Sizin reklam burada

PFL rəsmiləri Tovuza getməyi düşünmür

Baxış Sayı:684


Yaxın günlərdə qalan medalçılar mükafatlandırılacaq
Erkən başa çatan birinci divizionun qalibinin “Turan Tovuz”, gümüş mükafatçının “Səbail-2”, “bürünc”ün sahibinin isə “Zaqatala” olduğundan xəbərdarsız. Ötən saylarımızın birində aşağı dəstədə çempionluğu bayram edən Tovuz təmsilçisinin harda və nə vaxt mükafatlandırılacağını da diqqətinizə çatdırmışdıq. Bir daha xatırladaq ki, PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov qəzetimizə açıqlamasında ölkədəki mövcud durumla bağlı “Turan Tovuz”un mükafatlandırılmasının Bakıda olacağını bildirmiş, bunun üçün klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevi, baş məşqçi İlham Yadullayevi və komandanın kapitanı Nodar Məmmədovu AFFA-ya dəvət edəcəklərini vurğulamışdı. Ancaq qərb təmsilçisinin Müşahidə Şurasının sədri PFL-in bu addımını heç də xoş qarşılamamışdı. Məsələ ilə bağlı “Futbol+”ə danışan Oqtay bəy bunları söyləmişdi: “PFL rəhbərliyi sərt karantin rejimi ilə bağlı Tovuza gedə bilmirsə, kapitan və ya başqa futbolçular necə gələ bilərlər? Paytaxtdan çıxış olmadığı kimi, Bakı qeydiyyatı olmayanları da Bakıya buraxmırlar. Son 4 ildə artıq ikinci dəfədi “Turan Tovuz” divizionun qalibi olur, ancaq heç birində premyer-liqaya yüksəlmir. Tovuzlu azarkeşlərin könlünü almaq üçün heç olmasa, PFL mükafatı Tovuzda, stadionda azarkeşlərin gözü qarşısında komandaya təqdim etsin. Bu çempion və onun azarkeşləri üçün heç olmasa, təsəlli olar”.
Dünən yenidən bu mövzuya toxunmağı lazım bildik. Görəsən, klub rəhbərliyinin narazılığına görə PFL rəsmiləri fikirlərindən daşınmayıblar ki? Bu suala aydınlıq gətirmək üçün qurumun texniki idman şöbəsinin rəisi Elgiz Abbasovu aradıq: “Oqtay müəllimə həm AFFA Veteranlar İttifaqının sədri, həm veteran futbolçu, həm də bir insan kimi böyük hörmətim var. Bir böyük kimi əslində onun söylədiklərini şərh etmək düz çıxmaz. Ancaq məsələ ilə bağlı bir xatırlatma verməyə məcburam. Bilirsiz ki, hazırda Azərbaycan ərazisində karantin rejimidi. 10 nəfərdən artıq yığışmaq qadağası hələ aradan götürülməyib. Xüsusi karantin rejimi olmayan bölgələrdə belə insanlara 10 nəfərdən artıq bir yerdə toplaşmağa icazə verilmir. Bununla bağlı dəfələrlə adamların cərimələndiyini görmüşük. Biz ilk növbədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməli və buna uyğun addım atmalıyıq. Mən hər zaman bildirmişəm ki, kollektivə mükafat harda qazanılıbsa, orda da təqdim olunmalıdı. Yəni komanda, futbolçu layiq görüldüyü mükafatı qapalı məkanda yox, stadionda, meydanda, dolu tribunalar qarşısında almalıdı. Dünya təcrübəsində də məhz belədi. İlin yekunları istisna, mükafatlandırma məhz stadionda keçirilir. Mən də istərdim “Turan Tovuz”, eləcə də mükafata sahib çıxan başqa komandalar məhz öz azarkeşlərinin gözü qarşısında medallarını boyunlarından assınlar. Əvvəlki illərdə PFL məhz belə etmişdi. Tovuzlular iki il öncə divizionun qalibi olanda mükafatlandırma mərasimi stadionda təşkil olunmuşdu. Heç kim düşünməsin ki, PFL rəhbərliyi özünə əziyyət verib Tovuza yollanmaq istəmir. Əksinə, futbol bölgəsi kimi o rayona, tovuzlu azarkeşlərə həmişə xüsusi hörmətlə yanaşılıb. Tovuz daim ölkə futboluna parlaq simalar bəxş edib və yenə də bu missiyanı yerinə yetirməkdə davam edir. Sadəcə, indi elə durum yaranıb ki, biz də mövcud vəziyyətə uyğun davranmalıyıq. Bu gün bizim Tovuza getmək imkanımız yoxdu. Reallıqla uzlaşan addımlar atmalıyıq. Əvvəlcədən də nəzərdə tutulduğu kimi, Müşahidə Şurasının sədrini, baş məşqçini və kapitanı bura dəvət edib medal və mükafatlarını təqdim etməyi düşünürük”.
Bildiyiniz kimi, istər premyer-liqa, istərsə də divizionun mükafatçılarından yalnız “Qarabağ” qızıl medallarına qovuşub. “Köhlən atlar”ın mükafatlandırılması iyunun 20-də “Azərsun Arena”da baş tutub. Bəs elitanın gümüş və bürünc medalçıları, o cümlədən divizionun çempionu , ikinci və üçüncü pillənin sahibləri mükafatlarına nə vaxt qovuşacaqlar? Elgiz bəy dəqiq tarix söyləməsə də, yaxın günləri nişan verdi: “İnşallah, yaxın günlərdə həm premyer-liqa, həm də aşağı dəstədə mükafatçılar sırasına düşən komandaların medallaları təqdim olunacaq. Bundan başqa, bombardirlərin də mükafatlandırılması gerçəkləşəcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR