindən ala bilmədiyim üçün heç bir variant alınmadı. Hər işdə bir xeyir var.
- “Qarabağ” və “Neftçi” Estoniya liqasında çıxış etsə, neçənci yerləri tutar?
- “Qarabağ” və “Neftçi” Azərbaycan liqasının üstündə olan komandalardı. Burda ilk iki yeri tutarlar.
- Estoniyada iqlimə öyrəşməkdə çətinlik çəkmirsən?
- Demək olar ki, artıq ikinci aydı burda qaranlıq bir-iki saat olur. Hər gün səhərdi. İlk günlər yata bilmirdim, artıq öyrəşmişəm (gülür).
- Narvada kimlə qalırsan? Ailədən heç kim yoxdu?
- Tək qalıram. Komanda ev tutub, həmin evdə qalıram. Artıq neçə aydı hər kəsdən uzağam, bu da karyeramda ilk dəfədi. Həmişə 3 aydan bir gəlib Bakıda qala, qayıda bilirdim. Amma bu il Bakıya dekabrda gələ biləcəm.
- Azərbaycanda ən çox kimlər üçün darıxırsan?
- İlk növbədə ailəm, sonra dostlarım üçün. Dostlarımın əksəriyyəti futbolçulardı. Həqiqətən çox çətindi. Düşünün, 4-5 aydı heç kimi görə bilmirsən…
- Qida problemin yoxdu?
- Özüm bişirirəm yeməkləri. Artıq daha dadlı yeməklər hazırlaya bilirəm.
- “Levadiya” ilə oyundakı qolunu “feysbuk” səhifəndə yerləşdirmisən. Çox gözəl qoldu. Həmin matçda aldığın qırmızı vərəqə haqda nə deyə bilərsən?
- Qırmızı vərəqə şanssızlıqdan oldu, əslində cəriməni rəqib oyunçu etdi və hakim bizim xeyrimizə qərar vermişdi. Ayağıma zərbə endirdi, hər iki ayağım havaya qalxdı və rəqib oyunçu üstümə yıxıldı, ayağım ona dəydi. Amma baş hakim rəqibə zərbə vurduğumu düşünərək birbaşa “qırmızı” verdi. Vərəqədən sonra etiraz etməyə də ehtiyac yox idi. Çünki artıq vərəqə çıxmışdı. Yəqin ki, epizoda baxıb cəzayla bağlı qərar verərlər.
- Estoniyada birbaşa qırmızı vərəqənin cəzası neçə oyundu?
- İlk dəfədi deyə, mən də bilmirəm. Ümid edirəm ki, 2 oyun olar.
- Bas məşqçi oyundan sonra səninlə vərəqəylə bağlı təklikdə söhbət etdi?
- Bəli, qırmızı vərəqəyə görə haqlı olaraq iradlarını bildirdi. Eyni zamanda 39 dəqiqə meydanda ən yaxşı olduğumu dedi. Danladı ki, peşəkar futbolçusan, diqqətli olmalısan. Belə şeylər olur futbolda, amma həqiqətən də diqqətli olmalıyam. Bu qırmızı vərəqə karyeramda ilk oldu.
- Türk Cenk Özkanın ötən ay baş məşqçi vəzifəsindən getməsinə nə səbəb oldu?
- Nəticələr… Yaxşı oynayırdıq, amma komanda qələbə qazana bilmirdi.
- Yeni baş məşqçi Oleq Kuroçkinlə münasibətin necədi?
- Burda heç kimlə münasibətim pis deyil. Sadəcə, indi daha çox çalışmaq lazımdı ki, ilk “11-lik”də olasan.
- Növbəti oyun lider “Flora”ya qarşıdı. Nə düşünürsən?
- Komandamızı çətin səfər oyunu gözləyir, uğurlar arzulayıram. Bu oyunda iştirak edə bilmədiyim üçün çox məyusam. Martın 1-də superkubok matçında “Flora”ya qarşı oynamışdım.
- “Narva Trans” sonuncu pillədədi, elita ilə vidalaşsaz, qalacaqsan orda?
- Fikrimcə, elə bir şey olmayacaq. Hələ ilk dövrə bitib və qarşıda oyun çoxdu. İki qələbə qazansaq, orta pillələrə qədər irəliləmək şansı var.
- İyulun 4-də keçiriləcək kubokun final oyununda komandanın qələbə qazanmaq şansını necə qiymətləndirirsən?
- Bu dəqiqə əsas məqsəd “Flora” ilə həlledici oyunda qalib gəlib kuboku qazanmaqdı. Final elədi ki, 1 oyundan ibarətdi, yəni qələbə qazanmaq olar.
- Doğma klubun “Bakı”dan yəqin ki, xəbərin var. Klub dağılıb, bazası da sökülür… Kimlər bu işdə günahkardı?
- Bəli, xəbərim var, o şəkilləri görəndə çox üzüldüm. Futbola rəhəbərlik edənlərin hamısı günahkardı. Belə gözəl, hər cür şəraiti olan baza sökülürsə, bu çox acınacaqlı durumdu. Kaş ki AFFA-ya veriləydi, futbolumuza xidməti dayandırmayaydı. İndi kim bilir, orda nə tikəcəklər, yəqin ki, binalar tikilər. Əlbəttə, adamı yandırır, biz orda böyümüşük, futbolçu kimi yetişmişik. Hamımızın üzərində Hafiz müəllimin böyük haqqı var.
Sonda onu da əlavə edək ki, Nurlanın oyundaşlarından biri də ölkəmizdə çıxışı ilə tanınan Sadio Tounkaradı.
TAHİR MƏMMƏDOV